Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

İstiqrazlar, ilan və alaçatı...


Qubad İbadoğlu
Qubad İbadoğlu

►Azərbaycan Maliyyə Nazirliyi dollar və manat istiqrazları buraxdı

Yanvarın 26-27-də Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi hər birinin nominal dəyəri 100 manat olan 4 000 000 ədəd dövlət istiqrazlarını qeydiyyata alıb. Bundan başqa dəyəri 100 dollar olan daha 5 000 000 ədəd istiqraz, dövlət qeydiyyatından keçib.

Maliyyə naziri Samir Şərifov bildirib ki, dollar istiqrazları üzrə gəlir illik 3, manat istiqrazları üzrə isə 12 faiz olacaq.

Bəs görək bu istiqrazlardan dövlətin qazancı nə olacaq, əhalinin nə? Üstəlik 1993-cü ildə istiqrazlarla bağlı əhalinin yaşadığı problemlər təkrarlanmayacaq ki? Suallarımıza hazırda ABŞ-da olan iqtisadçı Qubad İbadoğlu cavab verir:

- Qubad bəy, əvvəlcə ondan başlayaq ki, Maliyyə Nazirliyinin bu addımına münasibətiniz necədir?

- Konsepsiya olaraq bəyənirəm. Nəzəri cəhətdən düzgün yanaşmadır, amma gecikmiş addımdır. Nə qədər ki, manat sabitləşməyib, gerçək məzənnəyə minməyib, bir o qədər də əhali arasında manatla olan istiqraz vərəqələrini populyarlaşdırmaq mümkün olmayacaq. Hətta ən yüksək faizlər belə təklif olunsa da. Dollarla olanlara gəlincə, zəngin adamlar valyutalarını onsuz da ölkədən çıxarıblar. İnkişaf etmiş ölkələrin maliyyə və kapital bazarlarında yerləşdiriblər. Əlində bir az dolları olanlar da onu qara gün üçün yığır, inanmıram ki, istiqrazalara qoyalar. Amma yenə də vəziyyət valyutada olan istiqrazların faiz dərəcəsindən asılı ola bilər. Çünki son zamanlar banklarda valyuta ilə olan əmanətlərin faiz dərəcələri xeyli aşağı salındı.​

- Qubad bəy, maliyyə naziri Samir Şərifov bildirib ki, dollar istiqrazları üzrə gəlir illik 3, manat istiqrazları üzrə isə 12 faiz olacaq. Buna münasibətiniz?

- Manatla depozit faizləri hazırda onun dəyərinin sürətlə azalmasına və gerçək inflyasiya dərəcəsinə nəzərən çox aşağıdır. Odur ki, banka manatla bu faizlə vəsait yerləşdirənlər itirirlər. Dollara 3 faiz isə inkişaf etmiş ölkələrlə müqayisədə yuxarı hesab oluna bilər. Çünki dolların vətəni olan ABŞ-da depozit faizləri bu dərəcədən xeyli aşağıdır. (Ardı aşağıda)

Abid Şərifov: "Devalvasiyadan sonra Sovetskidə kompensasiya..."
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Buna da bax: YAP-çı deputat Rəsulzadəyə görə məhkəmə qarşısında

- Qubad bəy, Azərbaycanda belə bir məsəl var. İlan vuran ala çatıdan qorxar. Azərbaycanda, səhv etmirəmsə, 1993-cü ildə də istiqrazlar buraxılmışdı. İri istiqrazlar buraxıldı. maaşlar bununla ödəndi. Ancaq mağazalarda istiqrazları xırdalamırdılar. Həmin istiqrazla nəisə almaq istəyəndə mağaza xırda qaytarmadığından məcbur idin ki, həmin mağazadan əlavə başqa mallar da alasan. Bu istiqrazın dəyərində. Belə bir hal təkrarlana bilərmi?

- Hələ ondan əvvəl, sovet dövründə də populyar olan istiqrazlar SSRİ dağılandan sonra adi kağız parçasına döndü. Orta və ahıl yaşda olan əhalinin sovet dövrünün sonunda istiqrazlara görə itirdikləri yaddan çıxmayıb. Sovet dövründə də həm faiz gətirən və həm də uduşlu istiqraz vərəqləri demək olar ki, hər evdə var idi. Çünki sovet rublu sabit idi. O zaman istiqrazlarla əmək haqlarının bir qismi ödənilsə də, əhali ondan bəhrələnə bilirdi. 1993-cü ilin hadisələrini də əhali yaxşı xatırlayır. Əslində bir həqiqəti bilmək lazımdır ki, istiqrazlar ödəniş vasitəsi kimi çıxış etmir. O, daha çox pulun yığım funksiyasını həyata keçirir. Ona görə də indiki halda mağazalarda istiqrazlarla ödəniş mümkün olmayacaq. Hesab edirəm ki, bu zaman onu banklarda asanlıqla dəyişmək üçün şərait yaradılarsa, 1993-cü ilin hadisələri təkrarlanmaz. Hər şey yenə də manatın sabitliyinə və bankların maliyyə mötəbərliliyinə bağlıdır.

- Bəs, ümumilikdə bu istiqrazlardan hökumətin qazancı nə ola bilər, əhalininki nə?

- Əhalinin bundan gəlir əldə etməsi üçün bir neçə şərt lazımdır. İstiqraz vərəqələrinin faiz dərəcəsi inflyasiyadan və eyni zamanda banklardakı depozitlərin dərəcələrindən yuxarı olmalıdır. Ən əsası da manatın başqa valyuta vahidlərinə nisbətən dəyərinin aşağı düşmə səviyyəsindən yuxarı olarsa, o zaman əhali ondan gəlir əldə edə bilər. Bununla yanaşı əhali həmçinin öz vəsaitlərini daha təminatlı və təhlükəsiz yerləşdirə bilər. Hökumətə gəlincə, o, istiqraz vərəqlərini tədavülə buraxmaqla, dövriyyədən kənarda olan vəsaitləri dövriyyəyə cəlb edir. Bununla da ona lazım olan vəsaitləri əhalidən toplayaraq idarə edə bilər. Bu, pul kütləsinin düzgün tənzimlənməsi üçün çox vacibdir.

XS
SM
MD
LG