Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:07

Ermənistan KTMT-nin daha bir təlimində iştirak etməyəcək?


KTMT-yə üzv ölkələrin bayraqları
KTMT-yə üzv ölkələrin bayraqları

Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) daha bir təlimində iştirak etməyəcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın da üzv olduğu hərbi blok avqustun 14-dən 16-sınadək Rusiyanın Novosibirsk şəhərində Kobalt-2024 kod adlı hərbi təlimlərə başlayacaq.

Azatutyun yazır ki, təlimin təşkilatçıları Rosqvardiyanın təlim mərkəzində keçiriləcək tədbirin iştirakçıları arasında Ermənistanın adını çəkmirlər.

Rəsmi Yerevan bu xəbərlə bağlı hələ ki, açıqlama verməyib.

Bu təlimlərdə KTMT ölkələrinin xüsusi təyinatlı qüvvələri iştirak etməlidirlər.

Qeyri-müəyyənlik davam edir

Ermənistanın baş naziri Nikol Paşinyan iyun ayında parlamentdəki çıxışında ölkəsinin KTMT-dən çıxa biləcəyinə yenidən işarə etmişdi.

Ermənistan hakimiyyəti KTMT-nin daha bir bəyanatını cavabsız buraxıb. Təşkilat Ermənistandan onunla münasibətlərinin perspektivinə aydınlıq gətirməsini tələb etmişdi.

Ermənistan artıq xeyli müddətdir ki, KTMT-nin iclaslarında iştirak etmir və bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsini dayandırıb.

Ermənistan baş naziri 2023-cü ilin noyabrında KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etmişdi.

Yerevan Rusiya sülhməramlılarını ermənilərin Qarabağı tərk etməsinin qarşısını almamaqda ittiham edir.

Ən son addım olaraq Rusiya sərhədçiləri Ermənistanın tələbi ilə Yerevanın əsas beynəlxalq hava limanı olan Zvartnotsu tərk ediblər.

Bununla belə Rusiyanın Ermənistan ərazisində hərbi bazası var.

Ermənistan rəsmiləri bu bazanın ölkədən çıxarılması məsələsinin gündəlikdə olmadığını bəyan edirlər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG