Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:42

Mehriban Əliyeva: 'Etimadı doğruldacağam'


Təhlükəsizlik Şurasının iclası - 21 fevral 2017
Təhlükəsizlik Şurasının iclası - 21 fevral 2017

«Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır. Mehriban Əliyeva 2005-ci ildən Milli Məclisin deputatıdır və deputat kimi çox böyük işlər görüb».

Prezident İlham Əliyev fevralın 21-də Azərbaycanın birinci vitse-prezidenti təyin etdiyi Mehriban Əliyevanı Təhlükəsizlik Şurasının iclasında təqdim edərkən belə deyib.

Ölkə başçısı M.Əliyevanın uzun illərdir ölkənin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynadığını vurğulayıb. Onun deməsinə görə, M.Əliyeva əhalinin sosial-iqtisadi problemlərinin həllidə çox mühüm addımlar atıb, seçicilərlə daim təmasda olub.

Buna da bax-'Qatar artıq gedib. Paşayevlər qələbə qazanıblar'

«Onun deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb. 2004-cü ildən Heydər Əliyevin adını daşıyan Fondun prezidentidir. Bu Fond onun rəhbərliyi altında nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilib», - prezident qeyd edib.

Birinci vitse-prezident isə ölkə başçısına göstərdiyi yüksək etimada görə minnətdarlıq edib.

Mehriban Əliyeva
Mehriban Əliyeva

«Öhdəmə düşən məsuliyyətin ciddiliyini tam dərk edirəm. İnanıram ki, sizin və mənə inanan bütün insanların etimadını doğruldacağam», - deyən M.Əliyeva qazandığı bütün uğurların arxasında ölkə başçısının dəstəyinin dayandığını vurğulayıb.

«Azərbaycan xalqı ilə birliyiniz mən və mənimlə çalışan insanlar üçün bir nümunə idi. Biz fəxr edirik ki, ölkəmizdə baş verən dəyişikliklərə, inkişafa, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına az da olsa, töhfəmizi verməyi bacarmışıq», - o deyib.

Buna da bax-Heydər Əliyev Fondunun Rumıniyadakı qaranlıq biznesi

M.Əliyeva Heydər Əliyev Fondundakı fəaliyyətindən, həyata keçirdikləri layihələrdən bəhs edib: «13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç vaxt biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olanlara kömək etmək, mənəvi dəstək vermək fondun hər bir əməkdaşının birbaşa vəzifəsi olub. Bu, bütün dövlət qurumlarında çalışanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır».

M.Əliyeva prezidenti əmin edib ki, gələcək fəaliyyətində ölkənin və xalqın maraqlarını hər şeydən üstün tutacaq.

Mehriban Əliyeva fevralın 21-də Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

XS
SM
MD
LG