Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:37

Vitse-prezidentə müraciətlər başladı


Faba Nuriyev
Faba Nuriyev

«24 yaşından yataqdayam. Artıq 27 yaşım var. Çöl-küçə görmürəm. Həyat hələ qarşıdadır, mənsə canımdan bezmişəm. Nə yaşım var ki, ömrümün sonunadək yataqda keçirim…».

Cəlilabad sakini Faba Nuriyevi 3 il əvvəl maşın vurub. Məhkəmə hadisəni törədən sürücüdən zərərçəkmişə 1600 manat təzminat ödətdirib. Lakin nə dövlət, nə də özəl xəstəxanalar sağlamlığının bərpasına 10 min manatlarla pul xərcləyən Nuriyevlər ailəsinin gənc üzvünü sağalda bilib. Sol ayağı funksiyasını itirib.

«TƏQAÜD HEÇ DƏRMANLARIMA ÇATMIR»

Faba Nuriyev 2-ci qrup əlildir. İstədiyi də odur ki, dövlət ya ayağının əməliyyatına köməklik etsin, ya da ona 1-ci qrup əlillik dərəcəsi təyin olunsun: «110 manat təqaüd alıram. Heç dərmanlarıma da çatmır. Hara müraciət edirəmsə, deyirlər, bunun əməliyyatı Azərbaycandan kənardadır. Dövlətdən istədiyim odur ki, ilk növbədə əməliyyatıma maddi yardım etsin. Əgər bundan imtina edirsə, heç olmasa, mənə 1-ci qrup əlillik təyin olunsun ki, aldığım təqaüd dərmanlarıma yetsin. Mənim xəstəliyim 2-ci yox, 1-ci qrup əlilliyə aiddir».

Əlil dəfələrlə Səhiyyə Nazirliyinə müraciət edib. Nazirlik onu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yönəldib. Oradansa əlilə şifahi bildirilib ki, müalicəsi Türkiyədə mümkündür. Ailəninsə maddi imkanı buna yol vermir: «İndiyədək prezidentə dəfələrlə müraciətlərim olub, ancaq heç birinə cavab almamışam. İndi də vitse-prezidentə müraciət edirəm. Həyatı qarşıda olan bir gəncin məhv olmasına imkan verməsin. Ya xaricdə müalicəmə, ya da mənə düşən 1-ci qrup əlilliyin təyin olunmasına kömək eləsin».

«RƏSMİ MÜRACİƏT ETSƏ, BAXILAR»

Səhiyyə Nazirliyindən «Qaynar xətt»ə bildirilib ki, Faba Nuriyev ölkədən xaricdə müalicə və əməliyyat olunmaq üçün quruma rəsmi müraciət etsə, baxılar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, Faba Nuriyev müvafiq müayinələrdən keçib topladığı sənədlərlə elektron müraciət etməlidir. Əgər uyğun olsa, onun əlillik dərəcəsi dəyişdirilər.

Fevralın 21-də prezident İlham Əliyev xanımı Mehriban Əliyevanı 1-ci vitse-prezident təyin edib. Hakimiyyət təmsilçiləri bunu alqışlasalar da, müxalifət «sülalə hakimiyyətinin, bir ailənin hegemonluğunun rəsmiləşdirilməsi» adlandırıb.

XS
SM
MD
LG