Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:42

Səməd Seyidov: "Həmin o Jagland durub desin ki..."


Səməd Seyidov
Səməd Seyidov

►“Bunlar dialoqdan niyə qaçırlar? Hansısa məsələ sizi qane etmirsə, gəlin, bir dəfə söhbət edək, yüz dəfə, min dəfə söhbət edək”.

Avropa Şurası Azərbaycanda insan haqları məsələləri üzrə birgə işçi qrupdan çıxdı. Thorbjørn Jagland-ın bu addımı Azərbaycan üçün nə qədər gözlənilən idi? İşçi qrupun üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı Səməd Seyidov AzadlıqRadiosunun bu sualına belə cavab verir:

- Təəssüflər olsun ki, cənab Jagland belə bir qərar verib. Bu qərarın verilməsi ilə Avropa Şurası özünə problemlər yaradıb, nəinki bizim işçi qrupa. Ona görə ki, bizim işçi qrup fəaliyyətini davam etdirir və bundan sonra da etdirəcək. Avropa Şurasının baş katibinin nümayəndəsinin orda olub-olmamasından asılı olmayaraq işimizi davam etdirəcəyik. Hesab edirəm ki, bu addım anti-Azərbaycan qüvvələrin təzyiqi altında atılıb. Yenə də biz görürük ki, bu məsələlər Azərbaycanda gedən proseslərin düzgün şərh olunmamasından və Azərbaycana qarşı qərəzli münasibətdən doğur. Biz dəfələrlə demişik ki, bu işçi qrupun fəaliyyəti nəticəsində narahatedici siyahıların içərisindən xeyli insan azadlığa buraxılıb, yüzlərlə işə baxılır, insan haqları ilə bağlı vətəndaş cəmiyyətiylə dialoq qururuq. 2008-ci ildə məhz Avropa Şurasının məruzəçisinin təyin olunmasıyla bağlı birinci işçi qrup öz işini dayandırdı. Biz onda da deyirdik ki, bizdə işçi qrup var, siz niyə məruzəçi təyin edirsiz, bu nə istəkdir, nə müdaxilədir Azərbaycanın iç işlərinə? Yenə də işlər axarına düşəndə, narahatedici siyahıları təhlil etməyə başlayanda Avropa Şurası öz nümayəndəsini ordan çıxarır ki, problem yaransın. Həm onda – 2008-ci ildə, həm də indi 2015-ci ildə demişdik, deyirik ki, Azərbaycanda vətəndaş cəmiyyəti içərisində insan haqlarıyla bağlı dialoqa heç bir təsir göstərə bilməyəcəklər. Bu, sadəcə, təşkilatın özünə problem yaradır. Təşkilatin mahiyyəti dialoqdur, bunlar isə ondan imtina edirlər. Mən əminəm ki, bunlar bir müddət sonra yenidən müraciət edəcəklər. Ancaq biz bu qrupu Avropa Şurası, onun baş katibi və ya nümayəndəsi üçün yaratmamışıq. Biz Azərbaycandakı problemləri vətəndaş cəmiyyətinin içərisində müzakirəsi və həlli üçün yaratmışıq. Əminəm ki, bu istiqamətdə işimizi davam etdirəcəyik.

Buna da bax: Tikinti bazarı “ölür”

Həbsdə olan ictimai fəallar
Həbsdə olan ictimai fəallar

- Amma Avropa Şurasının baş katibi deyib ki, bu qrup vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoq üçün yaradılsa da, son bir ildə vəziyyət daha da pisləşib. Hər halda, son bir ildə vətəndaş cəmiyyətinin üzvü olan xeyli sayda insanın həbs edilməsi faktdır və...

- Mən başa düşmürəm. Bu, vətəndaş cəmiyyətinin nümayəndələri işçi qrupun içərisindədir, millət vəkilləri, rəsmilər burdadır, bu gün hamısı imza atıb, insanlar azadlığa çıxır. Orda yüzlərlə işlərə baxılır, bəlkə başqa vətəndaş cəmiyyəti, başqa ölkə, dövlət haqqında düşünürlər? Onda üzr istəyirəm, mən bunların fəlsəfəsini başa düşə bilmirəm. Ancaq vətəndaş cəmiyyətinin nümayəndələri bu gün işçi qrupun işini davam etdirməsinə qol çəkiblər. Bilirsiniz, Azərbaycana qarşı dalbadal atılan addımlar göz qabağındadır və artıq maraq da doğurmur. Avropa Şurasının Azərbaycana seçkiylə bağlı göndərilməli, təsdiqlənmiş nümayəndə heyətinin məsələsi yenidən qaldırıldı. Alınmadı! AŞ-nın sağlam qüvvələri buna imkan vermədilər. İşçi qrup fəaliyyət göstərir, nümayəndəni geri çağırırlar. Biz artıq görürük ki, Azərbaycana qarşı məntiqsiz, təzyiq xarakterli addımlar işə düşüb. Təəssüf ki, belə addım atılıb. Bu, onlara problem yaradacaq, bizə yox. Nümayəndə burda iştirak etsə, problemlərin həllini görəcəkdi. Görmək istəyirsən gör, görmək istəmirsənsə, indi kimin sözüylə hansısa fikir deyəcəksən? Bunlar dialoqdan niyə qaçırlar? Hansısa məsələ sizi qane etmirsə, gəlin, bir dəfə söhbət edək, yüz dəfə, min dəfə söhbət edək. Azadlığa buraxılan 16 nəfər var, bir nəfərin müddəti endirilib, yüzlərlə iş araşdırılıb. Bir-iki nəfərin məsələsi həll olunmursa iştirakdan imtina edirlər. Bizə şərt qoyurlar.

Buna da bax: Jurnalistə cəza kəsən hakimin qaranlıq işləri

- Səməd müəllim, azadlığa buraxılanların olduğunu deyirsiniz. Amma son bir ildə bir o qədər də həbs edilən var, içərisində vətəndaş cəmiyyətinin fəallarından tutmuş jurnalistə qədər var. Cənab Jagland da saxlanma şəraiti ilə bağlı qəbuledilməz şəraitdən danışır. Onun nəyi nəzərdə tutduğunu bilirsizmi? Araşdırmısızmı?

- Siz ondan soruşun. O, dialoqdan imtina edir, biz yox. Bu yaxınlarda Avropa Şurasından qayıtmışıq. Rusiya nümayəndə heyətinin səlahiyyətlərini orda dondurublar. Deputatlar da sual edir ki, biz onların nümayəndəsi olmadan necə dialoq aparaq? Niyə onda bəs bunu edirdin? İndi də eyni söhbət. Cənab Jagland bizə demədən, heç bir izahat vermədən nümayəndəsini geri çağırır ki, vəziyyət gərginləşib. Sənədlərə bax, heç olmasa. Deməli, məsələ dialoqda deyil, başqa şeydədi. İnsan haqlarını alətə çevirmək olmaz. Axı, siz niyə müstəqil dövlətə bu şəkildə təzyiq göstərirsiniz? Həmin o Jagland durub desin ki, qeyri-qanuni qurumda qanunsuz məhkəmə iki nəfəri ömürlük həbs edib, birini öldürüb, bir nəfər bir söz demir. Belə şey olar? Buna dözmək olar? Nə qədər və hara qədər bu şəkildə bunları qəbul edəcəyik?

- Azərbaycan sanki özünütəcridə gedir, sanki körpülər yandırılır. ATƏT DTİHB seçkiləri müşahidə etməyəcək, Avropa Parlamenti sanksiyaları gündəmə gətirir, Avropa Şurası işçi qrupdan gedir. Nə baş verir? İzahınız nədir?

- Bütün beynəlxalq təşkilatlarla münasibətlərimizi ən yüksək səviyyədə təşkil etmişik, edirik və etmək niyyətindəyik. Avropa Parlamenti çağırış edir ki, beynəlxalq təşkilatlar seçkiləri müşahidə etməsin. Onun səsinə ATƏT-in texniki qurumu cavab verir ki, seçkiləri müşahidəyə gəlməyəcək. AŞPA-nın Azərbaycana seçkiləri müşahidə etmək üçün missiya göndərməsi isə, faktiki Azərbaycanı beynəlxalq təşkilatlardan təcrid etmək cəhdinə son qoydu. Nə baş verdi sonra? Üstündən 4-5 gün keçməmiş baş katibi belə bir addım atdı. Biz bilirik kimin təzyiqi altında atıldı, nəyə görə atıldı. Azərbaycanı beynəlxalq təşkilatlardan təcrid etmək mümkün deyil. Başqa cəhdlər də ola bilər. Biz bunlara hazırıq. Biz müstəqil, güclü dövlət kimi onlara cavab vermək iqtidarındayıq.

XS
SM
MD
LG