Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:47

İctimai xadimlər prezidentdən Mehman Əliyevin azadlığını istədilər


Mehman Əliyev
Mehman Əliyev

«Biz cəmiyyətin yaxşı tanıdığı bır jurnalistin taleyindən narahatlığımızı ifadə edirik. İstintaqın obyektiv aparılmasına və Mehman Əliyev barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyinizi xahiş edirik».

Azərbaycanın bir qrup ictimai xadiminin və bəzi deputatların hazırda həbsdə olan «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı prezident İlham Əliyevə ünvanladığı müraciətdə belə yazılır.

***Buna da bax-Heydər Əliyev 'Mehman Əliyevə görə' iki il bir vəzifəni boş saxladı

«Amerikanın səs»nin xəbərinə görə, müraciəti Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli və Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev imzalayıblar.

Müraciət müəllifləri arasında bəzi deputatların, kinorejissor, ssenarist Ramiz Fətəliyevin, «Xəzər» Universitetinin rektoru Hamlet İsaxanlı və keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun da adının olduğu bildirilir.

«Biz, Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq, Sizdən artıq dərəcədə xahiş edirik ki, Mehman Əliyevin işini diqqətə götürəsiniz. Bu şəxsin ölkə mətbuatının inkişafında böyük xidmətləri var. O, nüfuzlu jurnalist və media eksperti kimi dünyada tanınır. Mehman Əliyev özü və başçılıq etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb», - sənəddə qeyd edilir.

Mehman Əliyev həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

«XOCALI FACİƏSİNİ DÜNYAYA İLK «TURAN» ÇATDIRIB»

Müraciət müəllifləri vurğulayırlar ki, «Turan» agentliyi Azərbaycan ətrafında yaranmış informasiya blokadasının yarılmasında və Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb:

«Xocalı faciəsi barədə dünyaya ilk məlumatı məhz «Turan» agentliyi çatdırıb. Həmin faciə haqqında çəkilmiş «Sonsuz dəhliz» filmində «Turan»ın nadir arxiv sənədlərindən və agentliyin əməkdaşlarının yaradıcı dəstəyindən geniş istifadə edilib. Bu beynəlxalq layihə sayəsində dünyada yarım milyarddan çox insan Xocalı faciəsi barədə məlumatlandırılıb».

***Buna da bax-WP: Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası

Müraciətdə həmçinin qeyd edilir ki, M.Əliyevin istintaqdan yayınma ehtimalı ilə həbsdə saxlanılması inandırıcı deyil:

«Çünki ilk gündən o, istintaqdan boyun qaçırmayıb, əksinə, onunla əməkdaşlıq edib».

Bir müddət əvvəl M.Əliyevin azadlığa buraxılması istəyi ilə bir qrup hüquq müdafiəçisi, jurnalist təşkilatlarının rəhbərləri və Mətbuat Şurası da prezidentə müraciət etmişdilər.

ABŞ Dövlət Departamenti və bir sıra ölkələrin xarici işlər nazirliyi də Azərbaycan hakimiyyətini M.Əliyevi dərhal azadlığa buraxmağa səsləyib.

Mehman Əliyevin müdafiəsi ilə bağlı toplantı keçirildi
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

XATIRLATMA

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Bundan bir gün əvvəl isə o, şübhəli şəxs qismində saxlanmışdı.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları hələ də istintaqa çağırılmaqdadırlar.

XS
SM
MD
LG