Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:49

İran ruhi xəstəliklərdən cəza aləti kimi istifadə edir


Tehranda hicabsız qadınlar.
Tehranda hicabsız qadınlar.

Avtokrat dövlətlər tənqidçilərinin adına kölgə salmaq və həbsxanaya yerləşdirmək üçün onların ruhi xəstə olduğu iddiasından yararlanır. AzadlıqRadiosunun əməkdaşları Fereşhen Qazi və Kian Şərifi bunun səbəblərinə toxunur.

İran hakimiyyəti İslamda önəmli elementlərdən sayılan hicab barədə qanunu pozanlara ruhi xəstə damğası vurur. Bu davranış dini hakim dairələrə qarşı etirazlarla, cəmiyyətə sosial və siyasi azadlıqların genişləndirilməsinə dair artan çağırışlarla üst-üstə düşüb.

Ekspertlər deyirlər ki, İran hakimiyyəti hökumət tənqidçilərini izləmək üçün cəzalandırıcı psixiatriyaya üz tutur. Bu, psixiatrik diaqnozlar, müalicə üsulları və tibb müəssisələrindən düzgün istifadə etməməklə fərdlərin cəzalandırılmasını, onlara nəzarəti nəzərdə tutur.

"Bizim kimi ölkələrdə ruhi xəstə olmaq insanlar arasında bir növ yasaqdır. Bu üzdən… hakimiyyət "ruhi xəstə" iddialarına üz tutur", - AzadlıqRadiosuna müsahibəsində Avropada çalışan iranlı psixoterapevt və hüquq müdafiəçisi Medis Tavakoli belə deyir.

Sağlam insanlar "xəstə" sayılır

Ötən il hakimlər ilk dəfə hicabdan imtina edən üç məşhur aktrisaya "ruhi xəstə" diaqnozu qoyublar. Misli görünməmiş bu hadisəni qınayan iranlı psixoloqların fikrincə, məhkəmə yetkilərini aşıb.

İndi də hakimiyyət Tehranda baş örtüyündən imtina edən qadınlardan ötrü reabilitasiya mərkəzi yaradıb.

Qadınlar 2022-ci ildə quruluşa qarşı etirazların önündə idi.
Qadınlar 2022-ci ildə quruluşa qarşı etirazların önündə idi.

Noyabrın 12-də iranlı rəsmilər bildiriblər ki, İslamdakı geyim qaydalarını bəyənməyən qadınlara "elmi və psixoloji müalicə" təklif ediləcək. Başqa detallar açıqlanmayıb.

İranlı psixoloqlar həyəcan təbiri çalıblar ki, sağlam insanlara xəstə damğası vurmaq fəsadlar doğuracaq.

Noyabrın əvvəlində basqınlara məruz qaldığı üçün etirazını universitet həyətində soyunmaqla bildirən iranlı tələbəni psixiatrik xəstəxanaya yerləşdirdilər. Hüquq müdafiəçiləri bu addımı qanunsuz saydılar.

Psixiatriyadan siyasi məqsədlər üçün sui-istifadə halları sənədləşdirilib. Sovetlər Birlində ondan dissidentlərə qarşı yararlanırdılar. Son illər Şimali Koreya, Çin və Rusiya da daxili tənqidçilərini ruhi xəstə sayır.

"Amnesty International"ın bilgisinə görə, 2022-ci ildəki misli görünməmiş etirazlardan sonra İran hicabdan imtina edən qadınlara qarşı nifrət bəyanatlarından və ruhi xəstə olmaları barədə iddialardan yararlanır.

Hicab qanununu pozan qadının həbsxanada ölməsinin ardınca 2022-ci ilin sentyabrında bütün İranı etirazlar bürümüşdü. Qadınlar İran teokratiyasına qarşı ən uzunmüddətli nümayişlərə çevrilən bu etirazların ön sıralarında durmuşdular. Bəzi iştirakçılar dini hakimiyyətə son qoymağa çağırmışdı.

"Hökumətlər, özü-özlüyündə, bütün tənqidçilərdən yaxa qurtara bilməz", - Tavakoli belə deyir və davam edir: "Üsullardan biri - tənqidçilərin suçlanması və onlara damğa vurulmasıdır".

Alternativ cəza

Hakimiyyət orqanlarının hicab qanunu pozanlara reabilitasiya mərkəzi yaratmaq qərarı İranda etirazlar doğurub.

Tehranda yaşayan sənədli film rejissoru və qadın hüquqlarının müdafiəçisi Mojqan İlanlu belə "parlaq" fikirləri ağlına gətirənlərə təəssüf hissi ilə yanaşdığını söyləyib.

"Onlar hamıdan yaxşı bilirlər ki, belə davranışlar insanları çox güldürür", - onun "Radio Fərda"nın əməkdaşı Röya Kərimi Məjdə bildirdiyi sözlərdir.

Son illər hakimiyyət qadınları hicab taxmağa məcbur etmək üçün bir sıra tədbirə əl atıb. Cəmiyyətdə baş örtüyündən imtina halları sürətlə artmaqdadır.

Ötən ay qüvvəyə minən "Hicab və İffət" qanununa görə, ictimai yerlərdə qaydalara uyğun geyinməyən şəxsləri cərimələr və 10 ilədək həbs gözləyir.

İran hakimiyyəti bildirib ki, Tehrandakı "müalicə" mərkəzi alternativ cəza kimi xidmət edə bilər. Ancaq İlanlunun fikrincə, klinikanın açılması göstərir ki, hakimiyyət hicab qaydalarına riayət məsələsində mübarizəni uduzur.

İrandan olan siyasi fəal Puran Nazemi qadınların mübarizə apardığını deyir.

"Mən hakimiyyət dairələrinin bundan sonra da cəmiyyətin istəyinə dirənəcəyinə şübhə edirəm", - o, "Radio Fərda"ya belə söyləyib.

XS
SM
MD
LG