Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:33

Miyankü kəndində valideynlər uşaqları məktəbə buraxmaq istəmir


Astarada orta məktəb, 2016
Astarada orta məktəb, 2016

Masallının Miyanku kənd məktəbində qaz verilişi bərpa edilməsə, ata-analar uşaqlarını məktəbə getməyə qoymayacaqlarını deyirlər

“Noyabrın 25-də məktəbin qazını kəsiblər. Qazın verilişi bərpa olunmasa, uşaqlarımızı evdən buraxmayacağıq. Uşaqlarımızın təhsildən yayınmasının məsuliyyəti hökumətin üzərində olacaq”.

“Məktəbi həmkəndlimiz olan işadamı...”

Masallının Miyanku kənd məktəbinə mavi yanacaq verilişinin dayandırılması həmin məktəbdə təhsil alan şagirdlərin valideynlərini dilə gətirib. Onlar AzadlıqRadiosuna bildiriblər ki, məktəbdə istilik bərpa olunmasa, uşaqlarını məktəbə buraxmayacaqlar. Kənd sakini Həsən Abdıyev:

Azərbaycanda məktəb
Azərbaycanda məktəb

“Hökumət bu məktəbə bircə partanı da çox görüb. Məktəbi həmkəndlimiz olan bir işadamı öz gücünə və bacardığı qədər abad eləyib, məktəb şəklinə salıb. Avadanlığı da o alıb. Heç olmasa, hökumət də istiliyini kəsməsin. Vətəndaşlar hər şeyi öz güclərinə düzüb-qoşduqları yerdə hökumət gəlib hər şeyə bir əngəl qoyur”.

Uşaqlar var, şərait yoxdur?

Kənd sakini Kamil Həsənov deyir, bütün çətinliklərə baxmayaraq, bu məktəbin şagirdləri hər il ölkədaxili tədbirlərdə birincilər sırasında olurlar. Bütün qayğılardan uzaq düşən bu məktəbin məzunları arasında vaxtaşırı ən yüksək balla ali məktəblərə qəbul olunanları da var. Necə deyərlər, “uşaqlar var, şərait yoxdur”:

“Bax, davamiyyət əla idi. Uşaqlar dərsə gedib-gəlirdilər. İndi qazı kəsdilər, davamiyyət pozuldu. Bunu kim etdi? Qaz idarəsi. Borc var? İdarə getsin, problemi təhsil şöbəsi ilə dartışsın. Uşaqları soyuqda qoymaq nə deməkdir? Səhər gedib görüblər məktəb buz kimidir, sinifdə otura bilməyiblər, dönüb çıxıb gəliblər evə... Bu məsələ bir neçə gün çəkəcək, ancaq sonra şagirdlərin davamiyyətini bərpa etmək həftələr sürəcək”.

“Məsələni araşdıracağıq”

Masallı rayon icra hakimiyyətində jurnalistlərlə görüş 17 aprel 2013
Masallı rayon icra hakimiyyətində jurnalistlərlə görüş 17 aprel 2013

Valideynlər məktəbə mavi yanacağın verilişini tələb edirlər.

Masallı rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, məktəbə qaz verilişinin dayandırılmasından məlumatsızdırlar:

“Bu məsələni qaz idarəsi ilə təhsil nazirliyi öz arasında həll etməlidir. Bütün hallarda məktəb istiliksiz qala bilməz. Ən azı, alternativ variant olmalıdır. Məsələni araşdıracağıq”.

Miyanku dağlıq kənddir, qışı da sərt keçir.

"Gəlib qazı kəsib gediblər"

Yazı saytda dərc olunandan sonra Miyankü kənd məktəbinin direktoru olduğunu iddia edən şəxs AzadlıqRadiosuna zəng edib.

O yazıda adları çəkilən şəxslərin yaşamadığını və heç bir sakin də məktəb qarşısında şərt qoymadığını deyib. Amma o, məktəbdə qaz probleminin olduğunu təsdqləyib:

-Gəlib qazı kəsib gediblər. Düzdür, düzgün hərəkət etməyiblər. Xəbərdarlıqsız gəlib kəsiblər.

- Səbəb nədir?

- Sənədləşmə məsələsi ilə bağlıdır. Ancaq mən bu kənddə yaşayanam, burda elə adda adamlar yaşamır. Xahiş edirəm təkzib edəsiz.

- Ola bilsin ki adamlar adlarını şərti bildriblər. Əsas odur problemi düzgün bildiriblər . Siz də təsdiqlədiz ki problem var. Zəhmət olmasa siz də ad familiyanızı qeyd edin.

- ad familiyama ehtiyac yoxdur- deyə həmin şəxs bildirib.

XS
SM
MD
LG