Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:34

Gəgirana gedən yolda adamlar niyə ölür?


Lənkəran regionunda yol.
Lənkəran regionunda yol.

"Yol iş deməkdir, yol çörək, qazanc deməkdir, yol rahatlıqdır, ancaq bizdə bunların heç biri yoxdur. Çünki yolumuz yoxdur".

Lənkəranın Gəgiran kəndinin sakinləri hökumətdən yol və nəqliyyat tələb edir. Onlar AzadlıqRadiosu-na yolsuzluğun yaratdığı çətinliklərdən danışırlar.

Buna da bax:​ Sürüşdükcə yaxınlaşan evlər

“MAŞIN O QƏDƏR ATIB-TUTDU Kİ, BEYNİNƏ QAN SIZDI”

Kənd sakini Elsevən Şıxəliyev deyir, rayon mərkəziylə kənd arasındakı məsafə 20 kilometrdir. Ancaq bu məsafəni qət etmək hər sürücünün də işi deyil. Kənddən rayon mərkəzinə, yaxud da əks istiqamətə hərəkət edən avtomobillər tez-tez qəzaya məruz qalır, ölüm-itim olur. Səbəb yolların bərbadlığıdır:

“Yolu UAZ-la qalxırıq, adambaşına 5 manata aparır. Tək gedirsənsə, 20 manat verməlisən. Maşın yollarda dağılır deyə, kənardan heç kəs kəndə qonaq gəlmir. Yolsuzluğa görə heç kəs burda yaşamaq istəmir. Əhalinin sayı sürətlə azalır. Adamlar gedib orda-burda şüşə kimi yolu görəndən sonra bura qayıtmaq istəmir. Kənddə xüsusilə cavan adam qalmayıb, hərə bir tərəfə dağılışıb. Bir müddətdən sonra eşitsəniz ki, Gəgiran tamamilə boşalıb, təəccüblənməyin”.

Kənd sakini Əlikram Həsənov deyir, rayon mərkəzinə götürülməli olan xəstələr yoldaca keçinir:

Buna da bax:​ Qocalar evindəki pilləkənin altında məskunlaşıb

"3 il əvvəl qardaşım qızının təzyiqi qəfil qalxdı, halı pisləşdi, UAZ çağırdıq, uzatdıq, apardıq. Yolda maşın o qədər atıb-tutdu ki, beyninə qan sızdı, yoldaca keçindi. Bu yol ölüm mənbəyidir. O qədər əzizlərimizi əlimizdən alıb ki..."

“LAYİHƏYƏ SALINIB”

Gəgirana aparan yoldan ötən, az qala, hər bir kəndlinin bu yolla bağlı acı xatirəsi var. Kimisinin əzizi həyatını itirib, kimisi özü qəzaya düşərək əlilə çevrilib...

Sakinlər dəfələrlə rəsmi qurumlara müraciət ediblər. İllərdir ki, onlara "azca da səbir edin" deyilib, hələ də deyilməkdədir.

Buna da bax: 'Tavandan bir ilan qıvrıldı düşdü stolun ortasına'

Lənkəran şəhər icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, sakinlərin gözləməkdən başqa çarəsi yoxdur: "Ucqar kənddir, belə kəndlərin yol infrastrukturunu qurmaq bir az qəlizdir. Ancaq layihəyə salınıb, yaxın vaxtlarda gəgiranlıların da yolu olacaq".

Gəgiranın əhalisinin ümumi sayı 4 min nəfər civarındadır. Kəndlilər əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar, daha doğrusu, olmağa çalışırlar. Yolsuzluq kəndlilərə hansısa işin qulpundan yapışmaqda əngəldir. Onlar düşünürlər ki, yol olarsa, kənddən başqa yerlərə köçetmənin də qarşısı alınar.

XS
SM
MD
LG