Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:33

İranın 'dirəniş oxu': fərqli qruplar, eyni məqsədlər


İranın dəstəklədiyi "Kətaib Hizbullah" qruplaşmasının üzvləri 2014-cü ildə Bağdadda yürüş keçirirlər.
İranın dəstəklədiyi "Kətaib Hizbullah" qruplaşmasının üzvləri 2014-cü ildə Bağdadda yürüş keçirirlər.

İranın "dirəniş oxu" adlandırdığı proksi şəbəkəsi Tehranın ABŞ-dan, bölgədəki rəqiblərindən və özəlliklə İsraildən gözlədiyi təhlükədən qorunma strategiyasının əsasıdır.

Ekspertlər deyirlər ki, işğal altındakı Fələstin əraziləri, Livan, İraq, Suriya və Yəməndə fəal olan "dirəniş oxu" İrana düşmənlərini öz ərazisindən kənarda vurmaq, eyni zamanda da bunu danmaq imkanı verir.

1979-cu ildə baş verən İslam inqilabından sonra İran sözügedən şəbəkəyə daxil qruplardan bəzilərinin yaradılmasında mühüm rol oynayıb. AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin yazısında deyilir ki, illər ərzində digər iştirakçılar da Tehranın dəvəti ilə şəbəkəyə qoşulub.

İran həmişə şəbəkəyə daxil 10-dan çox qrupdakı hər bir üzvün müstəqil fəaliyyət göstərdiyini iddia edib.

Tehranın ayrı-ayrı üzvlər üzərində təsir gücü də fərqlidir. Ancaq üzvlərdən hər birinin nail olmaq istədiyi məqsədlər, əsasən, İranın öz strateji məqsədləri ilə üst-üstə düşür. Ekspertlərə görə, bu, həmin qruplar üzərində birbaşa nəzarəti qaçılmaz etmir.

Livan "Hizbullah"ı

"Hizbullah" 1982-ci ildə, İsrailin dağıdıcı vətəndaş müharibəsi yaşayan Livana müdaxiləsinə cavab olaraq yaradılıb.

Bu siyasi və hərbi şiə təşkilatını İran İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) xarici qolu olan Qüds qüvvələri yaradıb. İİKK İran ordusunun seçkin qanadıdır.

İsraildə fəaliyyət göstərən Milli Güvənlik Araşdırmaları İnstitutu İran Proqramının tədqiqatçısı Denni Sitrinoviç (Danny Citrinowicz) deyir ki, Tehranın məqsədi Livanın müxtəlif şiə siyasi təşkilat və silahlı qruplarını bir qurumda birləşdirmək olub.

"Hizbullah" yarandığı vaxtdan bəri İrandan çoxlu maliyyə və siyasi dəstək alıb. Bu dəstək sayəsində "Hizbullah" Livanda güclü siyasi və hərbi qüvvəyə çevrilib.

"İran bu təşkilatı İsrail və ABŞ-ın İrana qarşı birbaşa müharibəyə getməsinin qarşısını alacaq əsas amil kimi görür və onun gücünü artırmaq üçün yorulmadan çalışır", - Sitrinoviçin sözləridir.

ABŞ Milli Kəşfiyyat Direktoru ofisinin məlumatına görə "Hizbullah"ın 40 minədək döyüşçüsü var. Dövlət Departamenti bildirir ki, İran "Hizbullah" döyüşçülərini silahlandırıb, onlara təlim keçib, eləcə də təşkilata yüz milyonlarla dollar pul verib.

2010-cu ildə Dövlət Departamenti "Hizbullah"ı "dünyada texniki baxımdan ən hazırlıqlı terrorçu qrup" adlandırıb.

Sitrinoviç deyir ki, İran təşkilata öz əmrlərini diktə etməyə də bilər, ancaq Tehran onun qərar qəbulu prosesinə dərindən təsir göstərir.

O, ABŞ və Avropa Birliyinin terrorçu təşkilat kimi tanıdığı "Hizbullah"ı proksi deyil, "Tehranın Yaxın Şərq strategiyasını yönəldən tərəfdaşı" adlandırır.

Həsən Nəsrullahın rəhbərlik etdiyi "Hizbullah" İranın digər proksiləri və Tehranın dəstəklədiyi silahlı qruplarla sıx əlaqələr qurub, onların döyüşçülərinin təliminə və silahlanmasına yardım göstərib.

Sitrinoviç deyir ki, Tehran özünün dirəniş oxundakı digər qruplarla münasibətlərinin idarə olunma məsələsində "Hizbullah"dan, demək olar, asılıdır.

HƏMAS

ABŞ və Avropa Birliyinin terrorçu təşkilat kimi tanıdığı HƏMAS-ın İranla münasibətləri qəlizdir.

Təməli 1987-ci ildə - Fələstin İntifadası (üsyanı) zamanı qoyulan HƏMAS "Müsəlman Qardaşları" təşkilatının Fələstin qanadıdır. "Müsəlman Qardaşları" 1920-ci ildə Misirdə yaranmış islamçı siyasi təşkilatdır.

HƏMAS-ın siyasi rəhbəri Qətərdə yaşayan İsmayıl Haniyədir. Onun hərbi qanadı olan "İzzəddin əl-Qassam" Briqadalarına Yəhya Sinvar rəhbərlik edir. Bu adamın Qəzza Zolağında olduğu düşünülür. HƏMAS-ın 20 minə yaxın döyüşçüsü olduğu bildirilir.

İran illər boyunca sünni silahlı qruplaşması olan HƏMAS-a məhdud həcmdə maddi dəstək göstərib. Ancaq 2007-ci ildə - HƏMAS Qəzza Zolağında nəzarəti ələ keçirəndən sonra Tehran ona maddi və hərbi dəstəyini artırıb.

Tehran Suriyadakı vətəndaş müharibəsi ilə bağlı ciddi fikir ayrılığından sonra HƏMAS-a dəstəyini azaldıb. 2011-ci ildə Suriyadakı münaqişə başlayanda İran prezident Bəşər əl-Əsəd hökumətini, HƏMAS isə Əsədi devirməyə çalışan üsyançıları dəstəklədi.

Ekspertlər deyirlər ki, bütün bunlar olsa da, tərəflər aralarındakı fərqlərin öhdəsindən gələ biliblər, axı son nəticədə qarşılarına eyni məqsədi – İsraili məhv etməyi qoyublar.

"[Ancaq] bu o demək deyil ki, İran HƏMAS-ın hərəkətlərdən tam xəbərdardır", - Sitrinoviç belə deyir.

London Universitetinin Şərq və Afrika Elmləri Məktəbinin (SOAS) Yaxın Şərq və İran mövzularında mühazirə oxuyan müəllimi Seyid Əli Ələvi deyir ki, İranın HƏMAS-a dəstəyi, əsasən, sözlü və mənəvi dəstək, eləcə də məhdud maliyyə yardımı ilə məhdudlaşır. Onun sözlərinə görə, HƏMAS-ın müttəfiqləri olan Qətər və Türkiyə ona önəmli dərəcədə daha çox maliyyə yardımı göstəriblər.

İran prezidenti İbrahim Rəisi Tehranda HƏMAS lideri İsmayıl Haniyəni salamlayır.
İran prezidenti İbrahim Rəisi Tehranda HƏMAS lideri İsmayıl Haniyəni salamlayır.

Fələstin İslami Cihadı

Minə yaxın üzvü olan Fələstin İslami Cihadı (FİC) Qəzza Zolağındakı iki əsas silahlı qrupun ən kiçiyi və İrana ən yaxın olanıdır.

Bu sünni silahlı qruplaşmasının təməli 1981-ci ildə qoyulub. Onun yaradıcıları iki il öncə İranda baş verən İslam inqilabından ilham alıblar. Ekspertlər deyirlər ki, Tehran işğal altında olan Fələstin ərazilərində forpost yaratmaq iddiası ilə bu qrupa xeyli maliyyə və silah dəstəyi göstərib.

Ziyad əl-Naxalahın rəhbərlik etdiyi FİC-ni ABŞ və Avropa Birliyi terrorçu təşkilat kimi tanıyır.

"Bu gün İrana bu qurumdan daha yaxın Fələstin terror təşkilatı yoxdur. Əslinə baxanda da, həmin təşkilat, əsasən, İrana güvənir", - Sitrinoviçin sözləridir.

İraqdakı şiə silahlı qrupları

İran qonşu İraqda bir neçə şiə döyüşçü qrupunu da dəstəkləyir. "Eurasia Group" məsləhət şirkətinin İran məsələləri üzrə təhlilçisi Qreqori Brü (Gregory Brew) deyir ki, bu qrupların bəzilərini İİKK yaradıb.

Ancaq 2020-ci ildə Qüds qüvvələrinin komandiri Qasım Süleymanini ABŞ qətlə yetirəndən sonra Tehranın bu qruplar üzərindəki təsiri zəifləyib. Dirəniş şəbəkəsinin memarı sayılan Süleymaninin onun üzvləri arasında böyük nüfuzu vardı.

Süleymanini öldürən ABŞ dron hücumu Xalq Səfərbərlik Qüvvələri (XSQ) rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndisin də həyatına son qoyub. Bu qurum 2016-cı ildən bəri İranın dəstəklədiyi, İraq ordusunun tərkibindəki, əsasən, şiə silahlı qruplaşmaları öz çətiri altında birləşdirir.

Ekspertlərin sözlərinə görə, Süleymani və əl-Mühəndisin ölümündən sonra "Kətaib Hizbullah" və digər silahlı qruplar daha çox muxtariyyət qazanmağa və bəzən İranın maraqlarına qarşı çıxmağa başlayıblar.

İranın dəstəklədiyi və XSQ-nin tərkibində olan qrupların çoxu eyni zamanda İraqdakı İslam Dirənişinə daxildir. Ötən ilin noyabrında tanınmağa başlayan bu qrup İsrail Qəzzaya hücuma başlayandan bəri ABŞ-ın İraq və Suriyadakı qoşunlarına hücumlar təşkil edib.

XSQ-nin tərkibindəki qrupların gücü də bir-birindən fərqlidir. Onların arasında cəmi 100 üzvü olan dəstələr də var, "Kətaib Hizbullah" kimi 10 minədək döyüşçüsü olduğunu deyənlər də.

İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda Suriya prezidenti Bəşər Əsədlə görüşür
İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda Suriya prezidenti Bəşər Əsədlə görüşür

Suriyadakı dövlət və hökumətyönlü silahlı qruplar

"Dirəniş oxu"nun İrandan başqa dövlət kimi tək iştirakçısı Suriyadır.

İranla Suriya arasında on illərə söykənən strateji müttəfiqliyin kökləri Dəməşqin 1980-88-ci illərdə İran-İraq müharibəsi zamanı İranı dəstəkləməsinə gedib çıxır.

Vətəndaş müharibəsi Əsədin hakimiyyətini təhlükə ilə üz-üzə qoyanda İİKK 2013-cü ildə Suriyaya daxil olaraq onun hakimiyyətdə qalmasına kömək edib.

İranın "hərbi məsləhətçilər" adlandırdığı yüzlərlə İİKK komandirinin hələ də Suriyada olduğu düşünülür. Tehran Suriyada, əsasən, əfqan və pakistanlılardan ibarət iri döyüşçü şəbəkəsi də qurub.

Əfqan döyüşçülərdən ibarət Fatimiyyun Briqadası və pakistanlı döyüşçülərdən ibarət Zaynabiyyun Briqadası İranın Suriyadakı proksilərinin əsas hissələridir.

"Onlar əslində İİKK-nin nəzarətində olan birliklərdir", - Brü belə deyir.

Əfqan və pakistanlı döyüşçülər vətəndaş müharibəsi zamanı Əsədə qarşı olan üsyançı qruplarla döyüşlərdə mühüm rol oynayıblar. Əfqan döyüşçülər və onların ailələrinə nəinki vətəndaşlıq verməsi, hətta onların Suriya vətəndaşlığı alması üçün İranın vasitəçi rolunu oynaması haqda xəbərlər yayılıb.

Sözügedən iki qrupdan ən böyüyü sayılan Fatimiyyun Briqadasının Suriyada bir neçə min döyüşçüsü olduğu bildirilir. Zaynabiyyun Briqadasınınsa, hesablamalara görə, mindən az döyüşçüsü var.

Husi döyüşçüsü İraq səhra komandiri Əbu Mehdi əl-Mühəndis və İran hərbi komandiri Qasım Süleymaninin posterinin yanında dayanır.
Husi döyüşçüsü İraq səhra komandiri Əbu Mehdi əl-Mühəndis və İran hərbi komandiri Qasım Süleymaninin posterinin yanında dayanır.

Yəməndəki husi üsyançıları

Husilər hərəkat kimi ilk dəfə 1980-ci illərdə sünni krallığı olan qonşu Səudiyyə Ərəbistanının artan dini təsirinə cavab olaraq meydana çıxıblar.

Bu şiə silahlı qrupu 2015-ci ildə Səudiyyə Ərəbistanının dəstəklədiyi və dünyanın tanıdığı Yəmən hökumətini devirib. Bunun ardınca Səudiyyə Ərəbistanı üsyançılara qarşı illərlə sürən müharibəyə başlayıb.

200 minədək döyüşçüsü olan husilər, paytaxt Səna da daxil, ölkənin şimal-qərbinin əksər hissəsinə nəzarət edirlər. Ölkənin Qırmızı dəniz sahillərinin də çox hissəsi onların nəzarətindədir.

Ekspertlər deyirlər ki, husilərin Səudiyyə Ərəbistanı və İsraillə düşmənçiliyi onları Tehranın təbii müttəfiqinə çevirib. Ancaq İran yalnız təxminən 2015-ci ildə onlara Qüds Qüvvələri və "Hizbullah" vasitəsilə təlim verməyə başlayıb və silah yardımı da göstərib.

XS
SM
MD
LG