Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:22

Orucu pozmağa görə cərimələr multikultural Malayziyada mühafizəkarlığın artdığını göstərir


Müsəlmanlar Kuala-Lumpur bazarında iftar edirlər.
Müsəlmanlar Kuala-Lumpur bazarında iftar edirlər.

Malayziyada dini qurumlar Ramazan ayında əxlaq polisini aktivləşdirib. Tənqidçilər bu addımın mədəni müxtəlifliyi ilə seçilən çoxirqli Malayziyanın İslamın daha mühafizəkar biçiminə keçidinin bir parçası olduğunu deyirlər.

Ölkənin bir çox yerində gündüz saatlarında yemək yeyən, yaxud nəsə içən müsəlmanlar cəzalandırılıblar.

İkili hüquq sistemi var

Malayziyanın 34 milyonluq əhalisinin 20 milyon 600 min nəfərə qədəri müsəlmanlardır. Ancaq ölkə iri çinli və hindli azlıqların da vətənidir. Onların arasında buddistlər, xristianlar və induistlər çoxdur. Bundan başqa, ölkədə fərqli avtoxton icmalar da gözdən qaçmamalıdır.

Ölkənin ştatdan-ştata dəyişən qeyri-adi ikili hüquq sistemi var. Müsəlmanlar evlənmə, boşanma və oruc tutma kimi bir çox sosial məsələlərdə şəriət qanununa tabedirlər.

Fəallar deyirlər ki, Ramazan ayında dini polis qaydaları pozanları tutmaq üçün öz fəaliyyətini gücləndirir, küçələrdə və ictimai qida məkanlarında daha çox görünür.

Gündüz vaxtı yeyib-içərkən tutulan şəxslər min Malayziya ringgitinədək (340 manata yaxın) cərimələnə və bir ilədək həbs cəzası ala bilərlər. Oruc saatlarında müsəlmanlara yemək, içki və tütün məmulatı satan qeyri-müsəlmanlar da cəzalandırılırlar.

Hələlik, bu il həbs olunanların sayı açıqlanmayıb. Amma ötən il önəmli turist məkanı sayılan Malakka ştatında dini qurumlar Ramazan ayında yemək yediyi üçün 100 nəfər müsəlmanı həbs edib. Onlar bu sayın daha öncəki ildən 41 faiz çox olduğunu deyiblər.

Malakkadan şimaldakı Perak ştatında əyalətin dini qurumu təftiş və reyd videolarını TikTok-da paylaşıb.

Yeməklərini ayaqyolunda yeməyə məcbur ediliblər

Cənub və cənub-şərqi Asiyanın çox yeri kimi, Malayziya da tarixən islamın mötədil formasına üstünlük verib. Ancaq son illərdə dini mühafizəkarlığın artması gözə çarpır.

Ekspertlər deyirlər ki, bu dəyişiklik ultramühafizəkar islamçı partiya olan PAS-ın 2023-cü il seçkilərində tarixi uğur qazanmasından qaynaqlanır. Bu partiyanın ölkənin şimalındakı mühafizəkar ştatlarda güclü təsiri var.

2019-ci ildə Malayziyada iki əsas müxalifət partiyası ölkənin əksəriyyətini təşkil edən etnik Malay müsəlmanlarının dəstəyini qazanmaq üçün siyasi ittifaq yaradıblar.
2019-ci ildə Malayziyada iki əsas müxalifət partiyası ölkənin əksəriyyətini təşkil edən etnik Malay müsəlmanlarının dəstəyini qazanmaq üçün siyasi ittifaq yaradıblar.

PAS lideri, eyni zamanda ilahiyyatçı olan Hadi Avanq vaxtaşırı şəriət qanunlarının sərtləşdirilməsinə dəstəyini dilə gətirir.

"İslam bacıları" adlı Malayziya qadın haqları təşkilatı bildirir ki, Ramazan ayında əxlaq polisinin fəallaşması çoxdankı problemdir. "İslam bacıları" təşkilatı dini polis siyasətinə qarşı çıxır və başqa bir problem olan "xəlvət" qanunları məsələsini qaldırır.

Eyni zamanda "yaxınlıq qanunları" kimi tanınan və ştatdan-ştata dəyişən bu qanunlar mülki şəriət qanunlarının bir hissəsi olub, yalnız müsəlmanlara tətbiq edilir. Bu qanunlardan evlənmədən bir-birinə çox yaxın olduğu düşünülən cütlükləri izləmək üçün istifadə edilir.

Martın 8-də dini polis bu qanuna dayanaraq paytaxt Kuala-Lumpurdakı bir dəbdəbəli yaşayış kompleksində evli aktyorla subay aktrisanı tutub. Bu olay yerli mediada böyük əks-səda verib. Mühafizəkar siyasətçilər qəzəblərini dilə gətirib, aktyorlarsa ictimai şəkildə üzr istəməli olublar.

"İslam bacıları" CNN-ə bildirib ki, dini qanunların tətbiqinin belə ifrat hal alması son illərdə daha da artıb.

"Əxlaq polisinin bu cür hərəkətləri şəxsi azadlıqları pozur, İslamın imicini təhrif edir və mühüm suallar doğurur", - qurumun sözçüsü Amina Siddiqinin sözləridir.

Onun dediyinə görə, Ramazan ayında dövlət məktəblərindəki yeməkxanaların bağlı saxlanması, şagird və müəllimlərin günboyu yeməksiz qalması praktikası da yayılıb.

"Nəticədə bəzi hallarda qeyri-müsəlman şagirdlər oruc tutan yoldaşlarına "sayqı" naminə yeməklərini ayaqyolunda yeməyə məcbur ediliblər", - Siddiqi deyir. Onun sözlərinə görə, oruc tutma ilə bağlı bu həssaslıq gərginliyi daha da artırır.

Kuala-Lumpurda Ramazan bazarı
Kuala-Lumpurda Ramazan bazarı

Hətta yorğun, yaxud xəstə olsan da…

"Restoran və yeməkxanalar Ramazan ayı boyunca hamilə qadınlara yemək verməkdən imtina ediblər. Bu da İslamın mahiyyətinə ziddir", - yenə Siddiqinin sözləridir.

Kuala-Lumpurdan olan, hazırda Londonda yaşayan 42 yaşlı iki uşaq anası Anisa Mahmud 2018-ci ildə çalışdığı şirkətin onu ictimai yerdə yemək yediyi üçün işdən qovduğunu deyir. O, həmin vaxt övladını əmizdirirmiş.

"Oruc tutmamaq üçün, əsasən, tibbi baxımdan tutarlı səbəblər var. Ancaq Malayziyada bununla bağlı ciddi anlaşılmazlıq var. Hətta yorğun, yaxud xəstə olsan da, səni utandıracaq və özünü pis insan kimi hiss etmənə çalışacaqlar", - Anisanın dedikləridir.

Ramazan ayında məktəb yeməkxanalarının bağlanması məsələsi qızğın dartışmalar doğurub. Yaxınlarda təhsil naziri Fadlina Sidek parlamentdə yenidən bu məsələni qaldırılıb.

O deyib ki, qeyri-müsəlman şagirdlər yeməkxanalar dura-dura, yeməklərini anbarlarda, yaxud başqa uyğun olmayan yerlərdə yeməyə məcbur edilməməlidir.

Onun bu fikri PAS-ın tənqidi ilə üzləşib.

XS
SM
MD
LG