Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:31

Britaniya hökumət binalarında Çin kameralarından istifadəni məhdudlaşdırır


Hikvision kamerası
Hikvision kamerası

Britaniya hökuməti noyabrın 24-də departamentlərə həssas binalarda Çinə bağlı müşahidə kameralarının quraşdırılmasını dayandırmaq göstərişi verib, bunu təhlükəsizlik riskləri ilə izah edib. Bu haqda “Reuters” yazır.

Qərar “hökumət binasında vizual müşahidə sistemlərinin quraşdırılması ilə bağlı mümkün mövcud və gələcək təhlükəsizlik riskləri” nəzərdən keçiriləndən sonra verilib. Lankaster Hersoqluğunun kansleri Oliver Dauden (Oliver Dowden) parlamentə yazılı bəyanatında belə yazıb.

Əlavə nəzarət lazımdır

“Baxış nəticəsində belə bir qənaətə gəlinib ki, Böyük Britaniyaya təhdid, bu sistemlərin qabiliyyəti və birləşdirmə gücü əlavə nəzarət tələb edir”, – Dauden bildirir.

Göstəriş Çinin təhlükəsizlik qanunlarının əhatələdiyi kameralara aiddir. Departamentlərə göndərilən təlimatlarda deyilir ki, belə cihazları əsas kompüter şəbəkələrdən ayırsınlar, yaxud onları tamamilə ləğv etməyi nəzərdən keçirsinlər.

Bir neçə ay öncə onlarla deputat Hikvision və Dahua şirkətlərinin hazırladığı təhlükəsizlik kameralarının satışı və istifadəsinə qadağa qoymağa çağırıb. Bu iki Çin şirkəti qismən dövlətin nəzarətindədir. Deputatlar bu şirkətlərin məhsullarının Çindən insan haqları pozuntuları ilə əlaqəli ola biləcəyindən qorxu və narahatlıq ifadə ediblər.

Hikvision təkzib edir

“Hikvision” “Reuters”ə açıqlamasında iddiaları təkzib edərək bildirib ki, qərarı anlamaqdan ötrü Britaniya hökumətilə işləyəcək.

“Hikvision yekun istifadəçinin datasını üçüncü tərəfə ötürə bilməz, yekun istifadəçinin databazasını idarə etmirik, Böyük Britaniyadakı bulud saxlancını da satmırıq”, – şirkətin sözçüsü bildirib.

Dahua-nın Britaniyadakı ofisi isə emaillərə cavab verməyib.

Birləşmiş Ştatlar Hikvision, Dahua və Çinin digər şirkətlərinin kameralarına ticarət və istifadə məhdudiyyətləri tətbiq edib.

Dövlət binalarının ön hissəsində

Britaniyada dövlət qurumlarının əksəriyyəti Hikvision, yaxud Dahua-nın hazırladığı müşahidə kameralarından istifadə edir. Bunu iyulda “Big Brother Watch” hüquq-müdafiə təşkilatı bildirir.

Qrupun məlumatına görə, daxili işlər və biznes nazirlikləri daxil olmaqla bir sıra hökumət departamentləri binaların ön hissələrində Hikvision kameraları quraşdırıblar.

Daudenin bəyanatında deyilir ki, departamentlərə belə avadanlığı həssas ərazilərdə quraşdırmağı dayandırmaq göstərişi verilib.

“Belə ərazilərdə təhlükəsizlik məsələləri birinci dərəcəli olduğundan, hər hansı təhlükəsizlik riskinin qarşısını almaq üçün tədbir görməliyik”, – bəyanatda vurğulanır.

XS
SM
MD
LG