Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:01

Malidə çox sayda vaqnerçinin öldürüldüyü xəbər verilir


Vaqner muzdluları Malidə
Vaqner muzdluları Malidə

Rusiyada Vaqner özəl hərbi şirkəti öz muzdlularının Afrikanın şimalındakı Malidə, Əlcəzairlə sərhəddə tuareq qəbiləsi qiyamçıları ilə döyüşdə həlak olduqlarını təsdiq edib. Ölənlərin dəqiq sayı açıqlanmır.

Rusiyanın hərbi teleqram kanalları bundan əvvəl Vaqner qrupunun 20-50 arası döyüşçüsünün həlak olduğunu xəbər vermişdilər.

BBC Rus xidmətinin əvvəllər Vaqnerdə xidmət etmiş mənbəyi azı 82 muzdlunun həlak olduğunu deyib. Vaqnerçilərdən bəzilərinin əsir götürüldüyü də xəbər verilib.

Vaqner özəl hərbi şirkətinin “Razqruzka Vaqnera” adlı rəsmi kanalı yazır ki, iyulun 22-dən 27-dək Tin-Zautin yaşayış məntəqəsinin ətraflarında döyüşlər gedib.

Bu döyüşlərdə Mali silahlı qüvvələrinin və Vaqnerin 13-cü hücum dəstəsinin döyüşçüləri iştirak ediblər. Vaqnerçilərə döyüş ləqəbi “Prud” olan Sergey Şevçenko komandirlik edib.

Teleqram kanalındakı məlumatda deyilir ki, Mali-Əlcəzair sərhədinin iki kilometrliyində avtomobil karvanı qum qasırğasına görə dayanmalı olub. Bundan istifadə edən yerli qiyamçılar pusqu qurublar.

Foto və videolar

Vaqner şirkəti ilə bağlı Rusiya kanalları Malidə çəkilmiş fotoları dərc ediblər. Bu fotolarda çox sayda cəsəd və yanmış texnika görünür.

Rusiyanın “Rosiç” kanalı rusiyalı əsirləri görüntüləyən video dərc edib.

Mali qiyamçılarının azı bir Mi-24 helikopterini zədələdikləri məlumdur.

Bu da xəbər verilir ki, həlak olmuş rusiyalıların arasında Grey Zone teleqram kanalının administratoru, “Belıy” və “Pyatisotıy” ləqəbləri ilə tanınan Nikita Fedyanin də var.

Onun ölümü haqqında məlumatı teleqram kanallarından başqa, rəsmi TASS xəbər agentliyi də təsdiq edib.

Fedyanin Ukraynanın Baxmut şəhərinin zəbt olunmasında fəal iştirak etmişdi.

Grey Zone teleqram kanalı Vaqner şikəti muzdlularının Ukraynada, habelə Afrikada apardıqları döyüşlərdən yazır.

Vaqnerə yaxın teleqram kanallarından birinin verdiyi məlumata görə sözü gedən döyüşdə muzdlu komandirlərdən Lotos ləqəbli Anton Yelizarov da həlak olub.

Colonelcassad teleqram kanalı isə yazır ki, Yelizarov əsir düşüb və onu artıq “dəyişiblər”.

Vaqner komandiri barədə rəsmi məlumat hələ ki, yoxdur.

Rusiyanın dəstəklədiyi xunta

Rusiya qüvvələrinin darmadağın edilməsi barədə tuareq qiyamçıları da xəbər veriblər.

Mali separatçı qruplaşmaları alyansının başçısı Mohammed Əlmaulud deyib ki, bu döyüş nəticəsində çox sayda hərbi texnika və silahlar ələ keçirilib.

2022-ci ildə Malidə baş vermiş hərbi çevriliş nəticəsində polkovnik Assimi Qoitanın başçılığı ilə xunta hakimiyyətə gəlib.

Xunta Rusiya ilə yaxşı münasibətlərə malikdir. Bu hakimiyyəti habelə Rusiyanın silahlı strukturları, o cümlədən Vaqner dəstəkləyir.

Vaqner özəl hərbi şirkətinin muzdluları onların başçısı Yevgeni Priqojinin yarımçıq qiyamından sonra Rusiya ordusu ilə müqavilə imzalamayıblar. Onların əksəriyyəti Vaqnerin döyüşdüyü Afrika ölkələrinə gedib.

Rusiyanın rəsmi mediası Vaqnerin Afrikadakı fəaliyyətindən ümumiyyətlə heç nə yazmır.

Tuareqlər kimdir?

Bərbər xalqlarından biri olan tuareqlər bir sıra Şimali Afrika ölkələrində yaşayırlar.

Onların yaşadığı əsas ərazi Niger, Mali, Əlcəzair və Liviya arasındakı torpaqlara düşür.

2012-ci ildə tuareqlər Malinin şimalında Azavad adlı müstəqil dövlət elan etmişdilər.

Lakin hökumət qoşunları tezliklə bu ərazi üzərində nəzarətini bərpa edib. Buna baxmayaraq separatçılar ölkənin şimal hissələrində hələ də fəaldırlar.

Əl-Qaeda və İslam Dövləti ekstremist təşkilatlarına bağlı islamçı qruplaşmalar həm Azavada, həm də hökumət qoşunlarına qarşı döyüşürlər.

Tuareqlər sünni müsəlmandırlar. Lakin tuareq qəbiləsində qadınlar böyük nüfuza malikdirlər və əslində nəsil ana xətti ilə tanınır.

XS
SM
MD
LG