Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:12

Ramzan Kadırov Süleyman Kerimovu qan qisası ilə hədələyir


Kollaj: Ramzan Kadırov, Süleyman Kerimov və Vladimir Putin
Kollaj: Ramzan Kadırov, Süleyman Kerimov və Vladimir Putin

Çeçenistanın başçısı Ramzan Kadırov Rusiya Federasiya Şurasının deputatı milyarder Süleyman Kerimovu qan qisası ilə hədələyib.

Kadırov bildirib ki, Kerimov onun qətlinin sifariş edilməsi ilə heç bir əlaqəsinin olmadığını sübut etməlidir.

Kadırov qan qisası ilə Rusiya Dövlət Dumasının İnquşetiyadan olan deputatı Bekxan Baraxoyevi və dağıstanlı Rizvan Qurbanovu da hədələyib.

Kadırov Çeçenistanın güc strukturları nümayəndələri ilə keçirdiyi müşavirədə deyib ki, “onların qətli sifariş etmələrinin, sifariş qiymətini öyrənmələrinin şahidi olan şəxslər var”.

Beləliklə də, Çeçenistan Respublikasının başçısı sentyabrın 18-də Rusiyanın ən böyük internet mağazası – Wildberries şəbəkəsinin Moskva ofisində baş vermiş atışmanı şərh edib.

Çeçen-inquş münaqişəsi?

Kadırov bildirib ki, bu hadisə “məişət zəminində xalqları qarşı qarşıya qoymaq məqsədi güdür”.

Çeçenistan başçısı habelə atışmada iştirak etmiş “kadırovçular” barədə iradların şəxsən ona bildirilməsinə çağırıb.

Kadırovun sözlərinə görə Moskva atışmasında öldürülmüş iki gözətçi inquşdan birinin qohumu guya sosial şəbəkələrdə Kadırova qan qisası elan edibmiş.

Kadırov deyib ki, hər bir şey adətlər əsasında edilməlidir və o bu adamlarla necə rəftar edəcəyini hələ götür-qoy edir.

Süleyman Kerimov və Bekxan Baraxoyev Wildberries şəbəkəsinin reklamla məşğul Russ şirkəti ilə birləşməsində maraqlı olduqlarını dəfələrlə bildiriblər.

Kadırov Putinə qarşı?

Bu sövdələşməyə şəxsən prezident Vladimir Putinin xeyir-dua verməsi bildirilir. Deputat Rizvan Qurbanovun bu işlə hansı şəkildə bağlı olması məlum deyil.

Şəbəkənin sahibəsi ilə şərik olan əri Vladislav Bakalçuk bəyan edib ki, şirkət reyder qəsbkarlığına məruz qalıb.

Şəbəkənin 99 faizinə sahib olan Tatyana Bakalçuk ərindən boşanmaq üçün ərizə verib.

Hələ yay aylarında Kadırov Wildberries ətrafında yaranmış korporativ münaqişədə Vladislav Bakalçuku dəstəklədiyini bildirmişdi. O “arvadı ailəsinə”, biznesi isə Bakalçuka qaytaracağını vəd etmişdi.

Rusiyanın ən böyük internet mağazasının Moskva ofisində atışma sentyabrın 18-də baş verib. Buna səbəb Vladislav Bakalçukun mühafizənin müşayiəti ilə ofisə daxil olmaq cəhdi olub.

Atışmada İnquşetiya doğumlu iki gözətçi öldürülüb. İş üzrə 30-dək şəxsin həbs olunduğu bildirilir. Vladislav Bakalçuk atışmadan dərhal sonra saxlansa da, tezliklə sərbəst buraxılıb.

Biznesmenlə bilikdə onun vəkili, Çeçenistanın keçmiş prokuroru da ofisə daxil olmağa cəhd göstərmişdi.

Həbs edilənlərin arasında bir neçə çeçen, o cümlədən xüsusi təyinatlı “Axmat 1” batalayonunun komandir müavini Umar Çiçayev də var.

XS
SM
MD
LG