Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

Əliyevin köməkçisinin bacısı falçı ilə ayda 10 min manata razılaşdı


Kərəm Həsənov
Kərəm Həsənov

Prezident İlham Əliyevin köməkçisi, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayeva fala baxmaq adıyla verdiyi 2 milyon manata yaxın pulu geri almağa çalışır. Ağarzayevanın həyat yoldaşı bu olaya görə mühakimə olunan iki nəfərdən biri ilə ayda 10 min manat ödəmək barədə müqavilə bağlayıb. Bunu Sənan Ağarzayev özü məhkəmədə açıqlayıb.

500 min manat ödənəcək

Ağarzayevanı fala baxmaq, övladının bəxtini açmaq və s. adıyla aldadıb ondan bir neçə dəfəyə ümumilikdə 1 milyon 998 min pul alındığı iddia olunur. Buna görə il yarıma yaxındır ki, Şəfəq İsmiyeva və onun qeyri-rəsmi həyat yoldaşı olmuş Ceyhun Zeynallı mühakimə olunur. Zeynallı həbsdə, İsmiyeva isə ev dustaqlığındadır. Prokuror Zeynallıya 13 il, İsmiyevaya isə 10 il 6 ay həbs cəzası istəyib.

Zərərçəkmiş qismində Sənan Ağarzayev tanınıb. O, fevralın 16-da məhkəmədə bildirib ki, təqsirləndirilən şəxslərdən İsmiyeva və onun valideynləri ilə notarial qaydada razılaşma imzalayıb. Razılıq belədir ki, ailə ona hər ay 10 min manatdan olmaqla, ümumilikdə 500 min manat pul ödəyəcək. O da şikayətçi olmayacağı haqda ərizə verəcək.

Təqsirləndirilən şəxslər və onların vəkilləri bildirib ki, indiyədək istintaq və məhkəmə dövründə 220 min manat Zeynallı, 102 min manat isə İsmiyeva puldan qaytarıb.

Artıq bu iş üzrə məhkəmə prosesi yekunlaşır. Prosesdə hökmdən öncə son mərhələdir - təqsirləndirilən şəxslər son sözlərini deyir.

İddialar

İsmiyeva ilə Zeynallının münasibətləri bu prosesdə gərginləşib. İsmiyeva iddia edir ki, Ağarzayevadan aldığı pulların böyük hissəsini Zeynallıya verib, keçmiş əri onunla əlbir olub.

Zeynallı isə deyir ki, o, yalan danışır. İsmiyeva prezidentin köməkçisinin bacısından aldığı pulları banklar vasitəsilə müxtəlif adamlara göndərib. Hətta onun vəkili banklara sorğu verilməsi, bu məsələnin aydınlaşdırılmasını da istəyirdi. Lakin məsələ açıq qaldı.

"Anam xərçəng xəstəliyindən əziyyət çəkir. İndi də uşaqlarımı qonşuya qoyub gəlmişəm. Atamın 71 yaşı var. Uşaqlarıma baxacaq adam yoxdur. Xahiş edirəm, haqqımda hökm çıxaranda bunları nəzərə alasınız", – İsmiyeva son sözündə belə deyib.

O əlavə edib ki, həyat yoldaşı bu məhkəmədə onu fərqli şəkildə təqdim edib, şəxsiyyətini alçaldıb.

"Mən onların tutulmasında maraqlı deyiləm"

Zeynallı isə son sözünə hazırlaşmaq, vəkili ilə məsləhətləşmək üçün vaxt istəyib. Ona fevralın 21-nə qədər vaxt verilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Şəfəq İsmiyeva "Instagram" səhifəsində falçılıq etməsi barədə elan yayıb. Özünü Maya kimi təqdim edib. İttihama əsasən, o, Rəna Ağarzayeva ilə danışıqlara başlayandan sonra ona deyib ki, problemlərinin həlli məsələsində Rusiyada yaşayan Dmitri adlı başqa bir falçının da köməyi lazım olacaq.

Sənan Ağarzayev məhkəmədə deyib ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanmasında yox, pulunun qaytarılmasında maraqlıdır: "Əvvəldən də demişəm, mən onların tutulmasında maraqlı deyiləm. Mən pulumun qaytarılmasını istəyirəm".

XS
SM
MD
LG