Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:40

'Pandemiyanı fürsət bilib toplaşmaq hüququnu məhdudlaşdırdılar'


Bakıda 8 Mart yürüşü. 2021
Bakıda 8 Mart yürüşü. 2021

Sentyabrın 5-6-da İsveçrənin Bern şəhərində Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclası keçiriləcək. Tədbirdə Azərbaycan deputatları da iştirak edirlər.

İclasın gündəliyinə COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin vətəndaş cəmiyyətinin fəaliyyətinə təsiri, peyvəndlə bağlı diskriminasiyanın qarşısının alınması, insan hüquqları və qanunun üstünlüyünə təhdidlər daxil edilib.

Azərbaycanda koronavirus infeksiyası ilə bağlı məhdudiyyətlər 2020-ci ilin martından tətbiq olunur.

F.Mustafa
F.Mustafa

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a deyib ki, koronavirusa görə tətbiq edilmiş qadağaların bir çoxu indiyə kimi götürülüb: "Hazırda bir yerdə toplaşmaq və ya iclas keçirmək məsələləri ilə bağlı problem yoxdur. Əgər hansısa təhlükə törətmədiyini Ümumdünya Səhiyyə Təşkilatı təsdiqləsə, onda Azərbaycanda da qadağalar götürülür".

"Bu da haqlı və ya haqsız narazılıq doğurur"

Deputat qeyd edib ki, Azərbaycanda yalnız qonşu ölkələrə quru gediş-gəliş qadağası var: "Bu da haqlı və ya haqsız narazılıq doğurur. Təbii ki, insanların səyahət etmək azadlığı var. Amma toplaşmaq hüququ ilə bağlı hər hansı bir məhdudiyyət olduğunu düşünmürəm. Çünki COVID qaydalarının əksəriyyəti götürülüb".

Onun sözlərinə görə, hazırda hansısa toplantı ilə bağlı sözügedən qaydaların tələb olunması müşahidə edilmir: "Amma, yəqin ki, AŞPA komitəsində müzakirələrdə tövsiyələr də olacaq və üzv dövlətlər bu istiqamətdə konkret addımlar ata bilərlər".

B.Süleymanlı
B.Süleymanlı

"Vətəndaş cəmiyyəti də bundan əziyyət çəkir"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna bildirib ki, COVID qadağaları bir çox sahələrə mənfi təsir göstərir: "O cümlədən də vətəndaş cəmiyyətinə ciddi şəkildə məhdudiyyət yaratdı. Bu, bütün dünyada baş verdi, amma bəzi ölkələr - hansı ki, azadlıqları məhdudlaşdırmağa meyllidirlər, - onlar qadağalarda daha çox maraqlı oldular. Məsələn, pandemiyanı fürsət bilib insanların toplaşmaq, hərəkət hüququnu məhdudlaşdırdılar".

Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycan da həmin ölkələrin sırasındadır: "Azərbaycan pandemiya səngidiyinə baxmayaraq qonşu ölkələrin arasında yeganə ölkədir ki, quru sərhədlərini açmır. Bu, Konstitusiyada nəzərdə tutulmuş bəzi hüquqların pozulması deməkdir. Vətəndaş cəmiyyəti də bundan əziyyət çəkir. Yeni əlaqələrin qurulması, inkişaf etdirilməsi çətinləşib. Qapanma dövründə də vətəndaş cəmiyyəti fəaliyyətini, demək olar ki, göstərə bilmədi".

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin problemləri əvvəldən olduğuna görə pandemiya qadağaları problemləri daha da qabardıb: "Hazırda da vəziyyət ürəkaçan deyil".

Sərhədin bağlı qalması hava yolları şirkətlərini varlandırır
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.5 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə 815 mindən çox şəxsin bu virusa yoluxduğunun aşkarlandığı, onlardan da 9 min 825 nəfərin vəfat etdiyi bildirilir.

İstər dövlət başçısı İlham Əliyev, istərsə də Nazirlər Kabineti yanında Operativ Qərargahın təmsilçiləri bir neçə dəfə qeyd ediblər ki, hələlik, ölkədə bütün məhdudiyyətlərin götürülməsini lazım bilmirlər. Onların sözlərinə görə, pandemiya ilə bağlı təhlükə hələ tam aradan götürülməyib.

XS
SM
MD
LG