Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:35

Hesabat: Gürcüstanın ‘Rusiyanı razı salmaq vərdişi’ onun Avropa arzularına ziyan vurur


“Gürcü arzusu” partiyasının qurucusu, milyarder Bidzina İvanişvili (ortada) 2023-cü ilin dekabrında partiyasının “fəxri sədri” qismində siyasətə qayıtmaq istədiyini bəyan edib
“Gürcü arzusu” partiyasının qurucusu, milyarder Bidzina İvanişvili (ortada) 2023-cü ilin dekabrında partiyasının “fəxri sədri” qismində siyasətə qayıtmaq istədiyini bəyan edib

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun yeni hesabatında deyilir ki, Kremlin Ukraynadakı müharibəsi Şərqi Avropanı parçalayıb, Moldova və Ukraynanı Avropa İttifaqına daha yaxın gətirib, Gürcüstan isə “Rusiyanı razı salmaq vərdişini” nümayiş etdirib.

Hesabatda deyilir ki, Gürcüstanın təməl azadlıqlar, demokratiya və idarəçilik göstəricilərinə görə Avropa İttifaqına yaxınlaşmasının sürəti azalıb.

Ölkə vətəndaş cəmiyyətinə aşkar etinasızlıq və “Rusiyanı razı salmaq vərdişi” nümayiş etdirib.

Bu isə Aİ konsensusu ilə ziddiyyət təşkil edir.

Hesabatda qeyd olunur ki, Moldova və Ukrayna 2023-cü ildə ictimaiyyətlə münasibətlərini yaxşılaşdırıblarsa, Gürcüstan cəmiyyətin qütbləşməsi istiqamətinə yuvarlanıb.

Ukrayna və Moldova ilə əks istiqamətdə

Sənəddə vurğulanır ki, Gürcüstanda demokratiya və yaxşı idarəçilik sahələrində əhəmiyyətli geriləmə baş verib.

2023-cü ilin dekabrında Gürcüstana Aİ üvlüyünə namizəd statusu verilib, amma Moldova və Ukraynanın üzvlük danışıqları üçün yaşıl işıq yandırılıb.

Hesabatda qeyd olunur ki, Gürcüstana belə bir status verilsə də, o “anti-Qərb ritorikası” nümayiş etdirib, 2023-cü ildə “xarici agent” qanununu parlamentdən keçirməyə cəhd göstərib.

Onunla müqayisədə Ukrayna və Moldova Brüsselin onlardan gözlədiyi dəyişiklikləri ardıcıl olaraq həyata keçirirlər.

Çinlə strateji əməkdaşlıq

Hesabatda deyilir ki, Gürcüstanın Aİ bəyanatlarından və azad ticarət siyasətindən əhəmiyyətli dərəcədə aralanması və onun Çinlə strateji əməkdaşlığı gələcəkdə Avropa İttifaqında ciddi narahatlıq yarada bilər.

Hesabatda həm də qeyd olunur ki, Gürcüstanın Aİ-yə qoşulmaq istəyinə dair bəyanatları ilə, onun blokun xarici siyasətinə uyğunlaşmaqda nümayiş etdirdiyi həvəssizlik ziddiyyət təşkil edir:

“Gürcüstan hökuməti xarici siyasətinin praqmatik olduğunu bildirsə də, onun qanunvericilik meylləri aşkar şəkildə Aİ sayağı dəyərlərə əsaslanan normativlərdən uzaqlaşdığını göstərir”.

Oliqarx İvanişvilinin “fəxri sədr” kimi siyasətə qayıtmaq istəyi

Hesabatda deyilir ki, Gürcüstanın “qeyri-rəsmi idarəçilikdən və oliqarxik təsirlərdən xilas olması” Tbilisiyə Aİ üzvlüyü normalarına uyğun və qanuna əsaslanan demokatik təsisatların qurulmasında kömək edə bilərdi.

“Gürcü arzusu” partiyasının qurucusu, milyarder Bidzina İvanişvili 2023-cü ilin dekabrında partiyasının “fəxri sədri” qismində siyasətə qayıtmaq istədiyini bəyan etmişdi.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu regiondan və Aİ ölkələrindən olan QHT-ləri bir çətir altında birləşdirən təşkilatdır.

Onun məqsədi Ermənistanı, Azərbaycanı, Belarus, Gürcüstan, Moldova və Ukraynanı Aİ-yə yaxınlaşdıracaq Şərq Tərəfdaşlığı siyasətinin monitorinq və icrasında vətəndaş cəmiyyətlərinə dəstək verməkdir.

XS
SM
MD
LG