Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:46

Elif Şafak: Dil köçərisinin səyahətləri


E.Şafak
E.Şafak

Oğlumun əsas dili ingilis dilidir. Britaniyada tərbiyə aldığına görə ingilis dili onun təbii mühitidir. Mənsə bu dilə həyatımın daha yetkin dövründə köç etmişəm və öz əcnəbiliyimi boynumda həmail kimi daşıyıram. … «Gec gələn»lərin çoxu kimi mən də sözləri gözümün qarşısına tələffüz etdiyimdən daha yaxşı gətirə bilirəm. Sanki düşüncəm dilimdən daha sürətlidir. Onlar heç vaxt tam sinxron hərəkət etmir. Dilin daşıyıcısı ilə əcnəbi arasındakı fərq də budur. Düşüncə ilə dil arasındakı həmin o balaca boşluq.

Türk dili mənim ana dilimdir. Uşaq yaşlarımda ispan dili ikinci dilim idi, sonra ingilis dili gəldi. Keçmişdə haradasa fransız dili də olub. Doğulduğum yer Fransa olduğuna görə fransız dili də ilk eşitdiyim dil olub. Ancaq ölkəni kiçik yaşlarımda tərk etdiyimdən bu dildə danışa bilmirəm. Fransız dili bədənimdəki fantom ətraf kimi öz yoxluğu ilə məni formalaşdırıb. Ancaq romanlarımı yazdığım, hekayələrimi təsəvvür etdiyim, özümü ən çox rahat hiss etdiyim dil ingilis dilidir.

Mən hekayəçiyəm. Sözlərdən havadan, sudan və qidadan asılı olduğum kimi asılıyam. Öncəki romanlarımı türkcə yazmışam, sonra, təxminən 14 il öncə …ingiliscə yazmağa keçdim. Bu eyni zamanda həm rasional, həm də qeyri-rasional qərar idi, bəlkə də heyvan instinkti idi. Mənə genişlik və azadlıq lazım idi və başqa dildə yazmaq mənə məhz bunu verdi. Vətənim Türkiyə çox ağır, İstanbul çox mürəkkəb idi. İngiliscə yazmaqla mən özümü daha yüngül və bəlkə də daha cəsarətli hiss etdiyim koqnitiv uzaqlıq əldə etdim.

«Bir-birindən qırmızı şərab və kefir qədər fərqli bu iki dil…»

O zamandan bəri yazdığım hər roman peşəkar tərcüməçi tərəfindən türk dilinə çevrilir, bundan sonra mən əlyazısını götürüb onu yenidən öz sözlərim və ritmimlə yazıram. Bu sizə dəlicəsinə səslənirsə, demək elədir. Mən tərcümə oluna bilməyən ifadələr, cümlələr və sözlər haqda düşünməyə iki dəfə artıq vaxt sərf edirəm. Buna görə də ingilis və türk dilləri, bir-birindən qırmızı şərab və kefir qədər fərqli bu iki dil arasında gedib-gəlirəm.

Dil köçərisi olmağım nə qədər çətin olsa da, bir hekayəçi kimi mənə ayaqda qalmağa kömək edir. Əlavə zehni çeviklik, söz azadlığı və milli çərçivələrin azalda bilmədiyi əlaqə hissi verir.

Mənim öz ana dilimə bağlılığım emosionaldır. İngilis dilinə bağlılığımsa beyinlə əlaqəlidir. Mənə elə gəlir ki, müvazinətimi saxlamaq üçün hər ikisinə ehtiyacım var. Zaman keçdikcə, həm də yazılarımda melanxoliya, xiffət və qüssə olanda, onları türkcə ifadə etməyin mənə daha asan olduğunu anlamışam. Ancaq kinayə, satira, sarkazma gələndə, ingiliscə daha asan olur. «İroniya» sözü heç türkcə mövcud da deyil.

İlk dəfə kitablarımı ingiliscə nəşr etdirməyə başlayanda, Türkiyədə dəhşətli mənfi reaksiya ilə üzləşdim. Əsasən millətçilər tərəfindən. Onlar məni «xain» adlandırırdılar. Məni tənqid edənlər sual edirdilər ki, yazıçı öz ana dilini necə tərk edə bilər. Zatən millətçiliyin etdiyi budur: o bizi tək, statik kimliklərə qədər kiçiltmək istəyir. Ancaq biz insanlar daha böyükük. Bu «ya, ya da» seçimi deyil. …Biz gecə yatanda yuxularımızı birdən çox dildə görürüksə, şeir və hekayələrimizi, sevgi məktublarımızı niyə birdən artıq dildə yazmamalıyıq? Mən bircə kimliyə malik olmaqdan imtina edirəm. Çox sayda mənsubiyyətimin olmasını istəyirəm.

«Bir dildən başqasına keçdiyimiz zaman səsimiz də dəyişir…»

Yazıçı olaraq biz sözlərə heyranlıq duyuruq. Ancaq sözlərin arasındakı boşluqlara, sükuta bəlkə bundan da çox heyranlıq duyuruq. Bizi müəyyən zaman ərzində cəmiyyətdə rahatlıqla danışa bilmədiyimiz şeylər cəlb edir. Sirlər. Tabular – ictimai, mədəni, cinsi tabular. Mənim bir parçam daim bu boşluqlar haqda suallar vermək, yeni müzakirələr açmaq, periferiyanı mərkəzə gətirmək, səssizlərin daha çox eşidilməsinə, görünməzlərin görünməsinə çalışmaq istəyir. Məncə, hekayəçinin işi də budur: ağıllı cavablar verməyə çalışmaq yox, bəlkə də ən uşaqcasına, ən sadə və ən maraqla dolu sualları verməkdir. Diqqəti sükuta cəlb etmək və susdurulmuşlara - başqalarına qulaq vermək.

…Mən yazmağı gec öyrənsəm də, oxumağa tez başlamışam. Evdə, məktəbdə, bazarda nə tapsam oxuyurdum. İstənilən bir kitabı oxuyub bitirəndən sonra yenidən birinci səhifəyə qayıdır, kitabı yenidən oxuyurdum. Bu dəfə müəllif olsaydım, onu necə fərqli yazacağımı təsəvvür edirdim. Haradasa qəlbimin dərinliyində külək bağlı qapını açdı və beləcə mən addım-addım hekayələr dünyasına daxil oldum.

İnsan olaraq, bizim həyatda qalmaq və uğurlu olmaq üçün bir daxili bağçaya ehtiyacımız var. Hər kəsin gözündən uzaqda bir arxa dünya. Tez-tez və sərbəst ziyarət edə biləcəyimiz dünya. Bütün mənfi fikirlərimizi, zərərli hisslərimizi ata, yaralarımızı yalaya, özümüzü yenidən yarada biləcəyimiz görünməz yer. Qəlbimizlə səmimi ola biləcəyimiz, heç kimi mühakimə etməyəcəyimiz və mühakimə olunmayacağımız məkan. Mənim üçün bu gözəl məkan hekayələr aləmidir. Bu, kitablar dünyasıdır.

Son nəticədə, yazmağa və oxumağa davam etdiyimiz müddətdə hansı dildə nəfəs aldığımızın heç bir əhəmiyyəti yoxdur.

Dillər əsl möcüzədir. Bizsə düşünürük ki, onları biz formalaşdırırıq, əslində isə onlar bizi formalaşdırır. Bir dildən başqasına keçdiyimiz zaman hətta səsimiz belə dəyişir…

Qeyd: Yazıçı Elif Şafakın bu yazısı «Vanity Fair» jurnalında dərc edilib.

XS
SM
MD
LG