Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:39

'Bizə dedilər ki, müavinət alacaqsınız, sizə qanpulu verəcəyik'


Yəhya Rəhimi
Yəhya Rəhimi

İnsan haqları təşkilatları hökumətin etirazçılara hücumları intensivləşdirdiyini deyirlər

Yəhya Rəhimi işə gedərkən iri dəyənəklərlə silahlanmış iki kişi onun maşınına hücum edərək ön şüşəsini sındırıblar. 31 yaşlı Rəhimi yavaşca uzaqlaşanda atəş səsi eşidilib və o, həyatını itirib. Hadisə İranın şimal-qərbində, Kürdüstan əyalətinin paytaxtı Sənəndac şəhərində baş verib.

Norveçdə qeydiyyatdan keçmiş “Hengaw” insan haqları təşkilatının paylaşdığı videodan belə görünür. Təşkilat əsasən İranın Kürdüstan bölgəsi üzrə ixtisaslaşıb.

Maşınını zədələyiblər

Fəallar oktyabrın 8-də Rəhimiyə hücum edənlərin mülki geyimli təhlükəsizlik əməkdaşları olduğunu deyirlər. Onların Rəhimiyə hücumunun səbəbi kimi isə gəncin hökumət əleyhinə etirazçılara dəstək vermək üçün maşınının siqnalını basması göstərilir.

Rəhimi İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ümummilli etiraz dalğasında hökumət qüvvələrinin amansızlıqla öldürdüyü 300 vətəndaşdan biridir. Əmini guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib.

Kürdüstan polis qüvvələrinin rəhbəri Əli Azadi deyib ki, “əksinqilab qüvvələri” Rəhimini güllə ilə vuraraq öldürülüb. Ancaq mərhumun ailəsi onun hökumət qüvvələri tərəfindən öldürüldüyünü deyir.

"İslam Respublikasının agentləri onun maşınını zədələyiblər, ancaq onu rahat buraxmayıblar. İki addım sonra onu şəhid ediblər”, – Rəhiminin atası Əhməd Rəhimi AzadlıqRadiosunun “Radio Fərda” fars xidmətinə müsahibəsində deyib.

“Bizə dedilər ki, onu şəhid kimi qeyd edəcəyik”

Əhməd Rəhimi deyir ki, hökumət rəsmiləri ona təzyiq göstərərək oğlunun Bəsic silahlı qüvvələrinin üzvü olduğunu deməyə məcbur etmək istəyiblər. Bəsic İran İslam inqilab keşikçiləri korpusunun bir qanadıdır. Hökumətin bununla Rəhiminin ölümünü etirazçıların boynuna qoymaq istəməsi aydın görünür.

"Biz cəsədi alanda rəsmilər bizə dedilər ki, onu şəhid kimi qeyd edəcəyik, müavinət alacaqsınız, sizə qanpulu verəcəyik. Mən də onlara belə bir şey istəmədiyimi dedim”, – Əhməd Rəhimi danışır.

Əhməd Rəhimi polis əməkdaşlarının başsağlığı vermək üçün onların evinə də gəldiyini deyir. Ancaq o onlardan oğlunu nə üçün öldürdüklərini soruşub. "Oğlum o küçədə hansı cinayəti törətmişdi ki? O, günahsız idi. Onu niyə öldürdünüz?", – deyə o, polis zabitlərindən soruşub.

Azı 304 nəfər öldürülüb

İranın Kürdüstan bölgəsi ayyarımdır ki, ölkənin bütün şəhər və kəndlərində davam edən etirazların və hökumətin bu etirazları amansızlıqla yatırmaq cəhdlərinin episentrinə çevrilib.

Əmininin sentyabrın 17-də Kürdüstan əyalətində dəfni etirazları daha da qızışdırıb.

İnsan haqları təşkilatları hökumətin etirazçılara hücumları intensivləşdirdiyini deyirlər. Bu, xüsusən də kürdlərin daha çox yaşadığı Kürdüstan, Kirmanşah və Qərbi Azərbaycan əyalətlərində daha çox nəzərə çarpır.

Osloda yerləşən İran İnsan Haqları (IHR) qrupu noyabrın 5-də bu üç əyalətdə etirazların baş qaldırmasından bəri azı 60 nəfərin öldürüldüyünü bildirib. Ümumilikdə ölkə boyu etirazlarda azı 304 nəfərin həyatını itirdiyi bildirilir.

“Hengaw” təşkilatı İran təhlükəsizlik qüvvələrinin ötən həftəsonu əsasən kürdlərin yaşadığı Marivan şəhərində etirazçılara atəş açaraq azı 35 nəfəri yaraladığını bildirir.

Kürd tələbənin ölümündən sonra

Etirazlar noyabrın 5-də marivanlı kürd tələbə Nəsrin Qadirinin polis tərəfindən döyüldükdən sonra ölməsindən sonra daha da qızışıb.

Sosial mediada paylaşılan videolardan etirazçıların hökumət binalarına daş atdığını və İslam Respublikasının bayrağını yandırdığını görmək mümkündür.

İran dövlət mətbuatı bir yerli prokurora istinadən Qadirinin bədənində zorakılıq izlərinin olmadığı, gənc qızın zəhərlənmədən öldüyü iddiasını yayıb.

Kürdüstan İnsan Haqları Şəbəkəsi noyabrın 6-da Marivanda təhlükəsizlik qüvvələrinin etirazçılara gözyaşardıcı qaz tətbiq etdiyini və metal güllələr atdığını bildirir.

XS
SM
MD
LG