Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:41

Müstəqilliyi olmayan, qərarları icra edilməyən korrupsiyalı məhkəmələr


Ticarət Mərkəzi nədən yandı?
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

Ticarət Mərkəzi nədən yandı?

Bakıda 72 yaşlı Qəhrəman Adıgözəlov, prezident İlham Əliyevə təklif edir ki, əgər məhkəmə-hüquq sahəsində islahat aparmaq istəyirsə, onda məhkəmə qərarlarının icrasından başlasın.

Məhkəmə-hüquq sahəsində çox ciddi islahatlara ehtiyac olduğunu və bununla bağlı göstərişlər verdiyini prezident İlham Əliyev martın əvvəlində, mədəniyyət işçiləri ilə görüşündə deyib.

Qəhrəman Adıgözəlov isə deyir ki, Azərbaycan məhkəmə sistemi onu 26 ildir ki, süründürür. Ona məxsus mülkü başqasından geri almağa kömək etmir.

Əlacı kəsilən Qəhrəman Adıgözəlovun Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Bu məhkəmədə də onun xeyrinə qərar çıxarılıb. Amma dediyinə görə, Azərbaycan məhkəmə icraçıları Avropa Məhkəməsinin də qərarını saya salmır:

“Qərar olmaqla deyil ki... İcra olunmur. Məhkəmə icraçıları qanunu pozurlar. Hakimi də görə bilmirəm. Gedirəm yanına, heç vaxt yerində olmur…”

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, məhkəmə qərarlarının icrası məhkəmə-hüquq sistemində olan problemlərdən biridir.

Onun sözlərinə görə, hazırda mediada gedən yazılardan və rəsmilərin çıxışlarından belə məlum olur ki, hakim qərarlarının yalnız 30 faizi icra olunur:

“Məhkəmə qərarlarının icrası çox dərin problemdir. O da bir problemdir ki, biz elektron hökumət sistemində qərarların icrasının durumunu aydın görə bilmirik. Bu da məhkəmə hüquq sisteminin şəffaflıq baxımından axsadığını göstərir. Dövlətin qərarların icrasını təmin etməsi, həmin qərarın nə qədər obyektiv olmasından da aktualdır”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ələsgər Məmmədli deyir ki, bir çox hallarda məhkəmə qərarlarının icra olunmamasının bir səbəbi də rüşvət və korrupsiyadır. Onun sözlərinə görə, ölkədə idarəetmə sistemi korrupsiyalaşıb, ədliyyə də bu sistemin bir hissəsidir.

ABŞ Dövlət Departamentinin bu ilin əvvəli açıqladığı insan haqlarına dair hesabatına görə də, bütün hüquq-mühafizə sistemində korrupsiya və cəzasızlıq sistematikdir və geniş yayılıb.

Keçən ilin sentyabrında Məhkəmə-Hüquq Şurasının müşavirəsində nazir Fikrət Məmmədov da deyib ki, son 14 ildə 100-dən çox hakim işindən kənarlaşdırılıb, buna səbəblərdən biri də korrupsiyadır.

Nazirliyin məlumatına görə, hakimlər "nöqsan və pozuntulara yol verdikləri" üçün məhkəmə sistemindən uzaqlaşdırılıb, bəziləri isə korrupsiya səbəbindən ciddi intizam məsuliyyətinə cəlb edilib.

Vəkil Adil İsmayılov, martın 25-də Facebook səhifəsində yazır ki, 2011-ci ildə ölkədə növbəti dəfə korrupsiya ilə mübarizə və məhkəmə-hüquq islahatlarının anonsu verilmişdi. Bundan ruhlanan bir qrup vəkil ölkə başçısına müraciət hazırlamışdı, amma nəticəsiz qaldı.

Hakimlərin müstəqilliyindən başlamaq lazımdır

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, bu dəfə hansısa dəyişikliyin ediləcəyinə ümid etmək olar, çünki bu dəfə müraciət aşağıdan yuxarı edilməyib. Prezident özü təşəbbüs göstərib.

Hüquqşünas deyir ki, islahat aparılacaqsa, hakimlərin müstəqilliyindən başlamaq lazımdır.

Əgər hakimlər İcra strukturları tərəfindən təyin olunur və vəzifəsindən azad olunursa, Məhkəmə Hüquq Şurasının sədri ədliyyə naziridirsə, əlbəttə ki, hakimlərin müstəqilliyi yoxdursa, müstəqil olmayan hakimə siyasi basqılar, başqa təzyiqlər də olacaq.

Bəzi hüquq müdafiəçiləri Azərbaycan həbsxanalarında hələ də təqribən 70 siyasi məhbusun olduğunu, hakimlərin siyasi hakimiyyətin təsiri altında qərar çıxardığını deyirlər. Hərçənd hakimiyyət ölkədə siyasi məhbusların olmadığını bildirir.

Prezident İlham Əliyev isə təzə il başlanandan bir sıra başqa sahələrdə də islahatlar aparılacağını vəd edir.

Bu islahatların mümkün olacağına inananlar da var, bu vədlərin ən yaxşı halda kosmetik dəyişikliklə nəticələnəcəyini deyənlər də.

XS
SM
MD
LG