Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:52

İranın İsrailə hücumundan sonra neftin bahalaşacağı gözlənilir


Texasda şist neft və qaz hasilatı
Texasda şist neft və qaz hasilatı

Aprelin 12-də - cümə günü neft qiymətləri son yarımilin ən yüksək həddinə çatıb. Təhlilçilər deyirlər ki, İranın İsrailə hava hücumunun ardınca qiymətlər daha da artacaq.

Ertəsi gün gecə İran İsrailə 300-dən çox dron və raket göndərib. İsrail Müdafiə Qüvvələri onları ABŞ, Fransa, İordaniya və Britaniyanın köməyi ilə zərərsizləşdirib. Qurum yalnız bir neçə raket və dronun İsrail ərazisinə daxil olaraq Nevatim hava bazasında "kiçik" dağıntı törətdiyini bildirib.

İran bu hücumu İsrailin Suriyadakı İran konsulluğunu bombalamasından, İnqilab Keşikçiləri Korpusunun xarici qanadı olan Qüds Qüvvəsinin yüksək rütbəli komandirini öldürməsindən sonra gerçəkləşdirib. İki ölkə arasındakı düşmənçilik 40 ili aşsa da, İran ilk dəfə İsrailə hücum edib.

"Bazarın ilkin reaksiyası nə qədər sərt və ağrılı olsa da…"

İsrailin hücumuna İranın cavab verəcəyinə dair gözləntilər nəticəsində ötən həftə neft qiymətləri oktyabr ayından bəri ən yüksək həddə çatıb. "Fox Business" yazır ki, aprelin 12-də "Brent" xam neftinin bir barelinin qiyməti 71 sent artaraq 92.18 dollara satılıb. ABŞ-nin "West Texas Intermediate" xam neftinin fyuçers qiymətləri isə 64 sent artaraq 85.66 dollara çatıb.

"Qiymətlərin sabitləşməsini yalnız ticarət bərpa olunanda gözləyə bilərik. Hələlik, [hücumun] istehsala heç bir təsiri olmayıb və İran deyir ki, məsələni başa çatdırılmış saymaq olar", - PVM neft broker şirkətinin əməkdaşı Tamaş Varqa "Reuters"ə belə deyib.

"Bazarın ilkin reaksiyası nə qədər sərt və ağrılı olsa da, regiondan gələn təchizat dayanmayınca bu hərəkətlənmə qısamüddətli sayıla bilər", - bu da onun sözləridir.

Aprelin 14-də yaranmış durumla bağlı görüş keçirən Yeddilər Qrupu ölkələrinin liderləri İranın hücumunu qınayaraq G7-nin İsrailin güvənliyinə dair öhdəliyini bir daha təsdiqləyiblər. Bu barədə Ağ Ev özünün X postunda məlumat verib. Bayden administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib ki, G7 liderləri İrana qarşı sanksiyaları da müzakirə ediblər.

"Əsas məsələ…"

"Əsas məsələ …İranın bu qisas hücumunu ölçülü və yekun cavab sayıb-saymamasıdır", - "Annex Wealth Management" şirkətinin baş iqtisadçısı Brayan Yakobsen "Reuters"ə müsahibəsində deyib.

"2020-ci ildə İran ABŞ-nin general Süleymanini qətlə yetirməsinə cavabını ölçülü və ədalətli şəkildə vermişdi. İran eskalasiya etmədən əvəz-əvəz prinsipinin üzərində durarsa, neft qiymətləri, qızıl, dollar və istiqrazlar münaqişənin təsiri ilə müəyyən qədər bahalaşsa belə, səhmlərin durumu baxımından üstümüzdən yük götürüləcək", - yenə Yakobsenin sözləridir.

İran Bayden administrasiyası dövründə özünün əsas gəlir mənbəyi olan neft ixracını kəskin artırıb. Trampın dövründə İranın neft ixracatı ciddi ölçüdə azaldılmışdı.

Ağ Ev İranı ixracatını artırmağa həvəsləndirmədiyini və sanksiya tətbiq etməyi sürdürdüyünü iddia edir. İranın neft ixracatının azalması ABŞ-də neft və benzin qiymətlərinin daha da artmasına yol açacaq. Bu da payızda keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi baxımdan həssas məsələdir.

"Risk artımı vardı…"

Hörmüz boğazından keçən gəmilərin güvənliyi ilə bağlı potensial risklər də bazar qiymətlərinə təsir göstərən amillərdəndir. Hörmüz boğazı dünyada istehlak olunan neftin 1/5-ə qədərinin keçdiyi yoldur.

İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) dəniz qüvvələri komandanı ötən həftənin əvvəli bildirib ki, İran zəruri sayarsa, boğazı bağlaya bilər. Ondan öncəki şənbə günü isə İranın IRNA dövlət xəbər agentliyi İİKK helikopterinin Portuqaliya bayrağı altında üzən "MSC Aries" gəmisini saxlayaraq İran sularına gətirdiyini bildirib.

"Xam neft qiymətlərində artıq risk artımı vardı. Bu artımın nə dərəcədə böyüməsi, demək olar, tamamilə İran və Hörmüz boğazı ətrafında hadisələrin necə cərəyan edəcəyindən asılıdır", - Danimarka bankı olan "Saxo Bank"ın əmtəə strategiyası şöbəsinin müdiri Ole Hansenin sözləridir

XS
SM
MD
LG