Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:51

Fazil Mustafaya sui-qəsddən sonra həbs edilən qonşusu bəraət aldı: 'Məni səhərə qədər döydülər'


Deputat Fazil Mustafaya atəş açılandan sonra həbs edilən qonşusu Yunis Quliyev bir il həbsdə saxlansa da, bəraət alıb. Bakı Ağır Cinayətlər məhkəməsi belə nəticəyə gəlib ki, onun təqsiri yoxdur.

Quliyev sui-qəsd hadisəsindən iki gün sonra narkotik ittihamıyla həbs edilib. İddia olunur ki, Sabunçu rayonu, 15-ci polis bölməsinin əməkdaşları əməliyyat keçirib, onu saxlayarkən, cibindən 2,751 qram narkotik heroin tapılıb.

“Dedilər, əvvəl həbsdə olmusan?”

34 yaşlı Y.Quliyev isə deyir ki, yalandır, onu deputata sui-qəsd üzündən saxlayıb, sonra da narkotiklə şərləyərək, həbsə göndəriblər. Onun sözlərinə görə, F.Mustafanın eviylə onun yaşadığı ev arasında təxminən 30-40 metr məsafə var. Hadisə vaxtı evdə olduğunu deyən Y.Quliyev məhkəmədə danışıb ki, az sonra polislər evinə gəlib, burada kamera olub-olmadığını soruşublar:

“Ertəsi gün səhər yenə gəldilər. Dedilər, əvvəl həbsdə olmusan? Dedim, hə, 7 aydır çıxmışam. Avqustun 26-da həbsdən buraxılmışam, 30-dan işə başlamışam. Dedilər ki, bölməyə gələrsən. Anamla birlikdə getdim. Axşamüstü buraxdılar. Gecə saat 11-12 olardı, 3 nəfər polis yenə gəldi. Mənə bildirdilər ki, “deputatın kamerasına bir nəfər qadın düşüb, sənin yoldaşından şübhələnirik”. Məni və yoldaşımı bölməyə apardılar, amma ayrı-ayrı otaqlara saldılar...”

Y.Quliyev bildirir ki, həmin gecə onu polis bölməsində döyüblər. Əvvəllər narkotik ittihamıyla həbsdə olmasını əsas gətirib, deputatı güllələyənləri tanıdığını iddia ediblər. 7-8 nəfərin onu döydüyünü deyən Y.Quliyevin sözlərinə görə, həyat yoldaşını da bölmədə saxlayıblar:

“Məni səhərəcən döydülər. Dedilər ki, yoldaşını, səni də 10 kilo narkotiklə göndərəcəyik. Xahiş elədim ki, heç olmasa, yoldaşımı buraxsınlar, getsin evə. Dedilər ki, “bir şərtlə - narkotiki boynuna götürməlisən”. Yoldaşımı buraxandan sonra razılaşdım, çəkilişdə də onların istədiyi ifadəni verdim. Ailəmlə hədələnəndən sonra məcbur oldum”.

“Üst-başı qan içindəydi…”

Y.Quliyev əlavə edib ki, sənədlərdə ona dövlət hesabına təyin edilən vəkilin imzası olsa da, həmin şəxs ona vəkillik etməyib və həmin vəkili ilk dəfə həbs qərarı üçün məhkəməyə aparılanda görüb.

Y.Quliyevin işgəncə barədə dediklərini həyat yoldaşı Ramilə Quliyeva, anası Rəna Quliyeva da təsdiqləyib. Həyat yoldaşı məhkəmədə danışıb ki, iki gün onu da zirzəmidə saxlayıblar və bu müddətdə həyat yoldaşının qışqırıq səslərini eşidib.

Anası deyir ki, oğlu və gəlinini martın 29-da gecə aparıblar, ertəsi gün bölməyə getsə də, onlardan xəbər ala bilməyib. Martın 31-də gedib bölmədə oğlunu görüb:

“Üst-başı qan içindəydi, onu elə vəziyyətə qoymuşdular. O vəziyyətdə də məndən istədiyi bu idi ki, gəlini tapım...”

Y.Quliyev haqqında həbs qərarı çıxarılıb, polis idarəsindən Bakı İstintaq Təcridxanasına köçürüləndə də xəsarətləri görünüb. Bunu təcridxananın həkimləri qeydə alıblar. Onun yaxınları da işgəncəyə məruz qalmasıyla əlaqədar prokurorluğa və başqa qurumlara şikayət ediblər. 15-ci bölmənin polisləri izahatlarında onu döymədiklərini deyiblər. Sabunçu rayon prokurorluğu da işgəncə faktının təsdiqini tapmadığını iddia edərək, cinayət işi başlatmayıb.

Dindirmə və işdəki sənədlərin tədqiqindən sonra dövlət hesabına təyin olunmuş vəkil Vüqar Əhmədovun müdafiə prosesində iştirakı şübhə altına alınıb. Məhkəmə belə nəticəyə gəlib ki, adıçəkilən vəkil sənədlərə sonradan imza atıb. Beləliklə, şəxsin polis bölməsində vəkilsiz qalmadığı görüntüsü yaradılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Y.Quliyevi təqsirsiz sayaraq, bəraət hökmüylə azadlığa buraxsa da, bundan narazı qalan prokuror hökmdən apellyasiya protesti verib. Hazırda protestə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırlatma

Milli Məclisin deputatı Fazil Mustafa ötən il martın 28-də axşam saat 9 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşadığı evin qarşısında gülləyə tutulub. O, çiyin və bud nahiyəsindən yaralanıb.

F.Mustafaya sui-qəsdlə bağlı 5 nəfər həbs edilib, onların məhkəməsi sürür. Təqsirləndirilən şəxslərə dövlətə xəyanət, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd də daxil, bir sıra ağır ittihamlar irəli sürülüb. Onların suçlandığı maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG