Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:28

Hökumətin yeni qərarı Azərbaycanda avtoparkın 'cavanlaşması'na yetərlimi?


Qatarla avtomobillərin daşınması, arxiv foto
Qatarla avtomobillərin daşınması, arxiv foto

Martın 29-da Nazirlər Kabineti Azərbaycana gətirilən avtomobillərə dair yeni qərar çıxarıb. Bu qərara görə, istehsal tarixi 10 ili keçən minik avtomobillərinin ölkəyə gətirilməsi məhdudlaşdırılır.

Hökumət bu qərarın insanların sağlamlığı və ətraf mühitin qorunmasının yaxşılaşdırılmasına hədəflədiyini bildirir.

Beləki dərc ediləndən 30 gün sonra, yəni martın 29-dək ödəniş edən şəxslər xaricdən aldıqları avtomobillərini ölkəyə gətirə biləcəklər.

Azərbaycanda avtoparkın yaşlanmasını illərdir ekspertlər gilə gətirir. Rəsmi rəqəmlərə görə, indi ölkədə 1 milyon 300 mindən çox minik avtomobili var.

Onlardan cəmi 2 faizinin yaşı iki ildən azdır. Minik avtomobillərinin daha üç faizinin yaşı 2-5 il arasındadır. Deməli, ölkədə avtomobil parkının cəmi 5 faizə yaxınının yaşı 5 ildən azdır.

Beş-10 il arası yaşı olan avtomobillərsə ölkədəki bütün avtomobillərin 11.9 faizi qədərdir. Bu nəticə çıxır ki, Azərbaycandakı avtomobillərin təxminən 83 faizinin yaşı 10 ili aşıb.

Avtopark niyə köhnəldi?

Azərbaycanda avtomobil sayının artması ölkəyə böyük neft gəlirlərinin daxil olduğu dövrdən – 2000-ci illərin ortalarından bəri sürətlənib.

2005-ci ildə ölkədə toplam 612 min avtomobil vardı. Ard-arda iki devalvasiyanın baş verdiyi və sosial-iqtisadi durumun kəskinləşməyə başladığı 2015-ci ildə bu say artıq 1 milyon 323 minə yüksəlmişdi. Cəmi 10 ilin içində ölkədəki avtomobil sayı 2.2 dəfə və ya 700 mindən çox artıb.

Devalvasiyadan bir il öncə - 2014-ci ildə ölkədəki hər 100 avtomobildən 17-sinin yaşı 5 ili aşmamışdı (indi 100 avtomobildən 5-nin yaşı elədir). Deməli, 8 il ərzində yeni avtomobillərin ölkədəki bütün avtomobillər arasındakı özəl payı üç dəfədən çox azalıb və əvəzində istismar müddəti 10 ili aşan avtomobillərin ölkə avtoparkındakı payı arta-arta gedib. Artıq ölkədəki hər 100 avtomobildən 83-nün istismar müddəti 10 ildən çoxdur. 2014-cü ildə bu göstərici cəmi 62 faiz idi.

Göründüyü kimi, Azərbaycanda avtoparkın köhnəlmə trendi 2015-ci ildən bəri sürətlənməyə başlayıb. 2015-ci il devalvasiyalarından sonra milli valyutanın dəyər itirməsi, xərclərin çoxalması və yığımların azalması avtomobil idxalının baha başa gəlməsi və s. Azərbaycanda yeni avtomobil sayının artmasını əngəlləyib.

Avtomobillərin köhnəlməsi Azərbaycana gətirilən ehtiyat hissələrinin dəyərində də əksini tapıb. Müqayisə üçün: 2014-cü ildə Azərbaycana təxminən 70 milyon manat dəyərində avtomobil ehtiyat hissələri gətirilmişdisə, ötən il bu göstərici yarım milyard manatı aşıb.

Qərarın iqtisadi təsirləri

Minik avtomobili idxalının məhdudlaşdırılması haqqında qərar ilk belə hal deyil. Azərbaycanda idxalın məhdudlaşdırılmasına təsir göstərən qərar 2014-cü ildə də qəbul edilmişdi.

Həmin qərarla Avro-4 və daha yüksək ekoloji standartlara cavab verən avtomobillərin idxalına icazə verilirdi.

Bu baxımdan, Avro-4 standartları əsas götürüldüyündən, Azərbaycana, əsasən, 2005-ci ildən sonra istehsal olunan avtomobillər gətirilirdi. Ancaq yeni qərarın diqqətçəkən özəlliyi də 10 il tələbinin gözlənilməsidir.

Belə ki, bu il, ən azı, 2013-cü ilin istehsalı olan avtomobilləri, gələn il 2014-cü ilin istehsalı olan avtomobilləri, ondan sonrakı il 2015-ci ilin istehsalı olan avtomobilləri Azərbaycana idxal etmək mümkün olacaq.

Onu da unutmaq olmaz ki, insanları daha köhnə avtomobillərə yönəldən əsas amil maddi səbəblərdir. Gəlirinin az, ölkədə gömrük rüsumlarınınsa yüksək olması insanları daha ucuz başa gələn avtomobillərə yönəldir.

Bu baxımdan, hökumətin, sadəcə, 10 ildən artıq yaşı olan avtomobillərin ölkəyə gətirilməsini yasaqlaması ölkədəki avtomobil parkının yenilənməsindən ötrü yetərli deyil.

Daha yaxşı keyfiyyət dəyişikliyi üçün gətirilən yeni avtomillərlə bağlı həvəsləndirici addımlara ehtiyac var. Özəlliklə, hökumət bu qərarını ekoloji səbəblərlə əsaslandırırsa, elektrik və hibrid mühərrikli avtomobillərə daha çox güzəşt edilməlidir.

Məsələn, hazırda yalnız istismar müddəti üç ili ötməyən elektromobillər bütün gömrük vergi və rüsumlarından azaddır.

İqtisadçı Rövşən Ağayev bildirir ki, beynəlxalq təcrübədə beş yaşı aşmayan avtomobillər "köhnə" sayılmır. Onun fikrincə, üç illik güzəşt dövrü beş ilə çatdırılmalıdır.

Eyni zamanda, istismar müddəti üç ilədək olan hibrid avtomobillər 18 faizlik ƏDV-dən azad edilsə də, 15 faizlik idxal rüsumundan və mühərrik ölçüsünə görə aksiz vergisindən azad edilməyib.

Bu baxımdan, istismar müddəti beş ilədək olan hibrid avtomobillərin də tamamən gömrük vergi və rüsumlarından azad edilməsi məsələyə çözüm gətirə bilər.

Elektromobillər və hibrid avtomobillərlə yanaşı, benzinlə çalışan kiçik mühərrikli (1600 kub/sm-dək) avtomobillər də yaxın üç ildə bütün gömrük vergi və rüsumlarından azad edilə bilər.

Azərbaycanda avtomobillərlə bağlı tez-tez gündəmə gələn digər problemlər də var. Bunlardan biri ölkədə utilizasiya proqramının olmamasıdır.

2018-ci ilin dekabrında təsdiqlənən “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda köhnə avtomobillərin utilizasiyasına dair ayrıca proqramın hazırlanması nəzərdə tutulub.

Dövlət qurumları bu proqramın hazırlanmasına dair açıqlamalar versə də, hələ də həmin proqramın tətbiqi ləngiyir. Digər tərəfdən, devalvasiyadan sonrakı illərdə avtomobil kreditləri əldə etmək də çətinləşib. Özəlliklə illik ödəniş tələbinin yüksək olması kreditlə avtomobil almağı çətinləşdirir. Bu baxımdan, avtomobil kreditləri ilə bağlı daha güzəştli şərtlərin tətbiqi də Azərbaycanda avtomobillərin yenilənməsinə uyğun ortam yarada bilər.

Unutmaq olmaz ki, Azərbaycanda əhalinin hər min nəfərinə düşən avtomobil sayı yetərsizdir.

Məsələn, Avropa Birliyi (AB) ölkələrində əhalinin hər min nəfərinə 569 avtomobil düşür. AB-də bu göstərici üzrə ən aşağı nəticəyə malik Latviyanın da (hər min nəfərə 342 ədəd) göstəricisi Azərbaycandan üç dəfəyə yaxın yüksəkdir. Azərbaycan əhalinin hər min nəfərinə düşən avtomobil sayına görə nəinki inkişaf etmiş Avropa ölkələrindən, elə region ölkələrindən də geridədir. Məsələn, qonşu Gürcüstanda minik avtomobillərinin sayı təxminən Azərbaycanla eynidir. Amma unutmaq olmaz ki, Gürcüstanın əhali sayı Azərbaycana nisbətən təxminən üç dəfəyə yaxın azdır. Bu baxımdan qonşu ölkədə əhalinin hər min nəfərinə düşən avtomobil sayı da üç dəfəyə yaxın çoxdur.

XS
SM
MD
LG