Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:04

Paşinyan AİB sədri kimi siyasətə deyil, iqtisadiyyata fokuslanacağını deyir


Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda AİB sammiti zamanı Ermənistanın baş naziri Nikol Paşinyanı salamlayır.
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda AİB sammiti zamanı Ermənistanın baş naziri Nikol Paşinyanı salamlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 25-də deyib ki, 2024-cü ildə Avrasiya İqtisadi Birliyinin (AİB) sədri kimi iqtisadi əməkdaşlığı üzvlərin siyasi ambisiyalarından önə çəkəcək. Bu bloka Rusiya rəhbərlik edir.

Yerevanın Moskva ilə münasibətlərində son illər gərginlik yaşanır. Ermənistan Rusiyanı Azərbaycan öz ərazilərinə, o cümlədən separatçı Qarabağ bölgəsinə nəzarəti bərpa edəndə ona dəstək göstərməməkdə günahlandırır.

Paşinyan dekabrın 25-də Sankt-Peterburqda AİB-in iclasında çıxış edib. Bu quruma Qazaxıstan, Belarus və Qırğızıstan da daxildir.

İqtisadi prinsiplər və siyasi ambisiyalar

Ermənistanın baş naziri AİB-dən geosiyasi məqsədlər üçün istifadə cəhdlərini tənqid edib. 2013-cü ildə imzalanmış nizamnamə sazişinə istinad edərək deyib ki, AİB siyasi, xüsusilə geosiyasi gündəm daşımamalıdır.

"AİB və onun iqtisadi prinsipləri siyasi ambisiyalarla əlaqələndirilməməlidir", - Paşinyan vurğulayıb.

"Təməl ticarət və inteqrasiya azadlıqları siyasi məqsədlərlə məhdudlaşdırıla bilməz. Bu, mütləq ittifaqın təməl prinsiplərinin aşınmasına aparacaq", - baş nazir Rusiya prezidenti Vladimir Putinin ev sahibliyi etdiyi sammitdə deyib.

Paşinyan ticarətlə bağlı konkret hansı məsələlərdən narahat olmasını dilə gətirməyib. Rusiya və Ermənistan son vaxtlar qarşılıqlı ittihamlar səsləndirir, ikitərəfli sıx münasibətlərin gələcəyi ilə bağlı suallara yol açırlar. Bu arada Yerevan ABŞ və Avropa İttifaqı ilə əlaqələri genişləndirir.

İkitərəfli ticarət nə yerdədir

Rusiya ötən ay ərzaq təhlükəsizliyini əsas gətirərək Ermənistandan bir çox ərzaq məhsullarının idxalını bir həftədən çox bloklayıb. "Rosselxoznadzor" onlarda zərərli orqanizmlərin kəskin artdığını iddia edib.

Müşahidəçilərin fikrincə, bununla Moskva Ermənistana qarşı güclü təsir rıçaqı olduğunu vurğulayıb, Paşinyana Qərbə yönəlik oriyentasiyası ilə bağlı xəbərdarlıq edib.

Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarının əsas ixrac bazarı olaraq qalır. 2023-cü ilin yanvar-oktyabr aylarında ixracın həcmi 960 milyon dollar olub.

Moskva 2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayandan, Qərb sanksiyalar qoyandan bəri Rusiyanın Ermənistanla ticarəti kəskin yüksəlib. Ermənistanlı sahibkarlar bu sanksiyalardan bəhrələnir, Qərb ölkələrində hazırlanan məhsulları Rusiyaya ixrac edirlər. Bu səbəbdən 2022-ci ildə Ermənistandan Rusiyaya ixrac üç dəfə, bu ilin yanvar-sentyabrında iki dəfə artıb, 2.6 milyard dollara çatıb.

XS
SM
MD
LG