Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

Famil Xəlilov təcridxananın tibb məntəqəsinə köçürülüb


Famil Xəlilov
Famil Xəlilov

Ötən il İsveçdən readmissiya edilən və ötən həftə həbs olunan Famil Xəlilov mayın 6-da 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsinə yerləşdirilib.

Bu barədə onunla bu gün, mayın 7-də görüşən vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, qollarının hər ikisi iflic olan Xəlilov bir neçə gün adi kamerada qalıb: "Famil Xəlilov tibb-sanitar hissəsinə köçürüldükdən sonra işçilər onu yedirtməyə başlayıblar. Bundan əlavə, Xəlilovun arterial təzyiqi dəyişir".

Vəkilin vurğulamasına görə, Xəlilov ona qarşı narkotik satışı ilə bağlı irəli sürülən ittihamı qəbul etmir: "Famil Xəlilovu həbsdə saxlamaq üçün əsas yoxdur".

Vəkilin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

İsveçdən qaytarılan şəxs həbs edilib

Ötən il İsveçdən readmissiya edilən Famil Xəlilovun həbs olunduğu bildirilir.

Bu barədə "Turan"a onun həyat yoldaşı Kiçikxanım Xəlilova məlumat verib.

K.Xəlilovanın sözlərinə görə, mayın 2-də Sulutəpə qəsəbəsində kirayədə yaşadıqları evə mülki geyimli şəxslər gəlib: "Yoldaşım 1-ci qrup əlildir, qollarının ikisi də iflicdir. Həmin gün onu hamamda çimizdirirdim. Qapı döyüldü, balaca qızım qapını açdı, sonra gəlib mənə dedi ki, əmilər var çöldə, çağırırlar. Mən çıxanda özlərini polis kimi təqdim etdilər. Ondan sonra yoldaşımı hamamdan çıxarmaq üçün getdim, qayıdanda gördüm ki, salonda həddindən artıq çox qara paltarda adam var, evin ikinci mərtəbəsində də var idilər".

Deyir ki, bütün evi axtarandan sonra Famili sürüyərək evdən həyətə çıxardıblar: "Ondan sonra yenidən apardılar içəri, özləri də videoçəkiliş edirdilər. Yoldaşıma "qalx ikinci mərtəbəyə" deyəndə, qayıtdı ki, mən səkkiz aydır bu evdəyəm, bir dəfə də bu pilləkəni çıxmamışam, çünki çıxa bilməmişəm. Onlar yoldaşımı yuxarı qaldırdılar. Sonra isə başqa heç yerə əl vurmadan müstəntiq yataq otağında komodun siyirməsindən göy salfeti çıxartdı, orada da nəsə ağ bir şey olduğunu dedi. Mən israrla bildirdim ki, bu bizə aid deyil".

Almaniyada Əliyevi tənqid edənlərə narkotik ittihamı
Gözlə

No media source currently available

0:00 0:12:09 0:00

K.Xəlilovanın sözlərinə görə, yoldaşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri,... hazırlama,... satma) maddəsi ilə ittiham olunur: "Həmin gün məni və üç azyaşlı uşağımı da 40-cı polis bölməsinə apardılar. Orada biz həyətdə gözlədik. Bizdən Familin kompüter parolunu israrla istədilər. Sonra bizi buraxdılar, amma bir neçə gün yoldaşımdan xəbərim olmadı, sadəcə gəlib dərmanlarını götürüb apardılar. İki gün sonra məlum oldu ki, yoldaşım barəsində artıq həbs-qətimkan tədbiri seçilib".

Yaxınları düşünür ki, F.Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Xanımının deməsinə görə, F.Xəlilov mayın 4-də evə zəng edərək aclıq aksiyası keçirdiyini bildirib.

F.Xəlilov ötən il İsveçdən readmissiya edilib. O, İsveçə humanitar əsaslarla yaşamaq üçün bir neçə il əvvəl mühacirət edib.

Xatırlatma

Son illər Avropa ölkələrindən (əsasən Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən azı beşi narkotik və başqa ittihamlarla həbs edilib. Onların yaxınları həmin şəxslərin həbsini mühacirətdə olarkən Azərbaycanla bağlı keçirilən etiraz aksiyalarında fəallıqları ilə izah edib. Yaxınları onların həbs zamanı işgəncə ilə də üzləşdiyini açıqlayıblar. Lakin rəsmi qurumlar bu iddiaları qəbul etməyiblər.

Readmissiya – dövlət tərəfindən digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin geri qəbul edilməsidir.

Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə müəyyən öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir.

XS
SM
MD
LG