Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:44

İsa Qəmbər: 'Əliyevin xanımını vitse-prezident təyin etməsi rüsvayçılıqdır'


İsa Qəmbər
İsa Qəmbər

Prezident İlham Əliyevin öz həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident vəzifəsinə gətirməsi gündəmin əsas mövzusu olaraq qalır.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər AzadlıqRadiosu-na müsahibəsində bu təyinatın mümkün fəsadlarına diqqət çəkib.

- İlham Əliyevin öz xanımını birinci vitse-prezident təyin etməsi Azərbaycan üçün rüsvayçı bir hadisədir. Təəssüf ki, Azərbaycanın onsuz da dünyada yüksək olmayan nüfuzunu daha da azaldan, Azərbaycanı gülüş obyektinə çevirən, yolverilməz bir hadisədir. Bu baxımdan onun xanımının şəxsi, işgüzar və s. keyfiyyətləri müzakirə mövzusu ola bilməz. Çünki söhbət bir dövlət başçısının öz xanımını saxta bir referendum nəticəsində mənasız, uydurma vəzifə yaradıb həmin vəzifəyə təyin etməsindən gedir. O saxta referendum nəticəsində yaradılmış vitse-prezident statusunda çox absurd qeyri-müəyyənliklər var. Əvvəla, onun səlahiyyətləri bəlli deyil. Ancaq birinci şəxs ona səlahiyyətlər verir. İkincisi də, o, seçilmiş şəxs olmaya-olmaya, - bir daha təkrar edirəm ki, o, həmin vəzifəyə seçilməyib, təyin edilib, - faktik olaraq, xalq tərəfindən seçilmiş şəxs statusuna, toxunulmazlığına və s. imtiyazlara malik olur. Bu hüquqi baxımdan absurd, ictimai-siyasi baxımdan yolverilməz və Azərbaycanın maraqlarına köklü şəkildə zidd bir hadisədir.

Buna da bax:​ 'Azərbaycan polisi bacımlarımı, körpəni polisə aparır, İlham Əliyevsə...'

- Sizcə, indən belə necə olacaq, Mehriban Əliyeva necə fəaliyyət göstərəcək?

- Onun bir fərqi yoxdur. Əsas önəmli cəhət odur ki, bu həm ölkədaxili ictimai -siyasi münasibətlərin kəskinləşməsinə rəvac verəcək, həm də hakimiyyətdaxili ziddiyyətlərin kəskinləşməsinə təsir göstərəcək. Yəni, indi hakimiyyətdə olan müxtəlif məmurların növbəyə dayanıb bu təyinatı tərifləmələri, təbliğat aparmaları səmimi xarakter daşımır. Bu təyinat hakimiyyət daxilində ciddi narahatlıq və narazılıq yaradıb. Bu, özünü müxtəlif istiqamətlərdə, müxtəlif müstəvilərdə göstərəcək.

- Necə düşünürsünüz, Mehriban Əliyevanın prezident ola biləcəyi təqdirdə kimlər qalib sayılacaq?

- Biz, istər bir araşdırma mərkəzi kimi, Milli Strateji Düşüncə Mərkəzi olaraq, istərsə Müsavat Partiyası olaraq, Azərbaycanın düzgün istiqamətdə inkişafını istəyirik. Bunun yolunda mübarizə aparmışıq və mübarizəmizi davam etdiririk.

Buna da bax:​ ‘İndiki halda ya qanun dəyişməli, ya Əliyevlər boşanmalıdır’ [video]

Önəmli olan dövlət başçısının xalq tərəfindən azad və ədalətli seçkilərlə müəyyənləşməsidir. Deputatların xalq tərəfindən azad və ədalətli seçki nəticəsində müəyyənləşməsidir. Bu baxımdan bizim üçün dəyişən bir şey yoxdur. Biz Azərbaycanda demokratik proseslərin getməsi üçün, bütün məsələlərin qanunauyğun və Azərbaycan xalqının maraqlarına uyğun şəkildə getməsi üçün fəaliyyətimizi davam etdirmək fikrindəyik.

- Sizcə, indiyədək olub-bitənlər Azərbaycanda nəyin dəyişdiyini göstərir?

- Bu rejim Azərbaycanı özünün mülkiyyətində olan bir şirkət kimi görür və bu şirkəti öz ailəsi vasitəsiylə idarə etmək haqqında düşünür. Bu da 21-ci əsrin oyun qaydalarına, dəyərlərinə, Azərbaycan xalqının demokratik ənənələrinə tam zidd bir məsələdir. Azərbaycan xalqı 100 il əvvəl Müsəlman Şərqində ilk demokratik cümhuriyyəti quran bir xalqdır. Hamımız bununla fəxr edir, yeri gəldikcə dilə gətiririk. İndi isə Azərbaycanın ictimai-siyasi tarixinə çox ciddi xələl gətirən bir hadisə baş verib. Bu hadisə sırf bu baxımdan da mənfi təsirlərini göstərməkdə davam edəcək. Amma mahiyyət üzrə dəyişən bir şey olmayacaq və bu rejim ölkəni öz şəxsi mülkiyyəti kimi idarə etməyə çalışacaq. Demokratik qüvvələr - Müsavat Partiyası, digər siyasi qüvvələr, ictimai qüvvələrsə vəziyyətin dəyişməsinə, nəhayət, ölkədə xalqın iradəsinin gerçəkləşməsinə çalışacaq. Önəmli olan bu istiqamətlərdir, bu dəyərlərə münasibətdir.

Buna da bax:​ 'Bir ailənin hegemonluğu...'

- Sizcə, bu təyinat nədən qaçılmaz idi, niyə bu addım atıldı, niyə məhz Mehriban Əliyeva vitse-prezidentliyə gətirildi?

- Bunun müəyyən səbəbləri var. Bu səbəblərlə bağlı bizim Düşüncə Mərkəzinin də araşdırmaları davam edir. Bütövlükdə mənasız referendumun keçirilməsinin, mənasız təyinatların baş verməsinin səbəblərini araşdırırıq. Müəyyən gümanlarımız da var. Açıq-aydın ortada olan bir məqam odur ki, İlham Əliyev öz komandasında heç kimə güvənmir, heç kimə etibar etmir. Yalnız ailəsi vasitəsiylə bu ölkəni öz şəxsi mülkiyyəti kimi idarə eləmək xəttini seçib. Bu, açıq-aydın görünür. Digər məqamlarsa təhlil olunmalıdır. Yəqin ki, yaxın gələcəkdə baş verən digər addımlar bu sualın cavabını asanlaşdıracaq.

Buna da bax:​

İsa Qəmbər Mehriban Əliyevanın təyinatını tənqid edir
Gözlə

No media source currently available

0:00 0:06:40 0:00

XS
SM
MD
LG