Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

Ermənistan hakimiyyəti terror planının üstünü açdığını deyir


Ermənistan MTX
Ermənistan MTX

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) noyabrın 2-də yaydığı məlumatda deyilir ki, dövlət idarələrinə qarşı terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfər saxlanıb.

Bu da bildirilir ki, bu beş nəfər kimliyi məlum olmayan əlbirləri ilə birlikdə partlayışlar, qətllər və hökumət binalarının zəbt olunmasını planlaşdırıb.

Bununla belə məlumatda “terror aktlarından” son məqsədin Ermənistan hökumətinin devrilməsi olduğuna dair heç nə deyilmir.

MTX bu məlumatla yanaşı məxfi yazıldığı iddia edilən iki səs yazısını təqdim edib.

Bu səs yazılarında bir nəfər başqasına deyirdi ki, “onlara Amerika və Rusiyadan çoxlu dəstək var”. Həmin şəxs həmsöhbətinə “Ukraynadan gələnlərin” bu işə cəlb olunmasını tapşırırdı. Səs yazısındakı şəxslər habelə naməlum hədəfə dron hücumundan bəhs edirdilər.

“Şimal xəzanı” əməliyyatı

Saxlananların evlərində aparılan axtarış zamanı silah və sursat, dron, iki qaz balonu, zirehli canlıqlar, hərbi formalar, qandallar, müşahidə cihazları, kompüterlər, mobil telefonlar, Ermənistan və Rusiya operatorlarına aid istifadə olunmamış on SIM-kart və terror aktının hazırlığı ilə bağlı sənədlər müsadirə olunub.

Məlumatda deyilir ki, potensial terrorçuların məqsədi “hakimiyyıət orqanlarının fəaliyyətinin pozulması” idi. Əməliyyata şərti olaraq “Şimal xəzanı” adı verilmişdi.

Bu da iddia edilir ki, şübhəlilər “Milli xilas üsyanı” adlı Ukrayna və Moldova teleqram kanalları açmağı və bunun vasitəsilə “geniş kütlələri” terror fəaliyyətinə cəlb etməyi planlaşdırıblar.

Məlumata görə şübhəlilər tibb ləvazimatı alıblar və hücumdan əvvəl ailələrini Gürcüstana keçirmək niyyətində olublar.

MTX-nin məlumatında deyilir ki, şübhəlilərin hökumət binalarının mühasirəsinə, müşahidəsinə və bu obyektlərdən geri çəkilməsinə dair detallı planları olub.

MTX bundan əvvəl də “terror” planını önlədiyini bildirmişdi

MTX sözü gedən sənədlərdən birinin surətini dərc edib. Bu sənəddə baş nazir Nikol Paşinyanın siyasətinə tənqidi yanaşan qərbyönlü Milli Demokratik Alyans partiyasının üzvlərinə çağırış edilir. Qatı millətçi Jirayr Sefilyanın rəhbərlik etdiyi bu partiya MTX-nin açqılamalarına münasibət bildirməyib.

Ermənistan MTX ötən sentyabrda da terror planının qarşısını aldığını bildirmişdi. O vaxt Paşinyana sui-qəsd və hakimiyyətin ələ keçirilməsinə cəhddə ittiham olunan 8 nəfər saxlanmışdı.

Bunların arasında Yerevanın keçmiş meri Albert Bazeyan da vardı. O ittihamları qətiyyətlə rədd edir.

Bu da bildirilir ki, hüquq-mühafizə orqanları hazırda şübhəlilərin əlbirlərini müəyyənləşdirməyə çalışırlar.

Azatutyun yazır ki, Azərbaycan ötən sentyabrda Qarabağ üzərində nəzarətini bərpa etdikdən sonra baş nazir Nikol Paşinyan və onun hökuməti istefa tələbləri ilə üzləşib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

XS
SM
MD
LG