Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:11

Makron Əliyev və Paşinyanla danışıqlar aparacağını deyib


Fransa prezidenti Emmanuel Makron deyib ki, o Qarabağ münaqişəsinin tənzimlənməsi, habelə Azərbaycan tərəfindən bölgənin blokadası və bunun nəticəsində yarana biləcək humanitar böhranla bağlı yeni diplomatik təşəbbüslə çıxış edəcək.

Amerikanın səsi yazır ki, Makron avqustun 28-də Fransa səfirləri ilə keçirdiyi müşavirədə yaxın günlərdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacağını bildirib:

“Biz Laçın humanitar dəhlizi ilə bağlı razılaşmaya tam əməl olunmasını tələb edəcək və bu məsələdə təzyiqi artırmaq məqsədilə beynəlxalq səviyyədə diplomatik təşəbbüslə çıxış edəcəyik”.

Xəbərdə xatırladılır ki, Ermənistan bu yaxınlarda Qarabağda yaranmış humanitar vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına nail olmuşdu.

Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan bu ayın əvvəlində xəbərdarlıq etmişdi ki, Qarabağ əhalisi ərzaq, dava-dərman və enerji resurslarının çatışmazlığına görə “əsl humanitar fəlakətin astanasındadır”.

Təhlükəsizlik Şurasında keçirilən iclasda heç bir qətnamə və ya bəyanat qəbul edilməmişdi.

Azərbaycan Fransanın mövqeyindən narazıdır

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Ermənistanı Laçın dəhlizindən Qarabağa mina və qanunsuz silahlıların gətirilməsi üçün istifadə etməklə vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Onun sözlərinə görə Azərbaycan məhz bu qanunsuz fəaliyyətin qarşısının alınması üçün Laçında sərhəd-buraxılış postu yaradıb.

Abdullayeva habelə gileylənib ki, “Fransanın bəzi seçkili rəsmiləri Qarabağ üçün humanitar yükləri müşayiət etməklə Azərbaycanın gözdən salınmasına və Bakının humanitar böhran yaradılmasında ittiham edilməsinə çalışırlar”.

Fransa prezidenti Emmanuel Makron ötən həftə verdiyi müsahibələrdən birində Laçın dəhlizi ilə bağlı “hazırda diplomatiya zamanının olmadığını” bildirmişdi.

Ermənistan rəsmiləri BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamənin qəbulunu istəyirdilər. Yerevan belə bir tələbi irəli sürməkdə davam edir.

Bundan əvvəl

İstər Ermənistan, istərsə də Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanın 2022-ci ilin dekabrından Dağlıq Qarabağı blokadaya aldığını və bunun ərzaq, dərman və enerji çatışmazlığı ilə nəticələndiyini bildirir.

Rəsmi Bakı Qarabağın blokadada olması iddialarını qətiyyətlə rədd edir.

Azərbaycan tərəfi bildirir ki, Ermənistanla sərhəddəki Həkəri çayı üzərində sərhəd yoxlama-buraxılış məntəqəsinin qurulması onun suveren haqqıdır və beynəlxalq normalara uyğundur.

Rəsmilər deyirlər ki, bu postdan əsas məqsəd Qarabağa silah-sursat və başqa qanunsuz yüklərin gətirilməsinin qarşısını almaqdır.

Bu da bildirilir ki, Qarabağın erməni əhalisi Ermənistana gedib-gəlmək üçün bu postdan istifadə edir.

Azərbaycan Qarabağa humanitar yüklərin gətirilməsi üçün Ağdam, habelə Füzuli-Şuşa yolundan istifadə edilməsini təklif edib. Avropa rəsmiləri Azərbaycanın bu təklifini alternativ variant kimi dəstəkləyiblər.

Lakin Qarabağdakı separatçı rejimin rəhbərləri Ağdamdan humanitar yardım gətirilməsi təklifini rədd ediblər və Əsgəran ərazisində Ağdama gedən yolu beton bloklarla bağlayıblar.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Atəşkəsin pozulması ilə də bağlı vaxtaşırı məlumatlar yayılır. Tərəflər buna görə də, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.

XS
SM
MD
LG