Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:09

Lerikdə 'kəsilmiş barmağı sarımağa həkim tapılmır'


Həkim növbəsində duran xəstələr
Həkim növbəsində duran xəstələr

Lerik rayonunda cərrah yoxdur, xəstələr müalicəyə qonşu rayonlara və Bakı şəhərinə üz tuturlar. Adının çəkilməsini istəməyən bir rayon sakini AzadlıqRadiosuna deyir ki, illər keçir, ancaq bu problem həllini tapmır: "Kəsilmiş barmağı sarımağa həkim tapılmır. Ucqar kəndə yaşayıram. Oradan rayon mərkəzinə 18-20 kilometrdir. Maşın 10 manata aparır. Rayon mərkəzindən də Lənkərana getmək üçün yola 5-6 manat xərclənir. Demək olar ki, bir gün yol gedirsən. Göndəriş olmayanda Lənkəranın mərkəzi xəstəxanası xəstəni qəbul etmir. Məcbur olub özəl klinikaya üz tutursan. Orada da xidmət bahadır. Lerikdə xirurq yoxdur. Elə xəstələr var ki, bir neçə dəfə Lənkərana getməli olur. Qazandıqlarımızı bu yolda xərcləyirik. Dərdimizi kimə deyək?!" .

Kənd xəstəxanası
Kənd xəstəxanası

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 2022-ci ilin əvvəlinə bölgələr üzrə ümumi həkimlərin sayını açıqlayıb. 80 min civarında əhalisi olan Lerikdə bu rəqəm cəmi 38-ə bərabərdir və 2019-cu illə müqayisədə 50 faizə qədər azalıb. Rayonda bir dövlət xəstəxanası, əhaliyə ambulator poliklinika yardımı göstərən 26 müalicə müəssisəsi var.

"UZİ yoxdur Lerikdə"

Lerik rayonunun digər sakini Mehdibəy Səfərov rayonda həkim çatışmazlığından əziyyət çəkdiklərini söyləyir. O, rayonda baş həkimin, təmir edilmiş xəstəxananın fəaliyyət göstərdiyini vurğulayır: "Elə yüngülvarı xəstələr var ki, burda müalicə alırlar. Söhbət ondan gedir ki, həkim çatışmır. Camaat Lənkərana üz tutur. UZİ (ultrasəs müayinəsi) aparatı yoxdur Lerikdə. Cərrahiyyə əməliyyatlarına görə başqa yerlərə gedirlər. Dəfələrlə bununla bağlı müzakirələr gedib. Deyirlər, "həll edəcəyik". Amma həll olunmur. İnsanlar əziyyət çəkir".

Həkim-pediatr Davud Qurbanov rayonlarda həkim çatışmazlığının bir səbəbini maaş azlığında görür: "Həkimə az pul verirlər. Başqa ölkələrdə həkimlərin əməkhaqqı qat-qat yüksəkdir. Bizdə iş yükü də ağırdır. Türkiyədə bir gündə qəbul edilən xəstələri Almaniyada bir həftədə qəbul edirlər. Bizdə isə həkim istənilən sayda xəstə qəbul edir. Biz çox işləyirik, az alırıq. Deyirlər ki, həkimlərin əmək haqları artırılıb. Azərbaycan həkimi xarici ölkə həkimlərindən altı-yeddi dəfə az pul alır. Ona görə xaricə qaçırlar".

Təyinat olarsa...

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov da rayonda həkim çatışmazlığını təsdiqləyir: "Həkim çatışmır. Xirurq, dəri zöhrəvi, lor həkimləri yoxdur. Bir pediatrımız var. Onun da 70 yaşı tamam olandan sonra pensiyaya çıxacaq. Bir nəfər rayonun öhdəsindən gələ bilmir. Əhali müalicə üçün Lənkərana, Bakıya gedir. Göz həkimi yoxdur. Müxtəlif sahələr üzrə 47 həkim və 60-a yaxın tibb işçisi çatışmır. Bununla bağlı hər il müvafiq orqanlara müraciət edirik".

Məlikov təyinatla həkim çatışmazlığı problemini aradan qaldırmağın mümkün olacağını deyir.

Astara Rayon Mərkəzi Xəstəxanası
Astara Rayon Mərkəzi Xəstəxanası

Həkim çatışmazlığı təkcə Lerikdə deyil, qonşu rayonlarda da özünü kəskin göstərir. Məsələn, Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Oqtay Əmənullayev da eyni problemdən danışır: "Rayonda 50-yə yaxın həkim yeri boşdur. Həkim ən azı 1000 manatdan yuxarı əmək haqqı alır. Əlavələr də verilir. Bizdə iri şəhərlərə həkim axını hələ ki, qalır. Məsələn, 10-dan çox astaralı həkim Lənkəranda çalışır. Amma indi təchizatımız yaxşıdır. Cərrahiyyə əməliyyatı aparmaq üçün hər şey var".

Əmənullayev də düşünür ki, səhiyyə sistemində məcburi təyinat bölgələrdə həkim çatışmazlığını həll edə bilərdi.

214 həkimin bir hissəsi bölgələri seçib

AzadlıqRadiosu deyilənlərə səhiyyə qurumlardan münasibət ala bilməyib. Ancaq Səhiyyə Nazirliyinin ötən ilin dekabrında yaydığı məlumata görə, 2022-ci ilin noyabrında rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib. Təyinatda dövlət sifarişi əsasında rezidentura təhsili almış 214 həkim-mütəxəssis iştirak edib. Həkim-mütəxəssislərin bir hissəsi bölgələrdə işləməyə üstünlük veriblər. Əksəriyyəti isə Bakı şəhərində yerləşən tibb ocaqlarını seçiblər.

AzadlıqRadiosu bir müddət öncə bölgələrdə ginekoloq çatışmazlığını araşdırıb. Lerik rayonunda çalışan ginekoloq AzadlıqRadiosuna deyib ki, bölgələrə təyinat ilə getmək maddi durumlarına uyğun gəlmir: "Lerikdənsənsə, gəlib burada işləyə bilərsən, əks halda 500-600 manat pul ilə ev, kommunal, ərzaq və digər şeylərə pul çatdıra bilmirsən".

XS
SM
MD
LG