Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:43

Əlilin dilemması: dövlət himayəsində yaşamaq, yoxsa təzə evdə?


Denis Yuzvik
Denis Yuzvik

-

«Çox sevindim ki, bizim kimi insanları da nəzərə alıblar. Ancaq maddi vəziyyətim yol vermir ki, o evdə gedib dolana bilim. 127 manat pensiya alıram, yeməyim, geyimim...».

127 MANATI NECƏ BÖLÜŞDÜRMƏK

30 yaşlı Denis Nikolayeviç Yuzvik 1-ci qrup əlildir. 4 ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkandakı müalicə pansionatında yaşayır. Ötən ilin sonunda dövlət ona mənzil verib. Denis bu xəbəri alanda əvvəl sevinib, ancaq biləndə ki, mənzilin kommunal xərclərini özü ödəyəcək, qanı qaralıb. Niyəsi də odur ki, 127 manat təqaüdünü necə bölüşdürəcəyini bilmir:

«Burda, heç olmasa, işıq pulundan, qaz pulundan azad idik. Mən pensiyanı dərmana verəcəyəm, işıq puluna, yoxsa çörəyə, bilmirəm».

Denis Saray qəsəbəsindəki uşaq evində qeydiyyatdadır. Yetkinlik yaşına çatanadək orada yaşayıb. Əlil olduğundan daha sonra Ramanadakı Gənc Əlillər Evinə, oradan Bilgəhdəki Qocalar Evinə köçürülüb. 4 il əvvəl son dayanacağı bu pansionat olub. Təkdir, köməyi yoxdur. Özü-özünü birtəhər idarə edir. İndi ona uşaq evinin məzunu kimi Masazırda tikilmiş «Məzun evi»ndə mənzil təklif olunub.

«AY ƏLİL, YIXIL, ÖL»

Bu yaxınlarda ona həmin mənzilin müqaviləsi təqdim olunanda, əsas şərtlərdən biri kefini pozub -kommunal xidmətlərə görə ödənişi özü etməlidir:

«Yəqin bilməmiş olmazsınız ki, dövlət əlil uşaqlara 67, həddi-buluğa çatan əlillərə 124 manat pensiya verir. Əlil valideyn və yaxınlarının himayəsi olmadan bu pensiya ilə heç cür yaşaya bilməz. Bunun üstünə müalicə və kommunal xərcləri də gələndə bu o deməkdir ki, «ay əlil, yıxıl, öl». Çünki nə valideynim var, nə də yaxınım...».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyir, Denis özü quruma müraciət edib ki, ona da mənzil verilsin:

«Nazirlik də müraciəti nəzərə alıb ona mənzil verdi. Orada yaşayan əlilləri kommunal xərclərdən azad etmək isə Nazirliyin əlində deyil».

«KÖÇMƏK İSTƏMİRSƏ...»

Nazirlik sözçüsü deyir, təzə yaşayış yerində əlillərin işlə təmin olunması məsələsi də nəzərə alınıb:

«Ora, əslində, internatdan çıxan və getməyə yeri olmayanlar üçündür. Sadəcə, nazirlik gənc əlillərdən də oraya köçürməyi qərara aldı. Orada iş də var. 35 nəfər bağban və başqa oturaq işlə təmin olunub. Denisin tanıdığı əlillər də orda işlə təmin olunub».

Elman Babayev deyir, əgər Denis «Məzun evi»nə köçmək istəmirsə, bu, onun istəyinə bağlıdır. Nazirliyə isə, sadəcə, qərarı ləğv etmək qalacaq.

İndi son qərar Denisindir. Dövlət qayğısından çıxıb «Məzun evi»nə getməli, yoxsa elə qane olub Mərdəkan Müalicə Müəssisəsində yaşamağa davam etməli…

XS
SM
MD
LG