Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:37

İŞİD yaraqlıları Azərbaycanı təhidid edir? [Reaksiyalar]


Arxiv fotosu: İslam dövləti yaraqlılarından biri.
Arxiv fotosu: İslam dövləti yaraqlılarından biri.

Türkiyənin «Milliyet» qəzeti yazır ki, ​İŞİD-in yeni marşrutu Azərbaycandan keçir.

Polislərin və onların ailə üzvlərinin əsas hədəfə çevriləcəyi deyilir.

DEPUTAT: «SƏRHƏDLƏR KİFAYƏT QƏDƏR QORUNUR»

«Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları ölkənin təhlükəsizliyini qorumaqdan ötrü ən yüksək səviyyədə hazırlığa malikdirlər», – Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov AzadlıqRadiosuna belə deyir.

O, İŞİD və ya başqa ekstremist qruplaşmanın Azərbaycan üzərindən Türkiyəyə, yaxud Avropaya getməsi haqda türk mətbuatının yazdıqlarını rədd edir. «Azərbaycan sərhədləri kifayət qədər yüksək səviyyədə qorunur. Heç kim elə murdar hərəkətlərini həyata keçirmək üçün Azərbaycandan istifadə edə bilməz».

Bununla belə, deputat terror təhlükəsindən heç kimin sığortalanmadığını bildirir və bundan qorunmağın bircə yolu olduğunu söyləyir: «Ayıq-sayıq olmaq. Hüquq-mühafizə orqanları da üzərilərinə düşəni edirlər».

EKSPERT: «BU, İŞİD-İN HƏDƏFİDİR»

Təhlükəsizlik və Araşdırma Mərkəzinin rəhbəri, xüsusi-xidmət orqanının keçmiş əməkdaşı İlham İsmayıl isə türk mətbuatında yazılanları mümkün sayır: «Bu, İŞİD-in hədəfidir. Onlar müxtəlif ölkələri, o cümlədən Azərbaycanı zaman-zaman hədəf götürürlər».

Onun qənaətincə, türk mətbuatının yazdıqlarına, xüsusən də polislərlə bağlı xəbərdarlığa ciddi yanaşmaq, sayıqlığı artırmaq lazımdır. Amma İ.İsmayıl Azərbaycan xüsusi-xidmət orqanlarının bu işin öhdəsindən yetərincə gələcəklərinə şübhəylə yanaşır:

«Bizim xüsusi-xidmət orqanları daxildə əməliyyat şəraitinə nəzarət edirlər, amma xaric məsələsi bizim bəlalı yerimizdir, xaricdən informasiya almaq imkanlarımız yoxdur. Ən çox qonşu dövlətlərlə, xüsusən də İsraillə informasiya mübadiləsi edilməlidir. Son zamanlar kataklizmlər yaşayan Azərbaycanın xüsusi-xidmət orqanlarının birdən-birə bütün vəzifələrinin öhdəsindən gələcəyinə inanmıram. Düzdür, radikal dindarlar arasındakı vəziyyətə yaxşı-pis nəzarət edilir, ancaq nə dərəcədə yüksək şəkildə nəzarət edə bilir, bunu bilmirəm».

«AZƏRBAYCAN ÜZƏRİNDƏN GÖNDƏRMƏZ»

İŞİD-çilərin Azərbaycandan keçərək Avropaya keçməsinə gəlincə, İlham İsmayıl bir məqama diqqət çəkir:

«Avropada terror törədənlər elə Avropadan çıxanlardır. Nümunə Parisdə, Belçikada törədilənlərdir, bu hadisələri edənlər Fransa, Belçika vətəndaşları idi. İŞİD Avropaya terrorçunu Azərbaycan üzərindən göndərməz. Ona lazım olsa, Şimali Qafqazda hazır nümayəndələr var, elə birbaşa Rusiyanın ərazisindən göndərər. Azərbaycana,ya da Gürcüstana girmək və oradan Avropaya getmək daha çətindir, asan yolu qoyub bu marşrutu seçmələri inandırıcı görünmür».

20-25 NƏFƏRLİK YENİ QRUP?

Türkiyə mediasının iddiasına görə Suriyada keçirilən əməliyyatlarda sıxışdırılan İŞİD yaraqlıları hədəfə aldıqları Türkiyə və Avropa ölkələrinə intiharçı terrorçuları Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərməyi planlaşdırır. Bu haqda Türkiyənin "Milliyet" qəzeti yazır.

İŞİD kimi tanınan bu yaraqlı qrup Suriya və İraq ərazilərinin nbir qismini zəbt edib, orda olduqca qəddar qətllər törədir. Bu qrup dünyanın ən qanlı terrir birləşmələrindən biri hesab edilir.

Xəbərdə deyilir ki, İŞİD-in son zamanlar Azərbaycan və ümumiyyətlə Şimali Qafqazdan olan yaraqlılarına Türkiyə və Azərbaycanda fəaliyyət göstərmək üçün tapşırıq verildiyi də ortaya çıxıb.

Qəzet Atatürk Hava limanında baş vermiş terror aktından sonra İŞİD-in yeni partlayışlar hazırlaması ilə bağlı vacib bilgilərin əldə edildiyini yazır. Qəzet xüsusi xidmət orqanlarına istinadla bildirir ki, Suriyada koalisiya güclərinin apardığı əməliyyatlar üzündən fəaliyyəti zəifləyən İŞİD həm Avropa ölkələrini, həm də Türkiyəni hədəfə alacaq. Türkiyə kəşfiyyatçılarının xarici həmkarları ilə ortaq fəaliyyəti nəticəsində İŞİD-in son dönəmdə Avropa və Türkiyəyə “intiharçılar” göndərdiyi bəlli olub.

Azərbaycanlıları İŞİD-ə aparan səbəblər -

Kəşfiyyat qurumları onu da öyrəniblər ki, Türkiyədə aparılan əməliyyatlar zamanı bəzi İŞİD-çilərin kimliyi aşkar olunduğundan 20-25 nəfərlik yeni qrup hazırlanaraq az əvvəl Türkiyəyə göndərilib.

Qəzet yazır ki, Baş Polis İdarəsi hələ iyunda yerli polis təşkilatlarına göndərdiyi məlumatda Azərbaycan və Qafqazəsilli İŞİD üzvləri ilə bağlı xəbərdarlıq edib. Həmin məlumatda Azərbaycan və Şimali Qafqazdan olan terrorçuların Türkiyə və Azərbaycanda canlı bomba aktları planlaşdırdıqları bildirilib. Yaraqlıların Azərbaycanda xüsusən də polis əməkdaşları və onların ailə üzvlərini hədəfə aldıqları iddia edilir.

Hələlik bu xəbərlərə Azərbaycandan hər hansı rəsmi reaksiya yoxdur. Amma Azərbaycanın hüquq-mühafizə orqanları İŞİD qrupuna qoşulmaq ittihamı xeytli sayda adamın həbs edildiyini, belə adamların sayının gündən-günə azaldığını deyirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov AzadlıqRadiosuna deyib ki, xəbəri dəqiqləşdirdikdən sonra məlumat verəcək.

XS
SM
MD
LG