Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:44

'Əvvəl dedilər, özü özünü vurub, dedim dörd güllə ilə?'


Nicat Həziyev 2016-cı ilin yanvarında – doğum günündə hərbi xidmətə yollanıb.
Nicat Həziyev 2016-cı ilin yanvarında – doğum günündə hərbi xidmətə yollanıb.

Ata: “Arzulayırdıq ki, özü zəng vursun, ad gününü təbrik edək. Nicat deyildi, hərbi hissənin rəhbərliyindən idi”.

“Bir oğlum, bir qızım vardı. Oğlum belə faciəli əlimdən getdi, nəslim kəsildi. Qızım hər gün qardaşının şəklini öpüb ağlayır. Bu hadisələr niyə olur? Niyə qarşısı alınmır? Niyə azalmır? Həyatsevər, mehriban bir gənc qəbirə getdi, bir gənc həbsxanaya. Kimdir günahkar? Əlbəttə ki, hərbi hissə komandirləri. Nəzarətsizliyi yaradan onlardır. Əsgər yoldaşını öldürən əsgərlə yanaşı, o komandir də həbsdə oturmalıdır k, başqalarına görk olsun. Övladlarımızı onlara etibar edib hərbiyə yollayırıq. Ümidlə yollarını gözləyirik, tabutlarını qarşılayırıq”.

Buna da bax:​ "Ölən əsgərlərin arasında məmur, nazir övladı yoxdur"

“UŞAQ KİMİ SEVİNDİM”

Hacıqabulun II Meyniman kənd sakini Həzi Həziyev AzadlıqRadiosu-na müraciət edib. O, Sumqayıtdakı N saylı hərbi hissədə qətlə yetirilmiş 19 yaşlı oğlundan danışır.

Nicat Həziyevin valideynləri.
Nicat Həziyevin valideynləri.

Nicat Həziyev 2016-cı ilin yanvarında – doğum günündə hərbi xidmətə yollanıb. Düz 1 il sonra, bu il yanvarın 13-də xidmətdə olduğu Sumqayıtdakı N saylı hərbi hissədə avtomat silahdan açılan atəşlə qətlə yetirilib. Nicatın ailəsi onunla qətlindən ikicə həftə əvvəl görüşübmüş:

“Dekabrın 30-da Müdafiə Nazirliyi hərbi hissələrdə açıq qapı elan etmişdi. Biz də Hacıqabuldan gəldik, Nicatla görüşdük. Gətirdiyimiz sovqata görə sevindi, hər şeydən razılıq elədi. Yanvarın 13-də Nicatın, 14-də mənim doğum günümdür. Səhər hərbi hissədən zəng gəldi, uşaq kimi sevindim, çünki biz ona zəng edə bilmirdik, arzulayırdıq ki, özü zəng vursun, ad gününü təbrik edək. Nicat deyildi, hərbi hissənin rəhbərliyindən idi”.

Buna da bax:​ Mərhum əsgərin anası: 'Həqiqəti söyləyin, özüm sizi oradan çıxarım'

OĞLUNUN NƏŞİNİ QAN İÇİNDƏ GÖRÜB

Bu zəng atanın ürəyini parça-parça edib. Vaxt itirmədən Bakıya – Papanindəki hospitala gəlib. Son ana qədər “kaş ki, şikəst olaydı, ancaq sağ qalaydı” duaları hərbi hospitalın həyətindəcə köpüyə çevrilib. Nicatın nəşini hərbi hissədən gətirən maşında, qan içində görüb:

“Əvvəl dedilər, guya özü özünü ehtiyatsızlıqdan vurub. Dedim, ehtiyatsızlıqdan dəyəydi bir güllə... Ehtiyatsızlıqdan insan özünə necə dörd dəfə atəş aça bilər? Həm də avtomatdan... Sonra dedilər, əsgər yoldaşı vurub, həbs olunub. Nicat hərbi hissədə postdakı əsgərlərin növbəsini dəyişirdi. Növbədən çıxanları aparıb, növbəsi çatanları gətirirdi. Mənə deyilənlərə görə, ayın 13-də səhər saat 6-da əsgər yoldaşlarından biri yuxuya qalıb, o da durğuzub ki, posta aparsın. Yuxudan durub, avtomatı götürüb, gülləylə biçib Nicatı...”

Ailənin ürəksızladan hekayəti bununla da bitmir. Ata oğlunun əsgərlikdən qayıdacağı gün üçün bəslədiyi heyvanı onun yas mərasimində kəsib, ehsan verib. Bunları AzadlıqRadiosu-nun müxbirinə danışan valideynlər göz yaşlarını saxlaya bilməyiblər.

Buna da bax:​ ‘Kaş əsgər öldürənlərin cəzasını əsgər anaları verəydi...’

NƏZARƏTSİZLİK

Beləcə, həm Nicatın, həm də atanın yanvarın 13 və 14-də qarşılayacaqları doğum günləri qan teştinə dönüb. Ata baş verənlərin nəzarətsizlikdən qaynaqlandığını hesab edir və təkcə əsgərin yox, əsgərə nəzarət etməli olan hərbi hissə rəhbərliyinin də cəzalandırılmasını istəyir.

Respublika Hərbi Prokurorluğundan “Qaynar xətt”ə bildirilib ki, Nicat Həziyevin ölüm işi üzrə Sumqayıt şəhər Prokurorluğunda cinayət işi qaldırılıb. Sumqayıt Hərbi Prokurorluğundan isə 2 ay əvvəl Cinayət Məcəlləsinin 120-ci maddəsiylə açılmış cinayət işinin istintaqı bitmədiyi üçün AzadlıqRadiosu-na əlavə məlumat verilməyəcəyi bildirilib.

XS
SM
MD
LG