Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:22

Qarşıdakı illərdə manatı gözləyən ssenarilər...


2017-ci ilin martından ölkədə manatın məzənnəsi dəyişmir.
2017-ci ilin martından ölkədə manatın məzənnəsi dəyişmir.

Noyabrın 18-də Milli Məclisdə gələn ilin büdcə zərfi layihələri müzakirə olunarkən Mərkəzi Bankın (AMB) sədri Taleh Kazimov qarşıdakı illərdə də manatın məzənnəsinin sabit saxlanılacağından bəhs edib.

"Gələn il, o biri il üzən (sərbəst) məzənnəyə keçmək kimi məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də, büdcə və ortamüddətli xərclərdə də gördüyünüz kimi, manat/dollarda 1.7 məzənnə proqnozlaşdırılıb. Ortamüddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin olunması üçün əlverişli hesab edirik", - T.Kazımov bildirib.

2017-ci ilin martından ölkədə manatın məzənnəsi dəyişmir, 1 ABŞ dolları 1 manat 70 qəpik həddində qalır.

Bəs hökumət proqnozlarına əməl edə biləcəkmi?

"Sabit ...məhz 1.70 olacağı demək deyil"

İqtisadçı Rəşad Həsənov AzadlıqRadiosuna bildirib ki, sabit məzənnə siyasəti məzənnənin məhz 1.70 olacağı demək deyil: "Sabah qərar qəbul edilə bilər və məzənnə dəyişib yenə də sabit saxlanıla bilər. Yəni, sabit məzənnə məzənnənin səviyyəsi deyil, məzənnə siyasətinin növüdür".

Rəşad Həsənov
Rəşad Həsənov

Azərbaycanda 2015-ci ildə dalbadal baş verən devalvasiyalar nəticəsində manat iki dəfə dəyər itirib. Sonrakı illərdə məzənnədə baş verən dəyişikliklərdə manat bir qədər də dəyər itirsə də, artıq yeddi ildən çoxdur ki, dəyişməz qalıb.

R.Həsənovun vurğulamasına görə, üzən məzənnəyə keçid üçün iqtisadiyyatın rəqabətli mühiti formalaşmalıdır, iqtisadiyyatın resurslardan asılılığı azalmalıdır: "İxracın yenə də 85-90 faizini neft-qaz gəlirləri formalaşdırır. Qeyri-neft-qaz ixracında struktur baxımından yenə resurs və enerji gəlirləri üstünlük təşkil edir. Belə bir şəraitdə üzən məzənnə Azərbaycanda bazarlarda ciddi volatilliyə (dəyişkənliyə) gətirib çıxara bilər. Neftin qiyməti düşərsə, insanlar həyəcanlanıb dolların kütləvi alışına, neftin qiyməti qalxarsa isə, satışına keçə bilər".

İqtisadçı hesab edir ki, nə vətəndaş, nə dövlət, nə də biznes son 30 il ərzində sərbəst məzənnə rejimi mühitində fəaliyyət göstərmə bacarıqlarına yiyələnə bilib: "Üzən məzənnə rejiminə keçidin pozitiv tərəfləri iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, yerli malların xarici bazarlarda əlverişli şəraitdə satılması imkanı yaratmasıdır. Amma digər tərəfdən, bu, özü-özlüyündə inflyasiya dinamikasına təsir göstərə bilir. Bu gün hökumətin əlində inflyasiya təsir göstərəcək yeganə ciddi alət elə sabit məzənnədir".

XS
SM
MD
LG