Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:51

İran İsraillə savaşa tab gətirə bilərmi?


Tehranda İsraili hədəf alan raketləri təsvir edən reklam lövhəsi
Tehranda İsraili hədəf alan raketləri təsvir edən reklam lövhəsi

İsrail aprelin 2-də Suriyanın paytaxtı Dəməşqdə İran İnqilab Keşikçiləri Korpusunun komandanı general Məhəmməd Rza Zahedini və daha altı nəfəri öldürəndən sonra İran İsraildən ağır qisas alacağına söz vermişdi. Bunun ardınca İsrail əsgərlərinin məzuniyyəti ertələnmiş, səfirliklər bağlanmış, ictimaiyyət gərginlik içində gözləməyə başlamışdı.

"Forbes" dərgisinin İranın İsrailə 13 aprel hücumundan öncə dərc etdiyi məqalədə deyilir ki, bu hücum İsraillə tammiqyaslı savaşa yol açarsa, İslam Respublikasının ayaqda qalacağı şübhə doğurur.

İsrailin hücumundan bəri İranın şərqində, Pakistanla sərhəddə yerləşən Bəlucistan əyalətində silahlı üsyan baş qaldırıb. Bu ərazidə etnik bəluclar yaşayır.

2 min 500 il boyunca barışıq yaşayan iki xalq

Aprelin əvvəlində İranın milli valyutası rial dəyərinin 30 faizini itirib. Ardınca 1 ABŞ dolları 600 min rial olub. Onsuz da zəif rialın bu qədər dəyərsizləşməsi İran xalqının əvvəlkindən də yoxsul duruma düşməsi deməkdir. İranı yönəldən dini rejim neftlə zəngin ölkənin əhalisini bu durumda idarə etməsi çətin olacaq. Başlıca ticarət tərəfdaşlarının İranla ticarəti onsuz da azaltdığı indiki ortamda İran ciddi iqtisadi risklə üzləşə, az həcmdə idxala belə imkan çatdırmaya bilər.

İran xalqı ölkənin zəngin neft sərvətlərindən az faydalana bilib. İslam inqilabının baş verdiyi 1979-ci ildən bəri radikal dini hakimiyyət İsrailə nifrəti öz varlığının mərkəzi doktrinasına çevirib. İranlılarla yəhudilər arasında real nifrət tarixinin olmadığı gözə alınsa, bu, yetərincə qəribədir. Axı hər iki xalq 2 min 500 il boyunca bir-biri ilə yaxşı yola gedib.

Nümayişçilər İranın İsrailə dron və raket hücumundan sonra Tehrandakı Britaniya səfirliyi qarşısında toplaşarkən İran və Fələstin bayraqlarını dalğalandırırlar.
Nümayişçilər İranın İsrailə dron və raket hücumundan sonra Tehrandakı Britaniya səfirliyi qarşısında toplaşarkən İran və Fələstin bayraqlarını dalğalandırırlar.

İsrailə nifrətini gerçək fəaliyyət məcrasına keçirən İran xalqın rifahına xərclənə biləcək milyardlarla dolları Fələstində HƏMAS, Livanda "Hizbullah" və Yəməndə husilər kimi qrupların maliyyələşdirilməsinə yönəldib. Son illərdə Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində silah çatışmazlığı ilə üzləşməsi fonunda İran Vladimir Putinə dron və başqa hərbi avadanlıq satmağa başlayıb.

Qadınların ictimai yerlərdə başlarını örtməyə məcbur edilməsi kimi ziddiyyətli qanunların gərginlik və kütləvi qiyam doğurduğu İranda dini hakimiyyət xalqin onu sevmədiyini bilir.

İran savaş iqtisadiyyatına keçə bilər?

İsraillə tammiqyaslı savaş İranın müharibə iqtisadiyyatına keçməli olması deməkdir. Üstəlik, iqtisadiyyatın onsuz da zəif olduğu və xalqın bunu dəstəkləmədiyi halda. Əhalisinin sayı qat-qat az olan İsrailin iqtisadiyyatı İran iqtisadiyyatından böyükdür. İsrail cəmiyyəti İranla müharibə istəmir, ancaq bu baş verərsə, gerçək ekzistensial təhlükə yaşadığından birləşəcək. İran cəmiyyəti isə parçalanmış olacaq.

Son günlərdə neftin bir barelinin qiyməti 90 dollara yaxınlaşıb. Yanvarda neftin qiyməti 70 dollara yaxın idi. Bu artım, əsasən, Yaxın Şərqdəki qeyri-müəyyənliklə bağlıdır. Ancaq qiymətlər daha öncə görülmüş rekord səviyyələrə çatmayıb. Maliyyə böhranı zamanı neftin qiyməti 140 dollara, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra isə 120 dollara yüksəlmişdi.

Bunun bir səbəbi təxminən 2007-ci ildə başlanan yanar şist inqilabıdır. Dünyada hər dəfə münaqişə yaranan zaman İranın neftdən götürdüyü böyük gəlir əvvəlki səviyyədə olmayacaq. Üstəlik, sanksiyalar yüngülləşdirilsə də, İranın öz neftini ixrac etməsi asan olmayacaq. Bunun səbəblərindən biri İranın husiləri maliyyələşdirməsi və onların İran körfəzində gəmilərə hücum etməyə həvəsləndirməsidir. Bu durumda İranın özü neftini güvənli ortamda ixrac edə bilməyəcək, çünki onun gəmiləri İsrail hücumuna məruz qalacaq. Başqa bir səbəb ölkələrin 45 il boyunca dünyaya terror və qeyri-sabitlik ixrac edən İranla ticarət aparmaq istəməməsi olacaq.

İranın İsrailə hücumundan sonra Tehrandakı Fələstin meydanına toplaşan nümayişçilər
İranın İsrailə hücumundan sonra Tehrandakı Fələstin meydanına toplaşan nümayişçilər

HƏMAS-ı silahlandırmağa milyardlarla dollar xərcləyən İran sərmayəsinin, demək olar, batdığını görür. HƏMAS hələ mövcudluğunu saxlasa da, onun hərbi gücü ciddi ölçüdə aşınıb. Qəzza müharibəsi bitəndən sonra yerli qəzzalılar HƏMAS-ın Qəzzadakı resursların çox hissəsini özünə götürməsinə və artıq bütün bu fəlakətə yol açan silahlı mübarizəni davam etdirməsinə sakit yanaşıb-yanaşmayacağını təsəvvür etmək çətindir.

"İsrail ilə hər hansı savaş…"

"Livan dövlətinin içərisinə yerləşmiş "Hizbullah" HƏMAS-ı dəstəkləmək üçün başlatdığı sərhəd toqquşmalarında İsrailin ağır zərbələrinə məruz qalıb. Tammiqyaslı müharibə başlayarsa, İsrail ağır zədə alsa da, "Hizbullah", böyük ehtimalla, darmadağın olacaq. Yaranmış vəziyyət Livanın xeyli hissəsini dağıtdığından xristian və sünnilər "Hizbullah"dan qisas almaq istəyəcək.

Neft silahı əlindən çıxmış, iqtisadiyyatı bu qədər zəif, proksilərininsə İsrail ordusu qarşısında zəif olduğu sübut edilmiş İran nəhəng problemlə üz-üzədir. Ən məntiqli çıxış yolu İsraillə razılığa gəlməkdir. Ancaq İsraillə hər hansı razılaşma İranın regional hegemonluq iddialarını əlindən çıxara bilər. İsraillə hər hansı savaşsa rejimin gələcəyini əlindən ala bilər", - məqalənin müəllifi Deniel Markind belə yazır

XS
SM
MD
LG