Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:37

Goranboydan şikayət: 'Yolu kəsib anbar tikdirir'


Arxiv fotosu
Arxiv fotosu

"Bir adam bu qədər adamın yolunu kəsib, özü də deyir, "pulum var, əcəb eləyirəm".

Goranboydan bir qrup sakin AzadlıqRadiosu-nun “Qaynar xətt”inə şikayət məktubu göndərib. Onların iddiasına görə, rayonun Heydər Əliyev prospektində - yaşadıqları ünvanda yolsuz qalıblar. Çünki Xaliq Mustafayev adlı şəxs yolu kəsərək tikinti işləri aparır.

“PUL VERMİŞƏM, OBYEKT TİKDİRİRƏM”

Səyyarə Dadaşova əsas yolun əngəllənməsindən danışır:

"Deyir, ‘pul vermişəm, obyekt tikdirirəm, kimə nə?’ Adam əsas yolumuzu tam bağlayıb, bizə məhəllədən çıxış yeri qoymayıb. O yol həm piyada, həm də maşın çıxışı üçündür. Gətirib iki ədəd iri bir darvaza qoyur, deyir, ‘anbar tikirəm’. Hələ zülm bu anbar istifadəyə veriləndən sonra başlayacaq. Anbara yük daşıyan, yük aparan iri maşınlar ümumiyyətlə, giriş-çıxışımıza əngəl olacaq".

Buna da bax: Balakənd sakini: 'İş yox, sosial yardım yox, təqaüd suya çatmır'

Sakinlərin iddiasına görə, məhəllənin qarşısında iri anbarın yerləşməsi həm də gələcəkdə bir hadisə çıxanda təcili yardım, yanğınsöndürən maşınların məhəlləyə girişinə mane olacaq. Sakin Rüfət Həsənov:

"Bir sözlə, bir adamın pulu, varı, dövləti bu qədər insanın taleyini həll edir. Bütün rahatlığımızı əlimizdən alacaq. Məhəllədə yaşlı, xəstə insanlar, əlillər yaşayır, onlara daim sakitlik lazımdır. Heç insanların sıx yaşadıqları yerdə də anbar olar? Buranın səs-küyündən evlərimizdə rahatlığımız gecə-gündüz olmayacaq".

Buna da bax: Binaları qəzalıdır, həm də hər ay 'evpulu' verirlər

“SAKİNLƏRİN RAHATLIĞINI POZACAQSA...”

Sakinlər Goranboyun icra hakimiyyətinə də müraciət ediblər. Ancaq demələrinə görə, müsbət cavab almayıblar.

AzadlıqRadiosu-nun müxbiri Xaliq Mustafayevlə əlaqə saxlamağa cəhd göstərsə də, alınmayıb. Sakinlər onun elektrik mallarının satışı ilə məşğul olduğunu bildirirlər.

Buna da bax: Dondar Quşçuda külə dönən əkin sahələri

İşadamıyla əlaqə cəhdi alınmasa da, məsələyə icra hakimiyyəti aydınlıq gətirib və Mustafayevin fəaliyyətində qanunsuzluq, özbaşınalıq olmadığı qeyd edilib. Qurumdan "Qaynar xətt"ə bildirilib ki, qeyd olunan ünvandakı obyektin fəaliyyəti sakinlərin rahatlığını pozacaqsa, sahibinə dərhal xəbərdarlıq olunacaq və fəaliyyəti dayandırılacaq: "Hələliksə, orada sakinlərin narahatçılığına səbəb olacaq heç nə yoxdur, yol açıqdır, sakinlər yoldan əvvəlki qaydada istifadə edirlər. Yenə də ərazi üzrə nümayəndəni göndərərik, araşdırar".

Sakinlərin deməsinə görə, Xaliq Mustafayev bu yaxınlarda itlərinə toy edən işadamının qardaşıdır.

XS
SM
MD
LG