Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:38

Narkotik işinə görə Bərdə məhkəməsinin hakimi hakim önündə


Elsun Əhmədov
Elsun Əhmədov

Bərdə rayon Məhkəməsinin hakimi Elsun Əhmədov rüşvət ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. O, icraatında olan cinayət işində yüngül cəza verməkdən ötrü təqsirləndirilən şəxsin ailəsindən pul almaqda suçlanır.

AzadlıqRadiosunun bilgisinə görə, E.Əhmədov fevralın 6-da şübhəli şəxs qismində saxlanılıb. Fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib, ancaq haqqında həbs-qətimkan tədbiri seçilməyib. Binəqədi rayon Məhkəməsi onun istintaq dövründə ev dustaqlığında qalmasına qərar verib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna verilən bilgiyə görə, E.Əhmədov Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədilə narkotik əldə etmə, saxlama) maddəsi ilə suçlanan şəxsə yüngül cəza verməkdən ötrü onun yaxınlarından rüşvət almaqda suçlanır.

Bərdə rayon Məhkəməsində baş verənlərlə bağlı gələn şikayət əsasında həm Məhkəmə-Hüquq Şurasında, həm də Korrupsiyaya qarşı Mübarizə İdarəsində birgə araşdırma aparılıb.

"Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb", - Baş Prokurorluğun mətbuat xidmətinin açıqlamasıdır.

E.Əhmədov haqqında istintaq davam edir. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 311.3.-cü maddəsində 8 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub. Özünün bu ittihama münasibəti bilinmir.

Bərdə rayon Məhkəməsindən AzadlıqRadiosuna bildirilib ki, dekabrın sonunda səlahiyyət müddəti uzadılmasa da, bu ilin yanvarında E.Əhmədov hakim kimi bir sıra işlərə baxıb: "Əvvəldən icraatında olan işlər vardı, onlara baxıb və yekun qərarlar verib".

E.Əhmədov 2021-ci ilin əvvəlində Bərdə rayon Məhkəməsinin hakimi təyin edilib. Onun fəaliyyəti ilə bağlı daha öncə də mediada vətəndaşların xeyli şikayəti yayılıb.

Başqa bir hakim də cəzalandırılıb

Sumqayıt şəhər Məhkəməsinin 11 il hakimi olmuş İlyas Mahmudov da 2022-ci ildə rüşvət almaqda, bilərəkdən qanunsuz qərarlar çıxarmaqda suçlanaraq həbs edilmişdi. Ötən ilin dekabrında ona 9 il həbs cəzası kəsilsə də, İ.Mahmudov özünü təqsirli bilmir, şərlənərək həbs olunduğunu deyir.

Keçmiş hakim bildirib ki, bir çox işlərdə maraqlarına zidd qərarlar verdiyindən Sumqayıt şəhər İcra Hakimiyyəti ilə münasibətləri gərgin olub və bu üzdən təzyiqlərə də məruz qalıb.

XS
SM
MD
LG