Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:48

Prezident nikbindir - 'Bu il iqtisadi artım olacaq'


İ.Əliyev
İ.Əliyev

«Dünya təhlükəsiz deyil, bölgədə davamlı təhlükələr qalır. Amma Azərbaycan regionda sabitləşdirici rol oynayır və onun təşəbbüsləri sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə yönəlib». Bunu Azərbaycan prezident İlham Əliyev martın 16-da V Qlobal Bakı Forumunun açılışında bildirib. (APA)

QƏRBLƏ ŞƏRQ ARASINDA ƏN QISA YOL

İ.Əliyev Bakı-Tbilisi-Qars dəmiryolu haqda danışaraq onu Asiyadan Qərbə gedən ən qısa yol adlandırıb, həm də bu yolu tərəfdaşlıq, biznes dəhlizi, Azərbaycan və yolun əhatə etdiyi ölkələrdə minlərlə iş yerinin açılması kimi dəyərləndirib. O, Cənub Qaz Dəhlizi layihəsinin 40 milyard dollarlıq dəyərə malik olduğunu vurğulayıb və Azərbaycanın gerçəkləşdirdiyi layihələrin heç birinin uğursuz olmadığını xatırladıb.

Prezident Dağlıq Qarabağ probleminə toxunaraq Ermənistanın BMT Təhlükəsizlik Şurasının 25 il öncə qəbul etdiyi qətnamələrə hələ də əməl etmədiyini xüsusi vurğulayıb. Dövlət başçısı bəzi qətnamələrin bir neçə saata icra olunmasından, bəzilərinin isə hələ də yerinə yetirilməməsindən narazılığını bildirib. İ.Əliyev mövcud status-kvonun qəbuledilməzliyini vurğulayıb.

İŞĞALA BAXMAYARAQ, İNKİŞAF VAR

Amma prezident 25 il ərzində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkənin böyük uğurlar qazandığını söyləyib.

O deyib ki, Azərbaycanda yoxsulluq son 15 ildə 5 faizə qədər azalıb. Ölkə iqtisadiyyatının neftin ucuzlaşmasından əziyyət çəkdiyini desə də, islahatlarla qısa müddətdə çətinlikləri həll edə bildiklərini söyləyib.

V Qlobal Bakı Forumu
V Qlobal Bakı Forumu

İ.Əliyev bu il iqtisadi artım olacağını, qeyri-neft sektorunda artım baş verdiyini bildirib. Son iki ay ərzində qeyri-neft məhsullarının ixracının iki dəfəyə qədər artdığını söyləyib.

O, ixracın gücləndiriləcəyini, xarici bazara çıxışın genişləndiriləcəyini deyib və bunun üçün həmin bazarlara malik ölkə rəhbərləri ilə yaxşı siyasi əlaqələrin vacibliyini vurğulayıb.

Qeyd edək ki, müstəqil iqtisadçılar bu rəqəmlərə şübhəylə yanaşır, iqtisadiyyatın diversifikasiya olunmadığını, ölkədə iqtisadi böhran yaşandığını bildirirlər.

ASSOSİATİV SAZİŞDƏNSƏ STRATEJİ ƏMƏKDAŞLIQ

İ.Əliyev Avropa İttifaqı (Aİ) ilə münasibətlərə də toxunub və quruma 9 üzv ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalandığını nəzərə çatdırıb. Dövlət başçısı deyib ki, bu, təkcə enerji ilə bağlı deyil. Prezident xatırladıb ki, ötən aydan Aİ ilə strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başlanıb, bu siyasət milli maraqlara, reallıqlara əsaslanaraq qurulur.

Dövlət başçısı Avropa İttifaqına münasibətdə də real məqsədlər irəli sürüldüyün deyir, Aİ ilə assosiasiya sazişi imzalamaqdansa, strateji tərəfdaşlıq sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdiklərini xatırladır. O, rəsmi Bakının siyasətinin reallıqlara söykəndiyini vurğulayır.

İ.Əliyev hərtərəfli əməkdaşlığa örnək kimi bir müddət öncə Bakıda ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəislərinin görüşünü xatırladıb. Bildirib ki, bu onların təşəbbüsü idi, amma həm də Azərbaycanın rolunun qiymətləndirilməsidir.

XS
SM
MD
LG