Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:53

Köçkün: 'Hamamsız evlər paylayıblar, tikməyə də icazə vermirlər'


Məcburi köçkünlərə paylanmış evlər (arxiv fotosu)
Məcburi köçkünlərə paylanmış evlər (arxiv fotosu)

"Bir lətifə var, biri cəhənnəmə düşür, gətirib bir siqaret verirlər, alışqan vermirlər. Başlayır alışqan istəməyə. Deyirlər, alışqan olsaydı, bura cənnət olardı ki... İndi bizim vəziyyətimiz də bu lətifədəkinə dönüb. Bu boyda həyət-bacalı ev-eşik tikib veriblər, gəlib yığışmışıq, məlum olub ki, heç birində hamam yoxdur. Soruşuruq, ‘niyə?’ Deyirlər, ‘layihədə olub, ancaq sonradan çıxarılıb’. Hamamı layihədən çıxarmaq kimin ağlına gələrdi? Məəttəl qalmışıq..."

Lətifəni danışan köçkün Asif Malıyevdir.

Buna da bax:​ Lazada 1 il əvvəlki selin acısını hələ də yaşayanlar var

“ÖZÜMÜZƏ DƏ HAMAM TİKMƏYƏ İCAZƏ VERMİRLƏR”

Ötən il Füzuli rayonunda məcburi köçkünlər üçün Ümid qəsəbəsi istifadəyə verilib. 22 ildir ki, yaxınlıqdakı fin evlərində məskunlaşmış 628 ailədən 400-ü bu qəsəbəyə köçürülüb. 12 sotluq həyətyanı sahəsi ilə istifadəyə verilən evlərdə hamam yoxdur. Köçkün davam edir:

"İş orasındadır ki, heç özümüzə də hamam tikməyə icazə vermirlər. Deyirlər, hökumətin verdiyi evlərdə layihədən kənar tikinti işi aparmaq olmaz. Vallah, hansı tərəfdən fikirləşirik ki, bunu hansı başla ediblər? Hamamsız da ev olar? Yenə ağlımız bir şey kəsmir".

Ötən il noyabrın 12-də prezident İlham Əliyev yeni qəsəbənin açılışında iştirak edib. Köçkünləri maraqlandıran odur ki, görəsən, ölkə başçısı evlərdə hamam görməyəndə nə deyib?

Buna da bax:​ Sumqayıtda köçkünlər necə yay rejiminə keçib...

Köçkün:

"Bizə dedilər ki, hamam tikintisi sonradan layihədən çıxarılıb. Belə düşünürük ki, dövlət büdcəsindən məcburi köçkünlər üçün ayrılmış vəsaiti mənimsənildiyi üçün 401 ev hamamsız qalıb. Biz yuyunmağa əvvəllər məskunlaşdığımız fin şəhərciyində qalmış, hələ köçürülməyən yaxınlarımızın evinə gedirik".

SUALLAR “QAÇQINKOM”ADIR

Füzulinin icra hakimiyyətindənsə "Qaynar xətt"ə bildirilib ki, yeni şəhərcikdəki evlərdə hamamın olmaması hamam tikintisinin layihəyə salınmaması ilə əlaqədardır. Bütün suallar Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə ("Qaçqınkom") ünvanlanmalıdır.

Buna da bax:​ Bir ailə bir ildir ki, çadırda yaşayır

AzadlıqRadiosu-nun müxbiri məsələylə bağlı “Qaçqınkom”un mövqeyini öyrənməyə çalışıb. Lakin qurumun mətbuat xidmətinin rəhbəri telefon zənglərinə cavab verməyib.

Statistik məlumatlara görə, 2007-ci ildən indiyədək qaçqın və məcburi köçkünlər üçün 2,9 milyon kvadrat metr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.

Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib.

Buna da bax: Zəlzələdən 21 il ötüb, hələ də bu evdə qalırlar

Ekspertlərsə bildirirlər ki, ümumilikdə 8,4 milyard manatın hansı təyinat üzrə və necə xərclənməsi haqqında ictimaiyyətə şəffaf məlumat verilməyib.

XS
SM
MD
LG