Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:19

Etirazlarda gözlərini itirənlərin azadlığı da alınır


Əmir Vilayəti (solda) və Nereş Nəqşbəndi
Əmir Vilayəti (solda) və Nereş Nəqşbəndi

İranda “göz zərəçəkmişləri” kimi tanınan iki fəal hakimiyyətin etirazları boğmaq kampaniyası çərçivəsində təhlükəsizlik qüvvələri tərəfindən üzlərinə atəş açılanların susdurulması məqsədi ilə həbs edilib.

Mayın 23-də həbs olunmuş Əmir VilayətiNereş Nəqşbəndi gözlərindən birini hökumət qüvvələrinin etirazçılara qarşı istifadə etdiyi saçma və ya qırma güllələrdən itiriblər.

Xəbər verilir ki, 22 yaşlı Məhsa Əmininin polisdə ölümündən sonra həbs olunmuş minlərlə etirazçının arasında üzlərindən güllə yarası almış şəxslər də var.

The New York TImes qəzetinin təxminlərinə görə etirazların ilk üç ayı ərzində belə güllə yarası alan 500-dək gənc Tehran xəstəxamalarına müraciət edib.

Azı 580 nəfər

İranda insan haqları pozuntularını sənədləşdirən Iranwire saytı yazır ki, təkcə paytaxt Tehranda və Kürdüstan ostanında kor olan və ya bir gözünü itirən 580 nəfəri qeydiyyata alıb.

Sayt qeyd edir ki, ölkə boyunca belələrinin sayı qat-qat çoxdur.

Zərərçəkənlər deyirlər ki, onlara güllələr bilərəkdən atılıb. Bəzi qurbanlar iddia edirlər ki, təhlükəsizlik qüvvələri onların üzünə gülərək atəş açıblar.

Hökumət və vəzifəli rəsmilər bu cür iddiaları təkzib edirlər.

Xəbərlərə görə Vilayəti mayın 18-də evinə hökumət qüvvələrinin keçirdiyi reyd zamanı saxlanıb.

Ölkəboyu etirazların ikinci həftəsində təhlükəsizlik qüvvələri tərəfindən atılan saçma güllə, peşəsi bərbər olan Vilayətinin bir gözünü kor edib.

Harda olması bilinmir

Vilayəti hadisə zamanı Narmək məhəlləsində dostları ilə birlikdə aksiya keçirirdi.

Aldığı xəsarətə baxmayaraq o son aylarda Instagramda etiraz məzmunlu postlar yazırdı.

O saxlanarkən göz müalicəsi alırdı və artıq iki dəfə cərrahiyyə olunmuşdu. Onu qarşıdan gələn aylarda daha bir cərrahiyyə əməliyyatı gözləyirdi.

Müxalifətin 1500təsvir saytı xəbər verir ki, teatr aktyoru və rejissoru olan Nəqşbəndi də etirazlar vaxtı bir gözünü itirməsinə baxmayaraq ötən həftə həbs olunub.

Ailəsinin müraciətlərinə rəğmən onun harda olması və vəziyyəti barədə məlumat verilməyib.

Zərərçəkmişlərin qohumları da incidilir

Siyasi fəallar bildirirlər ki, hökumətin təzyiq kampaniyası artıq “göz qurbanlarının” qohumlarına da şamil edilir.

Gözündən zədə alanların hüquqlarını müdafiə edən “Azadlıq üçün gözlər” Instagram hesabında yazılmış postda deyilir ki, etirazlar zamanı hər iki gözündən məhrum olmuş Parsa Qubadinin qardaşı da ötən həftə həbs olunub.

Ötən noyabrda İze şəhərində keçirilən aksiyada gözünü itirmiş Vahid Abbasi Peyani Əhvaz şəhərinin Şeyban həbsxanasında saxlanır.

Başqa şəhərlərdən də buna bənzər xəbərlər alınır.

Xatırlatma

İranda 2022-ci ildə edam edilənlərin sayı ondan əvvəlki illə müqayisədə 75 faiz artıb.

Bununla bağlı iki insan haqları qrupu bildirir ki, İranda “edam maşınından” ölkəni etirazların bürüdüyü bir vaxtda cəmiyyətin qorxudulması üçün istifadə edilir.

2022-ci ildə İranda 582 nəfər edam olunub. Bu, 2015-ci ildən bəri ən yüksək edam göstəricisidir.

Norveçdə mənzillənmiş İran İnsan Haqları və Parisdə mənzillənmiş Birlikdə Ölüm Cəzasına Qarşı təşkilatlarının hesabatına görə 2015-ci ildə 333, 2021-ci ildə isə 582 nəfər edam edilib.

Ötən ilin sentyabrından bəri İranı 22 yaşlı Məhsa Əmininin ölümünə etirazdan başlanmış itaətsizlik dalğası bürüyüb.

Hakimiyyət etiraz aksiyalarına sərt reaksiya verib. Ötən il dörd nəfər məhz etirazlarla bağlı çıxarılan hökmlərlə edam olunub.

XS
SM
MD
LG