Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:44

Mərhum modelin ailəsi: 'Dedilər, dua edin, yaşasın...'


Arxiv fotosu
Arxiv fotosu

"Qızımı ailəsinin razılığı, xəbəri olmadan əməliyyata alan həkimlər məsuliyyətə cəlb olunmalıdır. Onlar mənim 21 yaşlı Leylamın həyatının üstündən qara xətt çəkiblər. Pula hərislik üzündən gərəksiz cərrahiyyə əməliyyatına qərar verib, qızımın həyatına qəsd ediblər".

Şirkətlərdən birində model kimi çalışan Leyla Oruclunun ailəsi onun Bakıda özəl klinikalardan birində əməliyyat zamanı həyatını itirməsinə hələ də inana bilmir.

Leyla Oruclu iyunun 22-də “Zəfəran Hospital”da liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız komaya düşüb və iki gün sonra vəfat edib.

Buna da bax:​ Xəstə yaxını: 'Söz verdi ki, 3 gündən sonra yeriyəcək, amma...'

“Dedilər, dua edin, yaşasın”

Anası Sevinc Alpman deyir, həmin gün Leyla evə gəlməyib, telefon zənglərinə də cavab verməyib. Gecəyarısı anaya hospitaldan zəng gəlib və Leylanın əməliyyat olunduğu, vəziyyətinin ağırlaşdığı bildirilib:

"Hospitala getdik, qızımı görməyə imkan vermədilər. Dedilər, dua edin, yaşasın. Ertəsi gün səhər saat 9-da Leylanı əməliyyat etmiş Sirus həkim işə gəldi, liftin qabağında dayanmışdı, yaxınlaşıb Leylanın ailəsi olduğunu dedik, lifti gözləmədən qaçıb pilləkənlərlə yuxarı çıxdı. Başa düşdük ki, Leylanın durumu yaxşı deyil".

Leylanın ailəsi həkimləri onu ailəsindən xəbərsiz əməliyyat etməkdə suçlayır:

"Leylanın boyu 170 sm, çəkisi 50 kq idi. Daha əvvəl Leyla başqa həkimin yanında olub və əməliyyat barədə danışanda həmin həkim bildirib ki, əməliyyata qətiyyən ehtiyacı yoxdur. Leylanın həqiqətən də əməliyyata ehtiyacı yox idi. Ancaq bu həkimlər 21 yaşlı qızın sadəlövhlüyündən istifadə edib, pul xatirinə onu əməliyyat masasına uzadıblar. Məni yandıran da budur... Pula görə əməliyyata ehtiyacı olmayan gənc qızın ölümünə, ailəsininsə bədbəxtliyinə bais olublar. Mənim istədiyim də odur ki, bu həkimlər cəzalandırılsınlar. Qızımın ölümündən sonra mənə zənglər gəldi. Həmin adamlar bu həkimlərin əlində əməliyyat zamanı şikəst olanlar idi. Mənim Leylam bu həkimlərin nə birinci, nə də sonuncu qurbanıdır".

Buna da bax:​ Bədənində 10 qəlpə gəzdirən könüllünün şikayəti

“Analizlər əməliyyata imkan verirdi”

Leyla Oruclunun ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani iddiaları qəbul etmir: "Başqa xəstəxanada analizlər vermişdi. Analizlər əməliyyata imkan verirdi. İyunun 22-də saat 16:00-da əməliyyata alındı, əməliyyat saat 18:00-da yekunlaşdı və o, palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdi, reanimasiyaya köçürüldü. Leyla pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi".

Cərrah deyir, ona müraciət edən Leylaya əvvəldən xəbərdarlıq edib ki, onun əməliyyata ehtiyacı yoxdur. Ancaq Leyla əməliyyat etdirməkdə israrlı olub və əməliyyata razılıqla bağlı müəyyən sənədləri imzalayıb. Cərrah prokurorluq orqanı tərəfindən izahatı alındığını da deyib.

Buna da bax: Səkkiz günün xəstə əsgəri Hərbi Hospitalda keçindi

“Həkim səhvi sübut edilməlidir”

Leyla Oruclu 8-ci sinfədək Bakının Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonra 100 saylı orta məktəbdə təhsil alıb. Maliyyə-iqtisad kollecini bitirəndən sonra model kimi şirkətlərdə çalışıb. Bu il ali təhsil almaq üçün Ukraynaya getməyi planlaşdırırmış.

Leylanın ölümü ilə əlaqədar Nərimanov Rayon Prokurorluğunda istintaq davam edir.

Hüquqşünas Vaqif Alıyev deyir, yetkinlik yaşına çatmış şəxs cərrahiyə əməliyyatına qərar verməkdə sərbəstdir və buna görə həkimlərin məsuliyyəti yoxdur: "Xəstənin ölümünün cərrahi müdaxilə zamanı həkim səhvi üzündən baş verdiyi sübut olunarsa, o zaman həkimlər yalnız buna görə cinayət məsuliyyətinə cəlb oluna bilər".

XS
SM
MD
LG