Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:31

‘Radikal dəyişiklik olacaq’. İran müxalifətçiləri xartiya hazırlayır


İranda təqaüdçülərin etirazı, 19 fevral, 2023-cü il
İranda təqaüdçülərin etirazı, 19 fevral, 2023-cü il

İranda hökumətə qarşı aylarla davam edən nümayişlərdən sonra etirazçılar dini rejimin dağılmasına çağırır, sosial və siyasi azadlıqlar tələb edirlər.

Ölkənin müxalifət fiqurları və mülki cəmiyyət qurumları mövcud teokratik sistemin transformasiyasını, hətta demokratiya ilə əvəzlənməsini nəzərdə tutan təkliflər irəli sürüblər.

1979-cu il islam inqilabından bəri klerikal isteblişmentin idarə etdiyi İranda siyasi dəyişikliyə çağırışlar səslənir.

Sentyabrda başlanan antirejim etirazları son həftələr səngisə də, onilliklər boyunca hakimiyyətə qarşı ən böyük etiraz sayılır. Etirazçılara qəddarlıqla divan tutulub, yüzlərlə nümayişçi öldürülüb, minlərlə insan həbs olunub.

Xartiya

Fevralın 14-də İranın daxilində 20-dək həmkarlar ittifaqı, tələbə təşkilatları, vətəndaş cəmiyyəti qrupları yaydıqları birgə xartiyada “yeni, müasir və humanist cəmiyyət”lə bağlı baxışlarını açıqlayıblar.

Xartiyada gender bərabərliyi, azad söz hüququ, bütün siyasi məhbusların buraxılması, ölüm hökmünün ləğvi, etnik və dini azlıqların qorunması tələb olunur.

Bu sənədin yayılmasından öncə isə müxalifət xadimi Mir Hüseyn Musəvi İranda siyasi sistemin “fundamental transformasiyası”na çağırıb.

Fevralın 4-də yayılmış bəyanatda 80 yaşlı siyasətçi “azad” referendum, İranda demokratik sistemə yol açacaq yeni konstitusiya hazırlamaq çağırışı səsləndirib.

2011-ci ildən ev dustaqlığında olan keçmiş baş nazir ölkə daxili və xaricindəki tanımış xadimlərdən dəstək alıb.

Din xadimlərinin çağırışı

İranın aparıcı sünni din xadimi Molavi Abdolhamid isə etirazçıların tələbləri üzrə referendum keçirməyə çağırıb. İslam respublikasında əsas etirazçılardan sayılan din xadimi moizələrində ölkədə insan haqları pozuntularını pisləyir.

Etirazların episentri olan qərbi Kürdüstan vilayətində isə bir qrup islamı din xadimi beynəlxalq müşahidəçilərin iştirakıyla referendum keçirməyə, dövlət repressiyasında rolu olanları mühakimə etməyə səsləyiblər.

Fevralın 10-da isə İranın mühacirətdə olan bir qrup müxalifət xadimi Vaşinqtonda Corctaun Universitetində bir araya gəliblər. Onların içində keçmiş vəliəhd şahzadə Reza Pəhləvi, insan haqları fəalı Məsih Əlinecad da olub.

Qrup bildirib ki, azad seçkilər, yeni, dünyəvi demokratik sistemə keçid xartiyası üzərində işləyir. Ancaq səkkiz nəfərin yer aldığı bu qrupa və təkliflərinə İranın daxilindən dəstək veriləcəkmi, bu, bəlli deyil.

“İnqilabi proses” formalaşır

Vaşinqtonda yaşayan siyasi təhlilçi Əli Əfşari deyir ki, İranda antirejim etirazlarının əsas şüarı olan “Qadın, həyat, azadlıq”dan ruhlanan “inqilabi proses” formalaşır.

İranda fəaliyyətinə görə həbsdə olmuş, keçmiş tələbə lideri Əfşarinin sözlərinə görə, referendum çağırışları və yerli vətəndaş qruplarının xartiya dərc etməsi etiraz hərəkatı üçün “ümidverici perspektiv” açır.

Virciniyada yerləşən William & Mary Kollecindən tarixçi və professor köməkçisi Peyman Cəfəri isə qeyd edir ki, İranda sıravi qurumların hazırladığı xartiya “radikal dəyişikliyin daxildən və aşağıdan gələcəyinə güclü bir xatırlatmadır”.

“Sənəddə konkret tələblər qoyulur və milyonlarla iranlını əldə edilməsi mümkün məqsədlər ətrafında birləşdirə bilər”, – o vurğulayır.

XS
SM
MD
LG