Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:36

Əli Kərimlinin həbsindən ötrü yeni tələb irəli sürüldü


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsi tələbi ilə xüsusi ittiham qaydasında iddia qaldıran Aydın Əliyev məhkəməyə yeni şikayət verib. Öncə Ə.Kərimlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cəzalandırılmasını istəyən A.Əliyev bu dəfə şikayətinə CM-in 148-ci (təhqir) maddəsini də əlavə edib. O, iddiasına bu əlavəni avqustun 19-da Nəsimi rayon Məhkəməsində hakimə təqdim edib. Şikayətə əlavənin qəbuluna istər AXCP sədri, istərsə onun vəkili etirazını bildirib. Vəkil deyir ki, Cinayət Prosessual Məcəlləsində xüsusi ittiham qaydasında şikayətə əlavə vermək anlayışı yoxdur.

"Hər məhkəmə iclasına bir əlavə ilə gəlir. Əslində ötən dəfə hazırlıq iclasında verdiyi əlavə də qəbul edilə bilməzdi. Bu da qəbul olunmamalıdır", - vəkil Fəxrəddin Mehdiyevin sözləridir.

Məhkəmədə məlum olub ki, A.Əliyev özünə yeni vəkil və nümayəndə tutub. Di gəl, Elvin Əliyevin əlində etibarnamə olmadığından onun nümayəndə kimi prosesə buraxılması mümkün olmayıb. Ancaq bu halda da E.Əliyev məhkəmədə hüquqi məsələlərlə bağlı çıxış edib və bu çıxış Ə.Kərimli və vəkilinin etirazı ilə qarşılanıb.

"Bu siyasi prosesdir, o üzdən qanun pozuntularına göz yumulur"

"Aydın məsələdir ki, bu, siyasi prosesdir. Ona görə də qanun pozuntularına göz yumulur. Hər iclasda bir əlavə gətirir, qəbul edilir. Elan olundu ki, bu şəxs (Elvin Əliyev-red.) proses iştirakçısı deyil, amma hamıdan çox danışır. Hansı statusla danışdığı da məlum deyil", - Ə.Kərimli belə deyib.

AXCP sədri vurğulayıb ki, ona qarşı iddia əsassızdır, axı çıxışlarında nə A.Əliyevə böhtan atıb, nə də təhqir edib.

A.Əliyev 5 il öncə AXCP Rəyasət Heyətinin qərarı ilə partiyadan xaric olunub, sonradan məhkəmə onun partiyaya üzvlüyünün bərpası barədə qərar çıxarıb.

A.Əliyev şikayətində göstərib ki, Ə.Kərimli onlayn kanallardakı çıxışlarında onun haqqında danışarkən "AXCP-nin siyasi kursuna zidd hərəkətinə, hökumətlə əməkdaşlığa görə" partiyadan xaric edildiyini bildirib. Sonradan onun məhkəmə qaydasında zorla partiyaya bərpa olunduğunu deyib. A.Əliyev bu fikirləri özünə qarşı təhqir və böhtan sayır.

"Aydın Əliyev "hakimiyyətlə əməkdaşlıq edir" ifadəsini şərəf və ləyaqətin alçaldılması kimi qəbul edirsə, deməli, onun özü bu hakimiyyətlə əməkdaşlıq edən minlərlə insanı təhqir etmiş olur. Mənim dediklərimdə yalan yoxdur. O, AXCP Rəyasət Heyətinin qərarı ilə uzaqlaşdırılıb. İndi də məhkəmə icraçıları hər dəfə bir hədələyici məktub göndərib onun partiyaya üzvlüyünün bərpasını tələb edir. Bu, zorla bərpa olunmaq deyil, bəs nədir? Partiyada bir nəfər də onu istəmir", - partiya sədrinin sözləridir.

Aydın Əliyev
Aydın Əliyev

A.Əliyev yeni müqavilə bağladığı vəkilə etibarnamə vermək, onun da prosesə qatılıb-qoşulması üçün hakimdən vaxt istəyib. Ötən məhkəmə iclasında iddia ərizəsindəki çatışmazlıqları aradan qaldırmaqdan ötrü ona vaxt verən hakim bu dəfə də vəkillə bağlı məsələyə görə prosesi ertələyib.

Ə.Kərimliyə qarşı şikayətlə bağlı məhkəmənin hazırlıq iclası avqustun 26-da davam edəcək.

AXCP-nin qənaətincə, bu məhkəmə işi birbaşa prezident İlham Əliyevin sifarişi ilə başladılıb. Bu barədə partiyanın bəyanatında bildirilir.

Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci maddələrində cərimə, ictimai işlər, islah işləri kimi cəzalarla yanaşı, 6 ayadək həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

AXCP sədri haqqında daha öncə (bu təşkilat Azərbaycan Xalq Cəbhəsi adlandığı və Əli Kərimlinin həmin təşkilatda sədrin müavini olduğu zaman) 1994-cü ilin sentyabrında cinayət işi qaldırılmışdı. O zaman hüquq-mühafizə qurumları Ə.Kərimlinin cibindən partladıcı maddə tapıldığını bildirmişdilər. Həmin vaxt həbs edilsə də, AXC sədrinin müavini həbsdə elə də uzun müddət qalmamışdı.

Ə.Kərimli ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət edib. Ancaq 1994-cü ildə açılan cinayət işi əsas gətirilərək ona yeni pasport verilməsindən imtina edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyulun 16-da Ə.Kərimliyə pasport verilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlayıb. Məhkəmə pasport verilməməsini onun Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci (hərəkət etmək azadlığı) maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusu kimi qiymətləndirib. Məhkəmə mənəvi ziyana və çəkilmiş digər xərclərə görə dövlətin Ə.Kərimliyə 8 min 600 avro kompensasiya ödəməsinə qərar verib. Amma AXCP sədri hələ də xarici pasport ala bilməyib.

XS
SM
MD
LG