Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:38

Parisdən gələn ittihamlara Bakıdan cavab və yozumlar...


Qadın paytaxt Numeada Yeni Kaledoniyanın bayrağını dalğalandırır
Qadın paytaxt Numeada Yeni Kaledoniyanın bayrağını dalğalandırır

Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib.

Bu ölkənin daxili işlər naziri Jerald Darmanen mayın 15-də "France 2" televiziyasına müsahibəsində Yeni Kaledoniya ilə bağlı suala cavab verərkən deyib ki, "Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır".

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlamasında Fransa rəsmisinin dediklərini "növbəti əsassız fikirlər" adlandırıb.

Apreldə Yeni Kaledoniyanın nümayəndə heyəti Azərbaycanda olub. Onlar Milli Məclisin sədri, deputatlar və bir sıra başqa rəsmi şəxslərlə görüşlər keçiriblər.

Asim Mollazadə
Asim Mollazadə

"Mənəvi dəstək"

Aprelin 18-də Milli Məclisdə "Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş elmi konfrans olub. Həmin konfransda iştirak edən deputat Asim Mollazadə "Turan"a bildirib ki, Azərbaycan öz azadlığı, öz haqları üçün mübarizə aparan Yeni Kaledoniyaya mənəvi dəstək verə bilər: "Uzun illərdir Fransanın müstəmləkə siyasəti bir neçə ölkəni əhatə edir. Burada Əlcəzairi, Orta Şərq ölkələrini göstərmək olar. Orada Fransanın törətdiyi cinayətləri də tarix xatırlayır".

Deputatın sözlərinə görə, Fransa Kaledoniyada da insanlara öz hüquqlarını əldə etmək imkanı tanımayıb: "Görüş zamanı Yeni Kaledoniyadan gələn qonaqlardan aldığımız məlumatlara görə, onların, demək olar ki, bütün hüquqları tapdalanır. 21-ci əsrdə 15-ci əsrin hərəkətləri ilə yaşamaq heç kimə yaraşmaz".

A.Mollazadənin deməsinə görə, Fransanın Azərbaycanı ittiham etməyə heç bir əsası yoxdur: "Azərbaycan Yeni Kaledoniyadan çox uzaq məsafədədir".

Azər Qasımlı
Azər Qasımlı

"Azərbaycana nə dividentlər gətirən, nə də..."

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə Azadlıq Radiosuna bildirib ki, Kaledoniya mövzusu Azərbaycana nə hansısa dividentlər gətirən, nə də ölkənin xarici siyasətinə, təhlükəsizliyinə ciddi töhfə verən bir mövzudur.

Fransanın ittihamları ilə bağlı ekspert deyir ki, Fransa ortaya bir fakt qoymalıdır: "İndi fikirlərini deyiblər, amma konkret olaraq nə detallar, nə də faktlar ortaya qoyulub. Faktlar ortaya çıxmalıdır ki, bir fikir bildirilə bilsin. Varmı o faktlar, yoxmu o faktlar, onu zaman göstərəcək".

Bəzi yerli təhlilçilər də hesab edirlər ki, Azərbaycan rəsmiləri Yeni Kaledoniyada insan haqları ilə bağlı məsələlərə toxunmazdan öncə ölkə daxilində fundamental azadlıqların tanınması istiqamətində də fəaliyyət göstərsəydilər, yaxşı olardı. Onların fikrincə, Azərbaycanda söz, ifadə və sərbəst toplaşmaq azadlığı ilə bağlı çox ciddi problemlər var.

Xatırlatma

Son günlər Sakit okeanın cənubunda Fransanın xüsusi inzibati-ərazi qurumu olan Yeni Kaledoniyanı iğtişaşlar, müstəqillik tərəfdarları və əleyhdarları arasında toqquşmalar bürüyüb. Etirazların Yeni Kaledoniyada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən qanuna görə başladığı açıqlanıb. Sənədin əleyhdarları hesab edirlər ki, bu, yerli əhalinin seçki imkanlarını zəiflədəcək və Parisin təsirini artıracaq.

İğtişaşlar zamanı ölənlər var, fövqəladə vəziyyət tətbiq edilib.

2018-ci ildən 2021-ci ilə qədər Yeni Kaledoniyada Fransadan müstəqillik əldə etmək üçün üç referendum keçirilib, onlar müstəqillik tərəfdarlarının məğlubiyyəti ilə başa çatıb.

XS
SM
MD
LG