Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:45

İşğaldan azad edilən ərazilərdə 55 məntəqədə seçki olacaq: “Seçki məntəqələrinin dağınıq olması texniki çətinliklər yaradır”


Azərbaycanda seçkilərdə namizəd olmaq 'təyinatlıdır'?
Gözlə

No media source currently available

0:00 0:06:29 0:00

Azərbaycanda seçkilərdə namizəd olmaq 'təyinatlıdır'?

Azərbaycanın azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı 55-ə çatıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 5-də keçirilən iclasında bu qurumun sədri Məzahir Pənahov bildirib.

Ölkədə 125 dairə ürə ümumilikdə 6 mindən çox seçki məntəqəsi var.
Bəs işğaldan azad edilən ərazilərdə yaradılan məntəqələr az deyilmi?

Azərbaycan hökuməti 2020-ci ildə 44 günlük savaş, ötən il isə birgünlük hərbi əməliyyatlardan sonra bütün ölkə ərazisində suverenliyin bərpa edildiyini açıqlayıb. Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Ermənistanla Azərbaycanın hərbi toqquşmalarına səbəb olmuşdu. Nəticədə Azərbaycan hökuməti 20 faizdən çox ərazilərinə nəzərəti itirmişdi. Amma bu ilin fevralında növbədənkənar prezident seçkilərində işğaldan azad edilən ərazilərdə 26 məntəqənin yaradıldığı açıqlanmışdı. Prezident seçkilərindən fərqli olaraq parlament seçkilərində hansısa dairədə məntəqlərin bir-birindən uzaq olmasının indi nə kimi çətinlikləri və problemləri ola bilər?

Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidmətinin rəhbəri Şahin Əsədli düşünmür ki, 55 məntəqə azdır.

"Yəni proqrama əsasən məntəqələr də yaradılır”

Bu barədə Azadlıq Radiosuna danışan Şahin Əsədlinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə "Böyük qayıdış proqramı" əsasında köçürülən insanlar yaşayır: "Yəni proqrama əsasən məntəqələr də yaradılır, həm də tikinti, abadlıq və yenidənqurma işlərinə cəlb olunan vətəndaşlarımız var. Onların da səsverməsinin təşkili üçün seçki məntəqələri yaradılıb. Prezident seçkilərində 26 idi, sonra 34, indi 55 məntəqə var. Həmin ərazilərdə qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətdə yaşayan vətəndaşlar səs verəcəklər".

“574 məcburi köçkün məntəqəsi var”

Şahin Əsədli vurğulayır ki, məcburi köçkünlərin hamısı həmin ərazilərə köçürülmədiyindən ölkənin müxtəlif yerlərində məcburi köçkünlər üçün seçki məntəqələri də var. MSK sədri Məzahir Pənahov deyib ki, 574 məcburi köçkün məntəqəsi var, seçicilərin sayı isə 400 minə yaxındır. Hələ köçürülməyənlər qeyd olunan məntəqələrdə səs verəcəklər.

Ş.Əsədli əlavə edib ki, ölkənin seçki məntəqələrinin həm təchizatı və təşkili, həm də hazırlıqlar baxımından nümunə olacaq səviyyədə sürətlə işlər davam edir: "Seçki günü də bütün işlər hazırlıq səviyyəsinə gətiriləcək. Seçki qanunvericiliyinin tələblərinə görə, bəlli məsələlər müxtəlif vaxtlarda icra olunmalıdır. Bura seçki bülletenlərindən tutmuş onların paylanmasına qədər digər məsələlər daxildir. Amma seçki məntəqələrinin təşkil və təchiz edilməsi baxımından intensiv işlər aparılır".

"Təsəvvür edin ki, ağdamlıların bir qismi Göyçayda, Yevlaxda yaşayır...”

İşğaldan azad edilmiş rayondan (119 saylı Ağdam kənd seçki dairəsindən) namizədliyini verən, amma qeydə alınmayan "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu isə Azadlıq Radiosuna deyib ki, bu məsələdə önəmli olan məntəqələrin sayı yox, doğru adamların, insanların problemlərini bilənlərin seçilməsidir. Bununla belə Elxan Şahinoğlu məntəqələrin bir-birindən uzaq olmasının çətinliklərinin olduğunu da qeyd edib:

"Təsəvvür edin ki, ağdamlıların bir qismi Göyçayda, Yevlaxda yaşayır. Düzdür, əsas hissə Quzanlı qəsəbəsindədir, təxminən 7 minə yaxın, kifayət qədər seçici var. Lakin başqa seçiciləri unutmaq da düz deyil. Göyçaydakı 100 nəfəri unutmaq olmaz. Əlbəttə, işğaldan azad olunmuş ərazilərin bərpasından sonra bu problemlər olmayacaq. Mən orada olanda çox ciddi narazılıq gördüm. Deputatın çox böyük səlahiyyətinin də olduğunu düşünmürəm, sadəcə, hökumət qarşısında məsələ qaldıra bilərlər, ona görə ağdamlılara şans vermək lazımdır ki, özləri seçsin".

Seçkiləri müşahidə edəcək qurumların dəyərləndirməsinə gələndə isə,"Mənim səsim koalisiyası"nın nümayəndəsi Səadət Bənənyarlı da hesab edir ki, qeyd edilən məntəqələrin sayı az deyil, çünki məntəqələr seçicilərin sayından asılı olaraq formalaşır:

"Bilirsiniz ki, məcburi köçkünlərin xeyli hissəsi rayonlara qayıtmayıb, onlar qayıtdıqca, hər bir məntəqə uyğun sayda formalaşır. Lap tutaq ki, məntəqələrin sayını artırdılar, əgər əhali yoxdursa, bunun nə əhəmiyyəti var. Yalnız sakinlərin sayına uyğun şəkildə bu işlər görülməlidir".

“Məncə, ciddi çətinlik olmayacaq”

Səadət Bənənyarlı məntəqələrin bir-birindən uzaq olmasının texniki və müvəqqəti məsələ olduğu qənaətindədir: "Məncə, ciddi çətinlik olmayacaq. Prezident seçkilərində bu məsələ bir qədər asan idi, çünki seçici başqa yerdə olsa da, qeydiyyata düşüb səs verə bilirdi. Amma parlament seçkilərində bir az fərqli olacaq".

Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov isə vurğulayır ki, seçki məntəqələrinin təşkili seçki komissiyalarının səlahiyyətinə daxil olan məsələdir: “Bununla bağlı Seçki Məcəlləsinin əsas tələbi bundan ibarətdir ki, seçki məntəqələri müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı, habelə bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçicilərin sayına gəldikdə isə bir seçki məntəqəsi üzrə 50-1500 seçici qeydə alına bilər”.

“Həmin ərazilərdə faktiki olaraq siyasi partiyalar, media və...”

Onun deməsinə görə, işğaldan azad edilmiş ərazilərdən çox az məlumatlar olduğundan yalnız rəsmi rəqəmlərə istinad etmək lazım gəlir: “Bu seçkilərə münasibətdə də belədir. Həmin ərazilərdə faktiki olaraq siyasi partiyalar, media və vətəndaş cəmiyyəti təşkilatları olmadığından rəsmi məlumatlara istinad etməkdən başqa çarə qalmır. Seçki məntəqələri və seçici siyahıları ilə bağlı məsələlərə dair məlumatlar açıq olduğundan yaradılmış seçki məntəqələrinin mövcud vəziyyətə adekvat olması qənaətindəyəm”.

Birlik sədri qeyd edir ki, işğaldan azad edilmiş ərazilər üzrə Milli Məclisə seçkilərdə hər zaman çətinliklər olub və indi də o çətinliklər müəyyən qədər qalmaqdadır:

“Lakin bununla bağlı artıq formalaşmış təcrübə olduğundan bu seçkilərdə də bəlli seçki dairələri üzrə seçkilərin təşkili və keçirilməsi bundan əvvəlkilərdən o qədər də fərqlənməyəcək. Dəyişən yalnız bəlli sayda seçicilərin öz doğma yerlərinə qayıdışı ilə bağlıdır ki, həmin yerlərdə də seçki məntəqələrinin yaradılması ilə problem öz həllini tapıb”.

Onun fikrincə, amma seçki məntəqələrinin dağınıq olması müəyyən texniki çətinliklər yaradır: “Buraya seçici siyahılarının dəqiqləşdirilməsindən və yaxud seçki şikayətlərinin verilməsindən tutmuş səsvermənin nəticələrinin dairəyə çatdırılmasına qədər bütün çətinliklər daxildir. Amma bu obyektiv səbəblərdən yaranmış çətinliklərdir və buna görə kimsəni qınamaq da olmaz”.

Xatırlatma

Azərbaycanda sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin olunub. Halbuki seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi.Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl baş tutmuşdu. Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu.

Bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi isə Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

XS
SM
MD
LG