Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:27

Prezident: 'Kommunal tariflər qonşu ölkələrdən bir neçə dəfə aşağıdır'


İlham Əliyev 1 saylı «ASAN kommunal» Mərkəzinin açılışında
İlham Əliyev 1 saylı «ASAN kommunal» Mərkəzinin açılışında

«İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər».

Prezident İlham Əliyev kommunal tariflərin bahalaşması ilə bağlı danışarkən belə deyib. Ölkə başçısı dekabrın 28-də Bakıda 1 saylı «ASAN Kommunal» Mərkəzinin açılışında çıxış edib.

Bu haqda ölkə başçısının rəsmi internet səhifəsi xəbər verir.

İlham Əliyev imkansızların dövlət güzəştləri ilə təmin olunduğunu deyib.

«Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. Hətta artırılmış tariflərin səviyyəsi qonşu ölkələrdə mövcud olan tariflərdən bir neçə dəfə aşağıdır», - deyən ölkə başçısı bir neçə gün əvvəl kommunal tariflərə düzəlişlər etdiyini, əhalinin əksəriyyətinin yeni tarifləri hiss etməyəcəyini vurğulayıb.

««ASAN XİDMƏT» İNQİLAB İDİ»

O, hökumətin daim vətəndaşları düşündüyünü, «ASAN Xidmət» təşəbbüsünün də sosial xarakter daşıdığını ifadə edib.

Buna da bax-Tarif Şurasının sədri rəqəmləri haradan götürür?

«Bu sistemin yaradılması ictimai xidmətlər və ictimai münasibətlər sahəsində bir inqilab idi. Bu, özlüyündə böyük bir irəliləyiş, böyük bir yenilikdir. Ancaq «ASAN Xidmət»in təsiri təkcə bundan ibarət deyil. Bu mərkəzlərdə göstərilən xidmətlərlə məhdudlaşmır. «ASAN Xidmət», ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. Bax, «ASAN Xidmət»in mənası və əhəmiyyəti bundan ibarətdir. Vətəndaşlar da bu xidməti çox bəyənirlər və gözləyirlər ki, onların rayonlarında da «ASAN Xidmət» mərkəzləri açılacaq. Biz bunu tədricən edəcəyik. 2018-ci ildə ölkəmizdə, yəni, rayonlarda 10 mərkəz yaradılacaq», - prezident deyib.

İlham Əliyev 1 saylı «ASAN kommunal» Mərkəzinin açılışında
İlham Əliyev 1 saylı «ASAN kommunal» Mərkəzinin açılışında

İlham Əliyev sonda əlavə edib ki, mərkəzlərin açılması həm də yeni iş yerləri deməkdir.

Buna da bax-'Tarif Şurası 10 qəpiyinizi oğurlayıb, 1 qəpiyini geri qaytardı'

Qeyd edək ki, ölkə başçısının açılışına qatıldığı mərkəzdə 3 qurum – «Azərişıq» və «Azərsu» Açıq Səhmdar cəmiyyətləri və «Azəriqaz» İstehsalat Birliyi tərəfindən vətəndaşlara 45 növ xidmət göstərilməsi nəzərdə tutulur. Mərkəzdə həmçinin, bank və sığorta xidmətləri də təşkil edilib.

XATIRLATMA

Azərbaycanda ilk «ASAN Xidmət» mərkəzi 2012-ci ildə yaradılıb. Hal-hazırda 9 mərkəz fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, 4-ü isə Azərbaycanın bölgələrindədir.

Tarif Şurası noyabrın 28-də qazın və elektrikin qiymətlərini qaldırıb. Həmin qərarda 1500 kubmetrə qədər qazın qiyməti dəyişməyib. Qiymət bir kubmetrə görə yenə 10 qəpik qalıb.

Ancaq illik 1500 kubmetrdən çox qazın bir kubmetrə görə qiymət 20 qəpik müəyyən edilib. Bu dəyişiklik əhalidən ötrü yanvarın 1-dən qüvvəyə minəcək.

Ancaq sonradan həmin qərara dəyişiklik edildi. Limit 1500-dən 1700 kubmetrə qaldırıldı.

Tarif Şurası elektrik enerjisinin də qiymətini artırmışdı. Bu artım dekabrın 1-dən baş verib.

Şura aylıq 250 kVt/saat elektrikə görə qiyməti dəyişməyib, 7 qəpik saxlayıb.

Aylıq 250 kVt/saatdan çox elektrikə görə isə 11 qəpik müəyyən edilmişdi. Sonradan limit 250 kVt/saatdan 300 kVt/saata qaldırılıb.

XS
SM
MD
LG