Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:27

‘Krım çörəkçiləri cəbhəyə piroq və kruassan göndərir’


Sevastopolda çörək mağazası
Sevastopolda çörək mağazası

Noyabrda Moskvanın Ukraynanın Krım bölgəsinə başçı təyin etdiyi Sergey Aksyonov Ukrayna ərazisində cəbhə xəttindəki Rusiya əsgərlərinə baş çəkib. O, özü ilə corab, geyim, dərman, generator, televizorlar və s. gətirdiyini deyib.

Rusiyanın 2014-cü ildə işğal etdiyi Krım bu ilin fevralında Ukraynaya qarşı müharibə başlayandan bəri forpost rolunu oynayıb. Canlı qüvvə, silah, avadanlıq və təchizat malları Rusiyanın tikdiyi Kerç körpüsü və dəniz vasitəsilə buradan daşınıb.

“Rusiyanın qələbəsi naminə”

Ancaq son aylarda Moskva yarımadanın resurslarını Ukraynada apardığı müharibəyə dəstəyə daha çox səfərbər edir. Oktyabrın sonlarında Rusiya Prezidenti Vladimir Putin regionun Ukrayna ilə sərhədinin təhlükəsizlik rejiminin gücləndirildiyini elan edib. Putinin əmri ilə Krımdakı işğal rejiminin rəsmilərinə “mülki infrastrukturdan silahlı qüvvələrin ehtiyaclarını qarşılamağı tələb etmək” səlahiyyəti verilib. Bu haqda məlumatı beynəlxalq təhlükəsizlik sahəsində konsaltinq şirkəti olan “Crisis24” verib.

Yarımadada demək olar, bütün əsas şirkətlər işğalçı hökumətin “Rusiyanın qələbəsi naminə” şüarı altında fəaliyyət göstərir. Kiçik biznes, mülki qurumlar, o cümlədən məktəblərdən Rusiyanın zəif təchiz edilmiş ordusuna sadə təchizat malları göndərmək tələb olunur.

Putinin sentyabrda hərbi səfərbərlik elanından az sonra Rusiyanın hakim “Yedinaya Rossiya” partiyasının yerli ofisləri Krımın mülki sakinlərindən təchizat malları toplamağa başlayıblar.

“Humanitar yardım”

Krım bölgəsinin Rusiya ordusuna ən sadə təchizat malları göndərmək yönündə səyləri Rusiyanın tez-tez “dünyanın ikinci güclü ordusu” adlandırdığı qoşunlarını təchiz etməyə çətinlik çəkməsi xəbərlərini təsdiqləyir.

İşğalçı hökumətlə əlaqəli bir mətbuat orqanının noyabrın 17-də verdiyi xəbərdə deyilir ki, "Krımın təşkilatları və şirkətləri öz işlərini cəbhəyə yardıma yönəldiblər”.

"Krım çörəkxanaları cəbhəyə piroq və kruassan göndərir. Simferopolda tələbələr əsgərlər üçün plaş tikirlər. Krımın hər yerindən könüllülər borş bişirir, şam düzəldir və corab toxuyur”, – xəbərdə deyilir.

Aksyonov dekabrın 6-da sosial media postunda Rusiyanın quru qoşunlarına “humanitar yardım”, o cümlədən “qaz plitələri, kanistrlər, portativ qızdırıcılar, termal alt paltarı, isti geyim, yataq kisələri, dərman, ərzaq və gigiyena məhsulları” göndərildiyini bildirib.

“Dilənirlər”

"Krımın qondarma təhsil naziri yerli məktəblərin çət qruplarına mesaj göndərərək onları əsgərlər üçün papaq, balaklava (üzü örtərək şaxtadan qoruyan papaq – tərc.) və qulaqlıq toxumağa çağırır…”, – Krım tatar resurs mərkəzinin rəhbəri Eskender Bariyev deyir.

"Valideyn və şagirdlərdən dekabrın 12-dək sinifbaşına üç top xaki, tünd boz və tünd qonur rəngdə parça vermək xahiş edilib. Toxuya bilənlərə isə dekabrın 16-dək hazır toxunmuş məhsullar gətirmək tapşırılıb”, – o söyləyir.

"Dilənirlər və müharibə üçün xalqdan bacardıqları hər şeyi qoparmağa çalışırlar”, – deyən Bariyev bu cür yardımları “insanlıq əleyhinə cinayətləri dəstəkləmək və onlarda iştirak etmək” sayır.

Noyabrın sonlarında Aksyonov “əsgərlərimiz üçün baza məhsulların istehsalçılarına” subsidiya kreditləri proqramını elan edib. Proqramın “geyim, uniforma, avadanlıq, şəxsi gigiyena malları, əczaçılıq, tibb məhsulları, yataq dəstləri, radio avadanlığı və izləmə avadanlığı” istehsalçılarını əhatələyir.

Fevralın sonunda Ukraynaya hücuma başlayan Moskva Qərbin ağır sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG