Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:22

Məhbus atası: 'Oğlumu harasa aparıblar, yerini bizə demirlər...'


B.Əliyev
B.Əliyev

Neftçala sakinləri – İmamverdi Əliyev və həyat yoldaşı Yeganə Əliyeva deyir ki, həbsdə olan övladlarının həyatından narahatdırlar. Amma ölkədəki karantin rejiminə görə Bakıya gəlib, vəziyyətin nə yerdə olduğunu öyrənə bilmirlər.

Söhbət 13 saylı Cəzaçəkmə Müəssisəsindəki ticarət köşkündə ərzaq və başqa tələbat mallarının bahalığına etiraz etdiyinə görə cəzalandırıldığı iddia olunan Bəhruz Əliyevdən gedir.

"Uzun müddətdir ki, evə zəng eləmirdi. Oradakı başqa məhkumların yaxınların vasitəsilə öyrənmişdik ki, onu cəzalandırıblar, zülm eləyirlər. Aprelin 21-də axşam xəbər gəldi ki, Bəhruzu o müəssisədən çıxarıb harasa aparıblar. Harasa aparıblar, bizə də heç nə demirlər", - atası İmamverdi Əliyev AzadlıqRadiosuna danışıb.

"Necə sussun?"

Məhbusun anası Yeganə Əliyeva deyir ki, hətta yerini dəyişiblərsə belə, bu haqda valideynlərinə xəbər verilməməsi, ailəsiylə telefon danışığına imkan yaradılmaması Bəhruzun durumuyla bağlı şübhələrə əsas verir: "Yollar bağlıdır, zəng eləyirik, telefonlarımıza da cavab verən yoxdur. Adama belə zülm eləməzlər, axı... Atasının 68, mənim 63 yaşım var, nigarançılıqdan ölürük. Bir ildir ki, mənim övladım o müəssisədə işgəncə, zülm çəkir. Günahı da budur ki, haqsızlığa etiraz edir. Necə sussun? Özləri normal yemək vermir, satılan ərzağın qiyməti də od tutub yanır. Boğazımızdan kəsib göndəririk, çatmır..."

Məhbusun yaxınları ehtimal edir ki, onu Binədə yerləşən, əsasən vərəmli məhbusların saxlandığı 3 saylı İxtisaslaşmış Cəzaçəkmə Müəssisəsinə köçürüblər: "Bizə dedilər ki, ora təkcə cəzaçəkmə müəssisəsi yox, həm də cəza yeridir. Etiraz edənlərə daha artıq zülm eləmək üçün ora göndərirlər".

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məhkum B.Əliyevin 13 saylı Cəzaçəkmə Müəssisəsindən köçürülməsini nə təsdiq, nə də təkzib edib. M.Sadıqov AzadlıqRadiosuna bildirib ki, məhkumların yerdəyişməsi barədə məlumatlar konfidensialdır, açıqlanmır. Məhkumların özlərinin durumunu nəzərə alaraq, qanun bu məlumatları açıqlamağı qadağan edir: "Məhkumun ailə üzvlərinə bu haqda xəbər veriləcək. Əgər yeri dəyişibsə...".

Xatırlatma

"Neytral" İnformasiya Agentliyinin (nia.az) təsisçisi olan Bəhruz Əliyev 2018-ci ilin mayında həbs olunub. O, CM-in 311-ci (rüşvət alma) maddəsi ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. İddia olunur ki, B.Əliyev müxtəlif adamları onları rüsvay edən məlumatlar yaymaqla hədələyib, pul alıb.

Amma anası bu ittihamı rədd edir. İddia edir ki, oğlu yüksəkvəzifəli şəxslər, o cümlədən, SOCAR prezidenti Rövnəq Abdullayev, Prezident İlham Əliyevin keçmiş köməkçisi Əli Həsənov haqqında yazılara görə cəzalandırılıb: "Hətta biz məhkəməyə Əli Həsənovun köməkçisi Cəmaləddin Quliyevin Bəhruzla danışığının səs yazısını da təqdim etmişik. Oradan hər şey aydın olur".

B.Əliyevin işi hazırda Ali Məhkəmədədir.

Azərbaycan rəsmiləri isə ölkədə tənqidlərə görə heç kimin cəzalandırılmadığını bəyan edirlər.

XS
SM
MD
LG