Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

İlkin Süleymanovun işi qaytarılıb. Apellyasiya müddətinə baxılacaq


İlkin Süleymanov
İlkin Süleymanov

Tovuzun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilən İlkin Süleymanovun cinayət işi üzrə materiallar Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

Bu barədə Gəncə Apellyasiya Məhkəməsi qərar qəbul edib.

İ.Süleymanovun yaxınlarının bildirməsinə görə, səbəb kimi N.Quliyevanın atası Şərif Quliyevin də hökmdən apellyasiya şikayəti verməsi və müddətin ötürülməsi göstərilib. Onların deməsinə görə, müddətin bərpa olunub-olunmayacağını müəyyənləşdirmək üçün işlə bağlı materiallar yenidən birinci instansiya məhkəməsinə göndərilib.

Zərərçəkmiş tərəf İ.Süleymanovun ömürlük məhkum olunmasını tələb edir.

'Nərmin işi' üzrə yeni məhkəmə: 'Nərminin atası kənddə yayıb ki, İlkinə ömürlük cəza veriləcək'

Tovuz rayonunun Dondar Quşçu kəndində 11-yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi, meyitinin də yandırılması ilə bağlı cinayət işinə indi də Gəncə Apellyasiya Məhkəməsində baxılır. Azyaşlının qətlində suçlanaraq 18 il həbs cəzası alan İlkin Süleymanov apellyasiya şikayəti verib. O, cinayətdə əli olmadığını iddia edir və bəraət istəyir.

Avqustun 8-də məhkəmədə məlum olub ki, Nərminin atası Şərif Quliyev də apellyasiya şikayəti verib. O, Süleymanova verilən cəzanın ağırlaşdırılmasını, onun ömürlük azadlıqdan məhrum edilməsini tələb edir. Ancaq o, şikayət verməkdən ötrü qanunda nəzərdə tutulan 20 günlük müddəti ötürdüyündən Apellyasiya Məhkəməsi bu iddiaya hökmü çıxarmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərar verməli olduğunu bildirib. İddia qəbul edilərsə, o halda, həmin şikayət Apellyasiya Məhkəməsinə göndəriləcək.

Təqsirləndirilən İlkin Süleymanov hökmdən narazılığını dilə gətirib. Vəkil Zabil Qəhrəmanov deyir ki, birinci instansiya məhkəməsində dindirilmiş bir çox şəxsin ifadəsi protokollarda təhrif edilib. Müdafiəçi vurğulayıb ki, ictimaiyyətin diqqətində olan bu cinayət işi apellyasiya instansiyasında ciddi araşdırılmalıdır. O bu səbəbdən şikayətə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması və s.) baxılmasını istəyib.

"Məqsəd də bizi hədələməkdir ki, susmasanız..."

Vəkil deyir ki, cinayət işinin materiallarında birinci instansiya məhkəməsində araşdırılmayan xeyli ziddiyyət var. Onun fikrincə, bunlara aydınlıq gətirilməsi üçün müstəntiq mütləq məhkəməyə çağrılıb dindirilməlidir: "Hökmdə də təsdiqlənib ki, İlkin Süleymanovun telefonuna müdaxilə olunub. Kim edib, hansı məqsədlə? Müstəntiq İlkinin telefonunu özbaşına Daxili İşlər Nazirliyinin idarə rəisinə verib. Hökmdə də təsdiqlənib ki, İlkin Süleymanov ondan etiraf ifadəsi alınanadək dörd gün qanunsuz şəkildə polis şöbəsində saxlanılıb. Prokurorluq indiyə qədər bunu gizlədir, cavabında bizə deyirdi ki, belə hal olmayıb...".

Zabil Qəhrəmanovun sözlərinə görə, müvəkkili dörd günlük işgəncədən sonra etiraf ifadəsi verməyə məcbur edilib. Həmin ifadə də azyaşlının öldürülməsi ilə bağlı ekspertin gəldiyi nəticəyə uyğun deyil. Məsələn, ekspertizanın rəyində Nərminin başına daşla, azı, beş zərbə vurulduğu göstərilib, Süleymanovsa bir dəfə vurduğunu deyib. Ekspert meyitin müayinədən üç gün öncə (yanvarın 4-də) qətlə yetirildiyi nəticəsinə gəlib. Amma Süleymanov öz ifadəsində onu yanvarın 6-da öldürdüyünü və həmin gün də yandırdığını göstərib və s.

Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası məhkəmə istintaqı keçirilməsi, müstəntiqin dindirilməsi və s. vəsatətlərin heç birini təmin etməyib. Bu da təqsirləndirilən İlkin Süleymanovun ailə üzvlərini narazı salıb.

"İlk iclasdan bu məhkəmənin nə dərəcədə ədalətli olacağı göründü. Haqlı vəsatətlərimizin biri də təmin olunmadı. Belə görünür ki, məqsəd araşdırıb həqiqəti üzə çıxmaq deyil. Şərif Quliyevin gecikmiş apellyasiya şikayəti də təsadüf deyil. Ona o şikayəti verdiriblər. Məqsəd də bizi hədələməkdir ki, susmasanız, daha ağır ola bilər. Kənddə yayıb ki, İlkinə ömürlük cəza veriləcək...", - təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanovun sözləridir.

Xatırlatma

2009-cu il doğumlu Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.

Baş Prokurorluq İlkin Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

XS
SM
MD
LG