Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:33

İranla Rusiyanın silah mübadiləsi davamlı olacaqmı


Ukrayna əsgərləri İran dronlarını avtomat silahlarla vurur
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Ukrayna əsgərləri İran dronlarını avtomat silahlarla vurur

İran Prezidenti İbrahim Rəisi 2022-ci ilin əvvəllərində Moskvaya səfəri zamanı müdafiə razılaşması əldə edəcəyinə böyük ümidlər bəsləyirdi. Bu razılaşma Tehrana beynəlxalq sanksiyalardan yan keçməyə və BMT-nin silah ticarəti embarqosunun vaxtının keçməsindən yararlanmağa kömək edə bilərdi.

Rusiya döyüş təyyarələri, raket əleyhinə müdafiə sistemləri və digər müasir hərbi avadanlığı Rəisinin əsas gözləntiləri arasında idi. Ancaq belə bir sual yaranırdı: sanksiyaların vurduğu, pulu və texnologiyası çox olmayan İran bunun əvəzində enerji ilə zəngin Rusiyaya nə verə bilərdi? Rusiya rəqib dövlətləri və Yaxın Şərqdəki əhəmiyyətli müştərilərini qəzəbləndirmək bahasına İrana müasir hərbi texnologiyaları verməyə razı olardımı?

Dronların əvəzinə...

Rəisinin səfərindən bir ay sonra Rusiyanın Ukraynaya hücum etməsi bu sualların cavabını verdi.

Müharibənin Kremlin gözlədiyindən qat-qat uzun çəkəcəyi və Rusiyanın silah arsenalını tükəndirəcəyi aydın olandan sonra Moskva hərbi dronlar almaq üçün İrana üz tutdu. İranın qısamənzilli raketləri, mərmi və sursatının Rusiyanın arsenalındakı boşluqları doldurduğu bildirilir. Bundan başqa İranın gələcəkdə Rusiyaya ballistik raketlər satacağı haqda söhbətlər də var.

İran bunun əvəzində Rusiyadan müasir Su-35 döyüş təyyarələri, S-400 raket əleyhinə müdafiə sistemləri və digər hərbi avadanlıq almağa ümid edir. CNN xəbər verir ki, Rusiya ABŞ-ın Ukraynaya göndərdiyi silahları ələ keçirdiyi zaman onları İrana göndərir. Burada onlar həmin silahların İran ekvivalentlərini yarada bilərlər.

“The Wall Street Journal”sa ötən həftə yazıb ki, Rusiya izləyici kompüter proqramları ilə Tehranın hökumət əleyhinə etirazları yatırmasına kömək edir.

Embarqolar

2020-ci ildə BMT-nin İrana qarşı silah embarqosunun müddəti bitən kimi Tehran vəziyyətdən öz təhlükəsizliyini möhkəmləndirməkdən ötrü yararlanmağa başladı.

Embarqonun aradan qaldırılması 2015-ci ildə İranla dünya gücləri arasında imzalanan nüvə sazişini şərtlərinin bir hissəsi idi.

13 il çəkən embarqo İranın adi silahlar idxal etməsini qeyri-mümkün etmişdi. Nəticədə Tehran regional rəqibləri Səudiyyə Ərəbistanı və İsraillə üzləşə bilmək üçün əsasən öz daxili hərbi texnologiyasından asılı vəziyyətə düşüb.

Qüvvədə qalan ABŞ sanksiyaları İranın texnologiya idxal etmək qabiliyyətini məhdudlaşdırır. Bu xüsusən də İranın nüvə silahları istehsalına yardım edə biləcək texnologiyalara aiddir. Avropa İttifaqı (Aİ) isə adi silahlar və raket texnologiyaları idxalına embarqonu qüvvədə saxlayır. Məqsəd 2018-ci ildə ABŞ-ın birtərəfli qaydada nüvə sazişindən çəkilməsindən sonra İranı sazişin şərtlərini yerinə yetirməyə məcbur etməkdir.

Ancaq BMT-nin embarqosunun qaldırılması İrana adi silah ticarəti üçün pəncərə açdı. Onun silah almaq üçün üz tutacağı ölkələrsə ilk növbədə Rusiya və Çindir.

Rəisi 2022-ci ilin yanvarında Moskvaya səfərini Tehranın Rusiya ilə münasibətlərində “dönüş nöqtəsi” adlandırmışdı. İran Rusiyadan beşinci nəsil döyüş təyyarələri, hava müdafiə sistemləri, helikopter və tanklar almaqda maraqlıdır. Ancaq müdafiə ekspertləri İranın büdcəsinin məhdud olduğunu nəzərə alaraq onun bahalı təyyarələr alması ehtimalının az olduğunu deyirlər.

1960-cı illərin təyyarələri

İran on illər ərzində əsasən 1979-cu il İslam inqilabından öncə alınmış ABŞ təyyarələrindən asılı olan hərbi hava qüvvələrini ayaqda saxlamağa çətinlik çəkir. Bu təyyarələrin bəziləri 1960-cı illərdə istehsal olunub. ABŞ-ın on illərlə davam edən sanksiyaları İranın F-5, F-14 və F-4 Fantom təyyarələri üçün ehtiyat hissələr almasını qeyri-mümkün edir. Nəticədə İranın hərbi hava donanması köhnə ABŞ təyyarələri, İranın özünün ABŞ təyyarələri əsasında modelləşdirdiyi təyyarələr, habelə 1990-cı illərdə alınmış bəzi Çin və Rusiya təyyarələrindən ibarət quramanı xatırladır.

Yanvarda İranın yarırəsmi “Təsnim” xəbər agentliyi parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının rəhbəri Şəhriyar Heydəriyə istinadən bildirib ki, İran bu ay ərzində 24 Su-35 təyyarəsi alacaq. Heydəri həmçinin İranın Rusiyadan helikopterlər, hava müdafiə və raket sistemləri sifariş etdiyini deyib.

Su-35 təyyarələrinin Ukrayna müharibəsindəki tarixçəsi maraqlıdır. Ukrayna ordusu çox sayda Su-35-i vurduğunu iddia edir.

Hücum edən təyyarələrin qarşısının alınması

“Janes” qlobal kəşfiyyat şirkətinin Yaxın Şərq üzrə müdafiə mütəxəssisi Ceremi Binni (Jeremy Binnie) hesab edir ki, Su-35 təyyarələri əsasən hava-hava rolu oynayacaq. “Onları İranın içərilərinə yerləşdirəcək, nüvə və digər strateji obyektlərə hücum edən təyyarələrin qarşısının alınmasında istifadə edəcəklər”, – deyə o, AzadlıqRadiosuna yazılı şərhində bildirib.

O əlavə edib ki, bu təyyarələr İranın mərkəzindəki İsfahan əyalətində yerləşdirilmiş ABŞ istehsalı olan, 1970-ci illərdə buraxılmış “vintaj” F-14-lərin rolunu öz üzərinə götürəcək.

Bu yaxınlarda Yaxın Şərqə səfər edən ABŞ-ın Müdafiə Katibi Lloyd Ostin (Lloyd Austin) ötən bir il ərzində Rusiyanın İranla dərinləşən hərbi əməkdaşlığından narahatlıq ifadə edib. O bunun region üçün “ciddi problemlər yaratdığını” deyib.

Su-35-lərin İranın hərbi hava donanmasına əlavə edilməsi işə yarasa da, regional düşmənləri qarşısında onun hərbi hava imkanlarını arzu olunan səviyyəyə çatdıra bilməz.

İran mətbuatı Tehranın Rusiyadan ən azı bir S-400 raket əleyhinə müdafiə sistemi sifariş etdiyini yazır. Bu sistem İranın mümkün hava hücumlarından müdafiə olunmaq qabiliyyətini gücləndirəcək. Ancaq onun bu silahı alması BMT-nin əvvəlki, Aİ-ninsə mövcud embarqolarını pozmur. Çünki bu, müdafiə silahıdır.

XS
SM
MD
LG