Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:36

İlkin nəticələr açıqlandı: Gürcü Arzusu 53 faizə yaxın səs yığıb


Gürcüstanda seçki
Gürcüstanda seçki

Gürücstanda Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçirilən parlament seçkilərində seçici fəallığının 59 faizə yaxın olduğunu bildirib.

MSK məntəqələrin təxminən 70 faizindən gələn nəticələrə görə, hakim Gürcü Arzusu partiyasının 53 faizə yaxın (52.99%) səs topladığını açıqlayıb.

Sonrakı yerlərdə Dəyişikliklər Naminə Koalisiya (11,19%), Birlik-Milli Hərəkat Koalisiyası (9,79%), Güclü Gürcüstan koalisiyası (9,05%) və Qaxariya Gürcüstan Naminə Birliyi (8,26%) qərarlaşıb.

Dəyişikliklər Naminə Koalisiyasının liderlərindən Nika Qvaramiya “Gürcü Arzu”sunun məğlub olduğuna əminliyini bildirib. O, hakim partiyanın ekzitpoll nəticələrinə görə, 70-dən az mandatı olduğunu iddia edib. Müxalifətdə yer alan Gürcüstan Naminə Koalisiyanın rəhbəri Georgi Qaxariya isə müxalifəti səslərin müdafiəsinə fokuslanmağa çağırıb.

Müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının sədri Tina Bokuçava koalisiya hökumətinin formalaşdırılması üçün danışıqlara hazırlaşdıqlarını bildirib.

+++

Gürcüstan parlament seçkilərinin ilkin ekzitpoll nəticələri açıqlanıb. "Exo Kavkaza" yazır ki, nəticələri hökumətyönlü "İmedi" və müxalifətə yaxınlığı ilə seçilən "Mtavari Arxi", eləcə də "Formula" televiziyaları açıqlayıb.

"Formula TV"nin açıqladığı ekzitpoll rəqəmlərinə görə, hakim Gürcü Arzusu Partiyası səslərin 40,9%-ni toplayıb. Sonrakı yerlərdə Birlik və Milli Hərəkat Koalisiyası (16,7%), Dəyişikliklər Naminə Koalisiya (16,7%), Güclü Gürcüstan Koalisiyası (10,3%) və Qaxariya - Gürcüstan Naminə Birliyi (8,2%) qərarlaşıb. Sorğunu Edison Research şirkəti keçirib.

"Mtavari"nin açıqladığı rəqəmlərə əsasən, Gürcü Arzusu partiyası 42% səs toplayıb. İkinci yerdə Dəyişikliklər Naminə Koalisiya 18%-lə qərarlaşıb. Sonrakı yerləri Birlik və Milli Hərəkat Koalisiyası (13%), Güclü Gürcüstan Koalisiyası (9%) və Qaxariya Gürcüstan Naminə Birliyi (8%) tutub. Sorğunu Harrys X şirkəti keçirib.

"İmedi"nin nəticələri isə öncəkilərdən tam fərqlənib. Televiziya Gürcü Arzusu-nun 56,1% səs topladığını açıqlayıb. Partiyanın bundan öncə açıqladığı hədəf ən azı 60% idi. Növbəti yerlərdə Dəyişikliklər Naminə Koalisiya (12,6%), Birlik Milli Hərəkat Koalisiyası (11,6%), Güclü Gürcüstan Koalisiyası (7%) qərarlaşıb. Televiziya keçmiş baş naziri Georgi Qaxariyanın koalisiyasının 5%-lik baryeri keçə bilmədiyini (4,8%) bildirib. Bu sorğunu GORBI şirkəti keçirib.

AzadlıqRadiosunun gürcü xidməti xəbər verir ki, hakim Gürcü Arzusu ekzitpollar açıqlanandan sonra qələbəsini qeyd edir. Partiyanın ofisi qarşısında atəşfəşanlıq keçirilir.

Prezident Salome Zurabişvili isə X platformasında yazıb ki, “seçkiləri saxtalaşdırma cəhdlərinə və diaspordan səs almamasına baxmayaraq, Avropa Gürcüstanı 52%-lə qalibdir”.

+++

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilir. Hakim Gürcü Arzusu partiyası Qərblə inteqrasiya tərəfdarı, ancaq bölünmüş müxalifətlə mübarizə aparır.

2012-ci ildən hakimiyyətdə olan Gürcü Arzusu daha dörd il hakimiyyətdə qalmağa çalışır. Partiya bu seçkini hərblə sülh arşında seçim kimi təqdim edərək deyir ki, müxalifət qalib gələrsə, Gürcüstan Rusiya ilə müharibəyə sürüklənər.

Müxalifət isə seçkini Qərb və Rusiya, eləcə də demokratiya və avtoritarizm arasında seçim kimi qələmə verir. ABŞ və Avropa da bu fikri dəstəkləyir, Gürcü Arzusunun demokratiya sahəsində geriləməsini tənqid edir.

Prezident Salome Zurabişvili
Prezident Salome Zurabişvili

İnsidentlər

Seçkidə bəzi insidentlər qeydə alınıb, Mərkəzi Seçki Komissiyasının sözçüsü Natia Yoseliani isə mediaya deyib ki, “kiçik texniki nöqsanlardan sonra” proses 3 mindən çox seçki məntəqəsində “sakit mühitdə” keçib.

AzadlıqRadiosunun müxbiri cənubi Marneuli şəhərində insident baş verdiyini xəbərləyib. Müxalifət partiyası üzvünün Gürcü Arzusu-nun təmsilçisi tərəfindən döyüldüyü iddia olunub, qutulara topa bülleten atıldığı bildirilib.

Rustavi şəhərində AzadlıqRadiosunun müxbiri Davit Mçedlidze seçki məntəqəsində təhqir olunub, naməlum şəxslər onun işinə mane olub, telefonunu əlindən almağa çalışıblar.

Gürcü Arzusu-nun lideri Bidzina İvanişvili gürcüstanlıları seçkiyə gedərək səs verməyə çağırıb. Baş nazir Irakli Kobaxidze isə səs verəndən sonra deyib ki, hakim partiyanın 60 faizədək səs yığacağından əmindir, ancaq o, nikbinliyinin səbəbini izah etməyib.

Günorta seçici iştirakçılılığı azı 22 faiz olub ki, bu da 2020 və 2016-cı illərdəki seçkilərdən çox, 2012-ci ildəkindən isə 3 faizədək azdır. 2012-ci ildə Gürcü Arzusu hakimiyyətə gəlib.

+++

Yeni seçki sisteminə görə, partiyalar və koalisiyalar parlamentə keçmək üçün 5 faizlik həddi aşmalıdır. Müxalifət partiyaları bu səbəbdən koalisiyalar formalaşdırıb.

Gürcü Arzusu-nu ölkənin ən varlı şəxsi, keçmiş baş nazir, milyarder Bidzina İvanişvili təsis edib. Kreml Gürcü Arzusu-nun qələbəsinə tərəfdar olduğunu gizlətmir.

Rəy sorğuları da gürcüstanlıların Aİ və NATO-ya qoşulmağa tərəfdar olduğunu göstərir. Onlar həmçinin Rusiya ilə münaqişə istəmir, LGBT hüquqları kimi məsələlərdə mühafizəkar mövqedədirlər.

Müxalifət qüvvələri

Seçkiyə qatılan müxalifət qüvvələri bunlardır: indi həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin rəhbəri olduğu keçmiş hakim "Vahid Milli Hərəkat" partiyasının (ENP) başçılıq etdiyi "Gürcüstanın xilası üçün Birlik";

Bir vaxtlar ENP ilə bağlantılı şəxslərdən ibarət "Dəyişiklik naminə Koalisiya";

Eyni zamanda ENP-ə və "Gürcü arzusu"na bənzəməyə çalışan eklektik ideolojı baxışlı "Güclü Gürcüstan koalisiyası";

2019-2021 illərdə "Gürcü arzusu" hökumətinin baş naziri olmuş və sonradan onunla yollarını ayırmış Giorgi Qaxariyanın "Gürcüstan naminə" partiyası.

Gürcü Arzusunun qəbul etdiyi “xarici agentlər” qanunu ölkədə kütləvi etirazlara səbəb olub. Qanuna görə, maliyyəsinin azı 20 faizini xaricdən alan qruplar “xarici agent” kimi qeydiyyatdan keçməlidir.

Seçki “azad və ədalətli olmazsa”, Aİ Gürcüstanla vizasız rejimi müvəqqəti dayandıra bilər. Bunu blokun Tbilisidəki səfiri sentyabrda deyib.

XS
SM
MD
LG